Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1778/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, X1 iştirakı ilə X2 Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB tərəfindən qəbul edilmiş 29.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB tərəfindən qəbul edilmiş 29.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 29 noyabr 2020-ci il tarixdə səhər saat 10- 11 radələrində yaşadığı binadan çıxarkən Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinin post-patrui xidməti əməkdaşları maska taxmadığı üçün onu polis bölməsinə aparmışlar. Orada növbətçi hissədə onun adı, soyadı və yaşadığı ünvanı soruşulmuş, onlara dəqiq cavab vermişdir. Ona maska taxmadığına görə cərimə olunacağı bildirilmiş, onlara cərimə olunmağına dair qərarın surəti ona göndəriləndə cəriməni ödəyəcəyini demişdir. Həmin vaxt maska cibində olmuş, onların tələbinə maşınla bölməyə gedərkən əməl etmişdir. Oradan buraxıldıqdan sonra evinə gəlmiş, gözləsə də ona qərar göndərməmişlər. 26 dekabr 2020-ci il tarixdə yaşadığı binanın yaxınlığında olan “Araz” marketdə yerləşən terminal aparat vasitəsilə DİN-nin saytına daxil olub, adına cərimə olmasını yoxlamış, yoxlama zamanı 29 noyabr 2010-cu il tarixdə Xətai rayon 35-ci polis bölməsinin əməkdaşları Mahir Rüstəmov tərəfindən 100 manat, Pərviz Cümşüdov tərəfindən isə 400 manat cərimə yazıldığını öyrənmişdir. 28 dekabr 2020-ci ildə 102 xidmətinə zəng etmiş, ona cavab verən əməkdaş onun anket məlumatlarını götürdükdən sonra onunla əlaqə saxlanılacağını demişdir. Bundan təxminən 30 dəqiqə sonra ona 35-ci polis bölməsindən zəng edərək ona 29.11.2020-ci ildə yazılmış 100 manat cərimə maska taxmadığına görə olmasını, amma 400 manat cərimənin isə mexaniki səhv olmasını, buna görə üzrlü saymasını və bir neçə günə bu 400 manat cərimənin silinəcəyini demişlər. Artıq üstündən 10 gün keçəndən sonra polis bölməsinin ona 400 manat cərimə yazan vətəndaşı Pərviz Cümşüdova zəng etmiş, sonuncu ona cərimənin 10 günün içərisində silinəcəyini demişdir. Artıq üstündən xeyli müddət keçməsinə baxmayaraq həmin cərimə sistemdən silinməmişdir. Bildirirəm ki, eyni gündə, eyni əmələ görə iki cərimə yazılmış, hansı ki, 400 manat cərimədən əsla onun xəbəri olmamışdır. Belə ki, eyni gündə ona iki dəfə cərimə yazılmışr və ona heç bir məlumat verilməmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq tərtib edilmiş protokolların surətini polis bölməsindən ala bilməmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmiş, ordan da müsbət nəticə əldə olunmamış, ona məhkəməyə müraciət etməyini bildirmişlər. 2-ci qrup əlildir, ayda 130 manat pensiya alır, başqa heç bir qazancı yoxdur, yəni işləmək iqtidarında deyil, əməliyyat olunmuşdur, ağ ciyərinin sol payı tamamilə götürülmüşdür. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək mübahisələndirdiyi qərarı 03.05.2021-ci il tarixdə əldə etdiyini, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmadığını, şikayət vermə müddətini ötürmədiyini bildirərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 29.11.2020-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən, X2 barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur; Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB tərəfindən qəbul edilmiş 29.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nin 211.1-ci maddəsinin tələblərini pozması əsas gətirilməklə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X2 tibbi maskadan əsas gətirilməklə İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Şikayətçi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmadığını bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 29.11.2020-ci il tarixli, MN ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilərək qəbul edilmişdir. Bundan əlavə, qərar qəbul edilərkən şikayətçinin iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş 29.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhəri Xətai RPİnin 35-ci PB tərəfindən qəbul edilmiş 29.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB tərəfindən qəbul edilmiş 29.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1778/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1778/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver