Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1808/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi X1, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2 iştirakları ilə, xx.xx.1975-ci ildə Əli-Bayramlı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Suraxanı rayonu, Hövsan qəsəbəsində kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2021-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən “xxxx” mağazasından 45 manat dəyərində olan üzqırxan ülgücünü oğurlamışdır. Bu barədə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən xx xxxxx 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində müştəri qismində “Araz” marketə daxil olmuş, oradan bir ədəd qiyməti 1.11 manat olan “X9” uşaq qidası və bir ədəd qiyməti 67 qəpik olan alma şirəsini marketin daxilində olan gözlükdən götürmüş və həmin yerdə qərara gəlmişdir ki, orada marketdən bir ədəd qiyməti 45 (qırx beş) manat 15 (on beş) qəpik olan “Gillet Mach 3 turbo” ülgüc başlığını oğurlasın. Həmin ülgüc başlığını olduğu yerdən oğurlayıb əynindəki şalvarın sağ yan cibinə qoymuş, kassaya yaxınlaşaraq alma şirəsi və “X9” uşaq qidasının ödənişini etdikdən sonra, marketdən çıxdıqda mühafizə ona yaxınlaşmış və o, oğurladığı ülgüc başlığı ona təqdim etmişdir. Ülgücü oğurlama səbəbinin üzünü qirxmaq istəməsi olduğunu bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən “xxxx” mağazasına daxil olmuş şəxs tərəfindən 1 ədəd dəyəri 45 manat 15 qəpik olan “Gillet mach 3 Turbo” ülgüc başlığı oğurlanmışdır. Marketi tərk edib getmək istəyən zaman mühafizə tərəfindən saxlanılmış və üzərindən üzqırxan ülgücü aşkar edilmişdir. Beləliklə o, Şəxs ilə barışmadığını və ona qarşı şikayətçi olduğunu bildirmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X5 protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamuvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin təhqiqatçısı, polis polkovnikleytenantı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd olunmuşdur. xx xxxxx 2021-ci il tarixli MN saylı ******* nömrəli protokoldan görünür ki, xx.xx.2021ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən “xxxx” mağazasından 45 manat 15 qəpik dəyərində olan üzqırxan ülgücünü oğurlayaraq taladığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. xx xxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə həmin tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni «28» aprel 2021-ci il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx xxxxx 2021-ci il tarixdən, saat 16:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1808/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1808/2021
29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver