Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1792/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, X1 iştirakı ilə, X3 723 saylı YPX postun Vİİİ Tağım Yol patrul xidməti inspektoru polis baş serjantı Xaliq Həsənov tərəfindən qəbul edilmiş 22 aprel 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X4 məhkəməyə müraciət edərək, 723 saylı YPX postun Vİİİ Tağım Yol patrul xidməti inspektoru polis baş serjantı Xaliq Həsənov tərəfindən qəbul edilmiş 22 aprel 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmşdır ki, 22 aprel 2021-ci il tarixində Bakı şəhərindən Gəncə şəhərinə vəzifə öhdəlikləri ilə əlaqədar çalışdığı şirkətə məxsus avtonəqliyyatda sərnişin qismində olduğu zaman, həmin avtomobil Gəncə şəhərinin girişində tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin olunduğu və avtomobil yollarından istifadə qaydalarının pozulmadığına baxmayaraq, 723 saylı YPX postun Vİİİ Tağım Yol patrul xidməti inspektoru polis baş serjantı X6 tərəfindən saxlanılmışdır. Yaxınlaşdıqda özünü təqdim edərək, avtomobilin saxlanılma səbəbi kimi guya tibbi maskasız olduğunu bildirmişdir. Avtomobil saxlanıldığı zaman tibbi maska üzündə olmuşdur. Buna baxmayaraq inpektor bildirmişdir ki, maska taxmadığına görə protokol tərtib olunacaq. Öz növbəsində, inspektora maska üzündə olduğunu və bununla bağlı protokol tərtib olunmasına öz etirazını bildirmişdir. Daha sonra, həmin inspektor protokolun çap sürətini almaq üçün posta dəvət edib və orada saxlanılmadan öncə, stasionar postdan qabaq kamera vasitəsi ilə (həmin görüntü hansı kamera vasitəsi ilə çəkilib və sonuncu yoxlaması və kolibrə edilməsi nə vaxt olub-olmamağı məlum deyil və “asanpay” hökümət portalında protokola əlavə olunmamışdır. Bu da öz növbəsində müəyyə şübhələrə əsas verir) çəkilmiş görüntüyə əsaslanaraq onun avtomobildə maskasız olduğunu göstərmişdir. Halbuki, həmin görüntü uzaq yol boyu su, digər qida qəbulu və yaxud nəfəs darlığı ilə əlaqədar, müvəqqəti maska üzündə olmayan an çəkilə bilər. Bu görüntü, bütün yol boyu maskasız olmağı anlamına gəlmir. Şirkətdə əməyin mühafizəsi üzrə mütəxəssis kimi işləyir. İstər ofis daxili çalışan, istərsə də şirkətin digər növbəli çalışan şöbələrin iş cədvəlinə uyğun, hətta gecə saatlarında belə vəzifə öhdəliklərini yerinə yetirir. Pandemiya dövründə mütəmadi olaraq şirkət daxili, həmçinin regionlarda olan ofislərdə Covid-19 infeksiyaya qarşı dezinfeksiya işləri tərəfindən təşkil olunaraq aparılır, şirkət əməkdaşlarını virusdan qorunmaq üçün qoruyucu vasitələrlə təmin edir. Şirkət tərəfindən əməkdaşların mütəmadi olaraq Covid-19 testlər təşkil edilir. Saxlanılma zamanı avtomobili idarə edən şəxs onunla eyni şöbədə çalışan və iş faliyyəti ilə bağlı daimi ünsiyyətdə olduğum bir əməkdaş olub. YPX inspektoruna iş fəaliyyəti barədə və gəlişinin məqsədini izah etməyinə baxmayaraq, o, anlayışla və humanizmlə yanaşmadan sərt şəkildə barəsində protokol tərtib olunacağını bildirmişdir. Qeyd olunanlara əsasən 723 saylı YPX postun Vİİİ Tağım Yol patrul xidməti inspektoru polis baş serjantı Xaliq Həsənov tərəfindən qəbul edilmiş 22 aprel 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək 723 saylı YPX postun Vİİİ Tağım Yol patrul xidməti inspektoru polis baş serjantı Xaliq Həsənovun 22 aprel 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir Qərarından şikayət verilmiş, Baş Dövlət Yol Polis İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Beləliklə, məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə uyğun olaraq qərarından şikayət verilmiş Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, 723 saylı YPX postun Vİİİ Tağım Yol patrul xidməti inspektoru polis baş serjantı Xaliq Həsənov tərəfindən 22 aprel 2021-ci il tarixli İXP3915036 saylı protokol əsasında qəbul edilmiş 22 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarın surətindən görünür ki, inzibati xətanın mahiyyəti, inzibati xəta haqqında iş üzrə araşdırma zamanı müəyyən edilmiş hallar (İXM 115.1.4) göstərilməmiş, hansı hüquqi əsasa və ya səbəbə görə X3 İXM-nin 211.2.-ci maddəsi ilə təqsirli bilinməsinə dair heç bir qeydiyyat aparılmamışdır. Həmçinin iş materiallarından görünür ki, X3 hüquq və vəzifələri izah edilməmiş və dinlənilərək iş materiallarında xətaya dair mülahizəsi araşdırılmamışdır. Göründüyü kimi, qanunvericiliyin tələbləri pozulmaqla, yəni X3 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraatda iştirakı təmin edilmədən o, həmin maddə ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, hazırki işin faktiki halları ilə müəyyən edilmişdir ki, X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli protokolun əsasları ilə razılaşmamışdır. Buna baxmayaraq onun mülahizəsi nəzərə alınmadan, iş üzrə hərtərəfli araşdırmanın aparılması və onun icraat zamanı iştirakı təmin edilmədən, eyni tarixdə Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 61.3-cü maddəsinə əsasən işinə baxılarkən dinlənilməsi hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə baxışı zamanı isə qərarından şikayət verilmiş Baş Dövlət Yol Polis İdarəsi tərəfindən məhkəməyə həmin qərarın qanuni və əsaslı olmasına dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, mövcud şübhələr X1 xeyrinə həll edilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirinin olması sübuta yetirilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər barəsində yüz manat məbləğində cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli 189 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 2-ci hissəsinə görə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Həmin Qərarın 3-cü hissəsinə görə 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikası İXM-si ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli 451 nömrəli Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir.İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı,soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Həmin Məcəllənin 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə məlumat, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. Həmin Məcəllənin 125.4-cü maddəsinə əsasən Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. Həmin Məcəllənin 125.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə daxil edilmiş, bu Məcəllənin 125.4 və 125.5-ci maddələrində nəzərdə tutulmuş məlumatlar müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə də göndərilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən edilərək, 723 saylı YPX postun Vİİİ Tağım Yol patrul xidməti inspektoru polis baş serjantı Xaliq Həsənov tərəfindən qəbul edilmiş 22 aprel 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X3 şikayəti qismən təmin edilsin. 723 saylı YPX postun Vİİİ Tağım Yol patrul xidməti inspektoru polis baş serjantı Xaliq Həsənov tərəfindən qəbul edilmiş 22 aprel 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-1792/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1792/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver