Məhkəmə qərarları › İş №3(011)-1819/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1819/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1819/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1960-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 500 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Buna görə də onun barəsində Xətai RPİ-nin 35-ci Polis Şöbəsinin sahə inspektoru Sahil Həzizadə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli səmimi olaraq etiraf edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs iki ildən çoxdur ki tanıyır. Zərərçəkmiş şəxs kredit əldə etmək məqsədilə ondan yardım istəmiş, o da yalnız adı işçi kimi sistemə daxil edildikdən sonra ona kredit verilə biləcəyini bilmişdir. O, bu işi həll etməyin müqabilində Əfsanədən 500 manat pul almış, amma vədinə əməl etməyərək həmin pulu cəzaçəkmə müəssisəsində cəza çəkən qızı Elviranın ehtiyaclarına xərcləmişdir. Bundan başqa, Əfsanədən 50 manat borc almışdır. Əməlindən peşmandır, barəsində yüngül tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs 2 ildən çoxdur ki tanıyır, normal münasibətləri olmuşdur. O, təxminən 2024-cü ilin mart ayında kreditlə pul götürmək istəmişdir. Şəxs kredit götürməkdə ona kömək edə biləcəyini, amma bunun müqabilində 500 manat pul lazım olduğunu bildirmişdir. O, razılaşaraq 500 manat pulu hissə-hissə Şəxs göndərmiş, həmçinin ona 50 manat borc pul da vermişdir. Amma Şəxs müxtəlif bəhanələr gətirərək vədinə əməl etməmiş və onun pulunu qaytarmamışdır. Ona görə də Şəxs şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Xətai RPİ 35-ci Polis Şöbəsinin təhqiqatçısı Rəşad Nuri tərəfindən qəbul edilmiş 03 may 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi onun səmimi etirafı və iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.4-cü maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə, hamilə qadınlara, himayəsində üç yaşınadək uşağı olan qadınlara, üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə, pensiya yaşına çatmış qadın və kişilərə, hərbi qulluqçulara ictimai işlər tətbiq oluna bilməz. “Əmək pensiyaları haqqında” AR qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə görə Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunanlardan müəyyən olunur ki, 1 iyul 2023-cü il tarixdən 30 iyun 2024-cü il tarixədək qadınların pensiya yaşı 63 il 6 aydır. Göründüyü kimi 64 yaşlı Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibatı tənbeh tədbirləri (ictimai işlər və inzibati həbs) tətbiq oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növünə inzibati tənbeh tətbiq edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə əsasən barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar