Məhkəmə qərarları › İş №3(011)-1816/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1816/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1816/2021 08.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, şikayətçi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 inzibati tənbeh vermə haqqında 03.04.2020-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında 03.04.2020-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini müdafiə edərək göstərdi ki, Xətai rayon Polis idarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları 03.04.2020 tarixində barəsində karantin qaydalarını pozmaqla bağlı ******* saylı inzibati protokol tərtib etmişlər. 15.04.2021 tarixində Xətai Rayon icra Şöbəsindən sms bildiriş gəlmiş və müvafiq qərar bildirişi götürmək üçün oraya getmişdir. O, bank əməkdaşıdır, bankda əmək fəaliyyətinə 2013-cü ildən bu günə kimi aralıqsız olaraq davam etdirir. Protokol yazılarkən o, Bank of Bakunun Əhmədli filialından bəzi sənədləri götürərək bankın baş idarəsinə getmişdir. Onu saxlayan polis əməkdaşlarına Bank əməkdaşı olduğunu bildirmiş və xidməti vəsiqəsini təqdim etmişdir. Polis əməkdaşları razılaşmamış, qeydiyyat ünvanından 100 metr uzaqlaşa bilmədiyini bildirmişlər. Daha sonra isə portaldan çıxarışı göstərmiş, Nazirlər Kabinetinin qərarına əsasən bank əməkdaşlarının öz fəaliyyətlərini maneəsiz olaraq davam etdirmələrini demişdir. Şəxsiyyət vəsiqəsi ilə də polis əməkdaşları Elektron Hökumət portalı vasitəsilə elektron icazəsinin olub-olmamasına baxa bildikləri halda etməmişlər. Bütün bunlara baxmayaraq polis əməkdaşları bunun onlara aidiyyətinin olmadığını, evindən 100 metr uzaqlaşa bilmədiyini, onlara ağıl öyrətməməyi demişlər. Protokola imza atmadıqda isə protoklu tərtib edən polis əməkdaşı “tabesizlik göstərir post patrul xidmətini çağırın aparın bölməyə” deyə bildirmişdir. Bankın sənədlərini Baş İdarəyə təcili aparmalı olduğuna görə və bölməyə aparılaramsa gecikməyi nəzərə alaraq məcburən protokolu imzalamışdır. Eyni zamada məsələ ilə əlaqədar yerindəcə 102 polis xidmətinə zəng edib şikayət etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı ona göndərilmədiyi üçün 28.04.2021-ci il tarixində 34-cü Polis Bölməsinin dəftərxanasına müraciət edib müvafiq qərarı təhvil almışdır. Barəsində tərtib edilmiş inzibati protokolun qanunsuz olduğunu nəzərə alaraq həmin qərarın ləğv edilməsi barəsində qərar çıxarmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş səlahiyyətli orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-si tərəfindən tərtib edilmiş 02.04.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, səlahiyətli orqanın vəzifəli şəxsi tərəfindən X1 İXM-nin 211-ci maddəsinin tələblərini pozması əsas gətirilməklə barəsində protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-si tərəfindən qəbul edilmiş 03.04.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, səlahiyətli orqanın vəzifəli şəxsi tərəfindən X1 İXM-nin 211-ci maddəsinin tələblərini pozması əsas gətirilməklə 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211-ci maddəsinə əsasən (02.04.2020-ci il tarixdə qüvvədə olan) epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında 30 mart 2020-ci il tarixli Qərarının 1 və 2-ci bəndlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Həmin qərara əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-si inzibati tənbeh vermə haqqında 03.04.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğdə cərimə edilmişdir. Bakı şəhər Xətai RPİ-nin 34-cü PŞ-si tərəfindən qəbul edilmiş 03.04.2020-ci il tarixli qərar qəbul olunarkən, ətraflı araşdırma aparılmadan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına qiymət verilmədən qərar qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 03.04.2020-ci il tarixli, MN ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Bundan əlavə, qərar qəbul edilərkən şikayətçinin iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin iştirakı təmin olunmadan qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-si tərəfindən qəbul edilmiş 03.04.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqanan (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Xətai RPİnin 34-cü PŞ-si tərəfindən qəbul edilmiş 03.04.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar