Məhkəmə qərarları › İş №3(011)-1771/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1771/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1771/2020 13.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, X1nun, Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, X6 Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X13 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək onun əsasında xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 1700 (min yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qərəzli, qanunsuz və əsasız olmuşdur. Tərəfindən işə götürülmüş vətəndaş X2 işdən azad olunması haqqında xx.xx.2020-ci il tarixli, 13 saylı xitam əmri sənədlərdə baş vermiş texniki səhv olmuş, sənədlər yenidən işlənməklə vətəndaş müvafiq əmrlə işə bərpa olunmaqla elektron sistemə daxil edilmişdir. Tərəfindən heç bir inzibati xətaya yol verilmədiyi halda barəsində uydurma protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Hesab edir ki, qərar qanunsuz olduğundan ləgv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xx xxxxxx 2019-cu il tarixli, QTŞ-260 saylı (Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə) Qərarı ilə “Piano” şadlıq sarayında işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılmışdır. xx.xx.2020-ci il tarixli, 01 əmrlə “Piano” Şadlıq Sarayında aparılan yoxlama ilə əlaqədar fəaliyyət dayandırıldığından 21 nərəf işçi (həmçinin X4) şadlıq sarayı fəaliyyətini bərpa edənə qədər öz hesablarına məzuniyyətə buraxılmışdır. Şadlıq sarayının fəaliyyəti dayandırılsa da işçilərin əmək müqavilələri qüvvəsində saxlanılmış, fəaliyyətinə icazə verilmiş işçilərin əmək haqları ödənilmiş və sosial ödənişləri tərəfindən tam şəkildə dövlət büdcəsinə mədaxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamından irəli gələn pandemiyadan zərərçəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədi ilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində may, iyun ayları üçün bütün işçilərə, həmçinin X3 may ayı üçün 142,80 manat, iyun ayı üçün 141,20 manat məbləğində birdəfəlik ödəmə tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xx xxxx 2020-ci il tarixli, YPK/0079-20 saylı (yoxlamanın nəticələri üzrə) Qərarı ilə “Piano” şadlıq sarayının fəaliyyətinə icazə verilmiş, QTA-nin xx xxxxxx 2019-cu il tarixli, QTŞ-260 saylı (Məhdudlaşdırıma tədbirlərin tətbiqi barədə) Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Bütün qeyd etdikləri xüsusatlara əsasən hesab edir ki, barəsində mövcud şəraitdə tərtib olunmuş xx.xx.2020-ci il tarixli protokol və onun əsasında xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsasız olduğundan ləgv edilərək inzibati icraata xitam verilməlidir. X1 şikayətinin hüquqi əsası kimi İXM-nin 8, 84.1, 111, 128.1, 130.1, 135.1.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verib əmrin yalnış olmasının texniki səhv olduğunu, bunun mühasibin səhvi nəticəsində baş verdiyini qeyd edərək şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 şikayətin əsassız olduğunu qeyd edərək bildir ki, X2 əmək müqaviləsinə xitam verilərkən sonuncunun xahişi nəzərə alınması qeyd edilmiş, lakin X2 əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənə müraciət etməsi barədə hər hansı sənəd olmamış, həmçinin, X4 dövlət qulluqçusu olmadığı halda onun əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilməklə xitam verilmişdir. Bu səbəbdən şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin, inzibati orqanın nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə xx xxxxxx 2019-cu il tarixli, QTŞ-260 nömrəli qərarının surətindən görünür ki, fiziki şəxs X9 məxsus Bakı şəhəri Nizami rayonu Babək prospekti 5 A ünvanında yerləşən “Piano” şadlıq sarayına baxış keçirilmiş, baxış zamanı sahibkar tərəfindən “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinin tələblərinin pozulması halları aşkar olunmuş və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən “Piano” şadlıq sarayında işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılmışdır; Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin yoxlamanın nəticələri üzrə xx xxxx 2020-ci il tarixli, YPK/0079-20 nömrəli qərarının surətindən görünür ki, fiziki şəxs X9 məxsus Bakı şəhəri Nizami rayonu Babək prospektində fəaliyyət göstərən “Piano” şadlıq sarayında aşkar edilmiş nöqsanlarla bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, QTŞ-260 nömrəli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərarı qüvvədən düşmüş hesab edilmiş və yoxlamanın nəticələri qənaətbəxş hesab edilmişdir; Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən fiziki şəxs X9 ünvanladığı xx xxxxxx 2020-ci il tarixli bildirişdən görünür ki, X13 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli protokola əsasən inzibati xəta haqqında işə baxılması xx.xx.2020-ci il tarixə saat 11:30-a təyin olunmuş, o, qeyd olunan vaxtda inzibati xəta haqqında icraat aparılan şəxs qismində Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinə dəvət olunmuş, ona özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi və iş üzrə onda olan bütün sübutların təqdim olunması təklif olunmuş və o, gəlmədiyi və işə baxılmasının təxirə salınması haqqında vəsatəti verilmədiyi təqdirdə inzibati xəta haqqında işə İXM-nin 63.1-ci maddəsinə əsasən iştirakı olmadan baxılması barədə xəbərdar olunmuşdur; X2 Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinə verdiyi xx.xx.2020-ci il tarixli izahatının surətindən görünür ki, N.O.İbrahimova həmin izahatında, xx.xx.2019-cu il tarixdən bu günədək “Piano” şadlıq sarayında işlərin dayandırılması ilə əlaqədar 2020-ci ilin yanvar ayından iş olmadığından bu günədək faktiki olaraq işləmədiyini, şadlıq evinin fəaliyyəti olmadığından dəfələrlə ora getdiyini və boş dayanma ilə ilə əlaqədar müəssisənin rəhbəri X9 müraciət etdiyini, lakin X13 tərəfindən işləmədiyindən pulun olmadığını və pul olacağı təqdirdə pul veriləcəyini bildirildiyini, lakin bu günədək yalnız may ayında onu cağıraraq kart təqdim etdiyini və aprel, may aylarında 284 manat kartdan pul götürdüyünü, bundan əlavə ona heç bir ödənişin edilmədiyini bildirmişdir; Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X13 tərəfindən X2 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyindən X13 barəsində İXM-nin 192.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki,X13 İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 1700 (min yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin: 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 dövlət qulluqçusu olmamış, buna baxmayaraq X4 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə xitam verilməli olduğu halda bu edilməmiş, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarına əsasən xitam verilmiş və bu barədə bildiriş sistemə daxil edilmişdir. X13 bunun texniki səhv olaraq edildiyini, mühasibin səhvi nəticəsində baş verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, həmin hal X6 məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edilən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman səlahəyyətli orqan tərəfindən hər hansı qanun pozuntusuna yol verməmiş, şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, inzibati tənbehin vermə haqqında qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 11 saylı Regional Ekologiya və X12 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar