Məhkəmə qərarları › İş №3(011)-18/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-18/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-18/2021 01.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə küçəsi 8 mart küçəsi ev 20-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Xocalı prospektində Zərərçəkmiş şəxs məxsus əmlakı qəsdən zədələyərək sonuncuya az miqdarda ziyan vurmuşdur. Bu barədə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs keşmiş həyat yoldaşıdır və birgə nikahlarından iki övladları var. Boşandıqdan sonra Vüqar övladlarına lazımı qayğı göstərməmiş və davamlı olaraq uşaqları ilə görüşməmişdir. xx.xx.2020-ci il tarixdə uşaqları ilə birlikdə Vüqarın iş yerinə getmiş, lakin Vüqar onları qəbul etməmiş və ünvanına nalayiq ifadələr demişdir. Bu səbəbdən əsəbləşmiş, “Toyota Prado” markalı avtomobilin sağ güzgüsünü çantası ilə sındırmışdır. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsə və səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Mahmud Quliyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd olunmuş, barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərar 37-ci PŞ-nin əməkdaşına verilməsi qərara alınmışdır; xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Xocalı prospektində Zərərçəkmiş şəxs məxsus “Toyota Prado” markalı avtomobilin sağ güzgüsünü qəsdən zədələyərək sonuncuya az miqdarda ziyan vurmuşdur. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; Qəbzdən müəyyən edilir ki, yan güzgü üçün 440 manat ödəniş edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Xocalı prospektində Zərərçəkmiş şəxs məxsus əmlakı qəsdən zədələyərək sonuncuya az miqdarda ziyan vurmuşdur. Şəxs hərəkətlərində cinayət tərkibinin əlamətləri olmadığı müəyyən edildiyindən materiallar üzrə cinayət işinin başlanılması CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasə xx xxxxxxxx 2020-ci il tarixli qərar əsasında rədd edilmiş, qərar qəbul edildiyi gündən üç ay keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutlmuş xətanı törətməsi iş materialları ilə sübuta yetirilsə də, başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar