Məhkəmə qərarları › İş №3(011)-1803/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1803/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1803/2021 07.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 13 aprel 2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 05.03.2021-ci il tarixli sorğusuna əsasən mülkiyyətində olan «X4» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə verməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Nümayəndə2 təmsil etdiyi hüquqi şəxsi inzibati xətanın törədilməsində təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu 29.03.2021-ci il tarixdə hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi ünvan 1 ünvanına göndərilmiş, həmin məktub “Ağazadə” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir, lakin Şəxs Açıq Səhmdar Cəmiyyətinin “Ağazadə” soyadlı əməkdaşı və işçisi yoxdur. Beləliklə o, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin sorğu məktubunun hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinə çatdırılmadığını bildirərək, inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxsrılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsi Nümayəndə1 Şəxs ASC tərəfindən «X4» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın vaxtında verilmədiyi üçün inzibati xətanı törədən şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid ifadəsində göstərmişdir ki, 29 mart 2021-ci il tarixdə Şəxs Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi ünvan 1 ünvanına məktubu çatdırmış, lakin məktubu təhvil verərkən həmin zərfi qəbul etmiş şəxsdən onun Şəxs Açıq Səhmdar Cəmiyyətində işləməsini təsdiq edən hər hansı sənədi alıb yoxlamamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 aprel 2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan «X4» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs 04.03.2021-ci il tarixdə, saat 18:46-da İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubunundan görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi «X4» markalı, **-JD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətindən xahiş olunmuşdur; SS714759427AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu 29.03.2021-ci il tarixdə “Ağazadə” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 07.04.2021-ci il tarixli, 101-742 nömrəli məktubundan görünür ki, Şəxs ASC tərəfindən sorğuya vaxtında cavab verilmədiyi üçün onun barəsində Xətai RPİ DYPŞ-də inzibati icraatın başlanılması barədə Şəxs ASC-yə məlumat verilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol X1 Təcrübə üzrə baş inspektoru, polis mayoru X2 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 13 aprel 2021-ci il tarixli AP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «X4» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə vermədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 14.04.2021-ci il tarixli, 101-766 nömrəli məktubundan görünür ki, Şəxs ASC-si tərəfindən sorğuya vaxtında cavab verilmədiyi üçün barələrində tərtib olunmuş 13.04.2021-ci il tarixli AP0187261 saylı protokolun sürəti onlara göndərilmişdir; Şəxs Açıq Səhmdar Cəmiyyətinin 2021-ci il fevral və mart ayları üçün işçilərin siyahısından görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətində “Ağazadə”xxxx“MMC”-nin internət saytının poçt göndərişlərinin izlənməsi bölümündən əldə edilmiş çıxarışdan görünür ki, SS714759427AZ nömrəli məktubun göndərilməsi və çatdırılması barədə heç bir məlumat yoxdur. Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, Şəxs ASC-də sənəd qəbulunu əks etdirən jurnalın 2021-ci il üçün çıxarışından görünür ki, Şəxs ASC-yə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən heç bir məktub daxil olmamışdır. Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, taxes.gov.az saytından əldə edilmiş sənəddən görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi ünvan 1 ünvanında həm də «Şəxs MÜLK» Məhdud Məsuliyyətli Cəmiyyət yerləşir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Nümayəndə2 və şahidin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu 29.03.2021-ci il tarixdə “Ağazadə” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmiş, “Ağazadə” soyadlı şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı olmamış və beləliklə hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin ona məxsus olan «X4» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə məlumat verməli olduqlarından xəbərləri olmamışdır. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar