Məhkəmə qərarları › İş №3(011)-1770/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1770/2022

18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1770/2022 18.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Masallı rayonu, Babinur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 12.04.2022-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş 28.04.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 aprel 2022-ci il tarixdə saat 19:00 radələrində idarə etdiyi “Opel Astra minik” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilini Nargilə dairəsi adlanan ərazidə yolun kənarında saxlamış və qəfildən avtomaşının qapısını açaraq yerə enmək istəyən zaman “Hyundai İX35” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil qapıya çırpılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 02 aprel 2022-ci il tarixdə saat 19:00 radələrində idarə etdiyi “Opel Astra minik” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilini Nargilə dairəsi adlanan ərazidə yolun kənarında saxlamış və qəfildən avtomaşının qapısını açaraq yerə enmək istəyən zaman “Hyundai İX35” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil qapıya çırpılmışdır. Beləliklə o, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslərə və inzibati xəta haqqında protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 04 aprel 2022-ci il tarixli 343 saylı ekspert rəyinin surətindən görünür ki, azyaşlı S.M.Babayevin bədənində müəyyən edilmiş xəsarət – başın sağ alın gicgah nahiyəsində hematoma küt əşyanın təsirindən törənmişdir, qərarda göstərildiyi kimi 02.04.2022-ci il tarixdə və şəraitdə, yəni sərnişin qismində hərəkətdə olan minik avtomobilin, digər avtomobillə toqquşması nəticəsində törənə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 04 aprel 2022-ci il tarixli 341 saylı ekspert rəyinin surətindən görünür ki, azyaşlı S.M.Babayevin bədənində müəyyən edilmiş xəsarət – başın alın nahiyəsində hematoma küt əşyanın təsirindən törənmişdir, qərarda göstərildiyi kimi 02.04.2022-ci il tarixdə və şəraitdə, yəni sərnişin qismində hərəkətdə olan minik avtomobilin, digər avtomobillə toqquşması nəticəsində törənə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 12.04.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, sonuncunun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin 28.04.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan aydın olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddələr ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. X1 izahatından görünür ki, o, 02.04.2022-ci il tarixdə “Hyundai İX35” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X5 və X2 avtomobildə olmuşlar. O, hərəkətdə olan zaman Opel markalı avtomobil qəflətən qapını sürətlə açmış və bu zaman o, həmin avtomobilin qapısına vurmuşdur. Avtomobilin içərisində olan övladlarının başları birbirinə dəydiyindən ağladıqları üçün düşünmüşdür ki, onlar xəsarət alıblar. Lakin övladları xəsarət almamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, onun izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar