Məhkəmə qərarları › İş №3(011)-1823/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1823/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1823/2024 30.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Xətai rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində həmin Məcəllənin 327.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon DYPŞ tərəfindən qəbul edilmiş 08 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və cərimə qismində ödədiyi pulun geri qaytarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon DYPŞ tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd etməlidir ki, o, istinad olunan inzibati xətanın iştirakçısı olmamışdır, həmin xətanı ümumiyyətlə törətməmişdir. Belə ki, o, minik avtomobili üçün yol vərəqəsi əsasında idarə etdiyi “Toyota RAV-4” markalı, dövlət qeydiyyat nişanı ** AO *** olan avtomobil ilə xx.xx.2024-cü il tarixdə, təxmini 14:00 radələrində Xətai rayonunun əzasizində Fəzail Bayramov küçəsi ilə hərəkət edərkən, qarşıdakı Sabit Orucov küçəsinin kəsişməsində olan Anar Qəmzəyev adlı şəxsin idarə etdiyi “Mercedes-C 450” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobillə avto qəza hadisəsi baş vermişdir. Avto qəza hadisəsinin baş verməsinə səbəb kimi Sabit Orucov küçəsi ilə hərəkətdə olan Anar Qəmzəyevin təqsiri ucbatından sonuncunun idarə etdiyi “Mercedes-C 450” markalı avtomobilin arxa sol qapısına onun idarə etdiyi “Toyota RAV-4” markalı avtomobil çırpılmışdır. Onun maşını sürtülərək yolun kənarındakı səkiyə dəyərək dayanmışdır. Hadisədən dərhal sonra yol polis əməkdaşlarına məlumat verilmişdir. O, hərəkətdə olduğu Fəzail Bayramov küçəsi ilə Sabit Orucov küçəsinin kəsişməsində quraşdırılmış “Stop” nişanına əməl etməklə yol ayrıcını keçmişdir. Əsas məsələ ondan ibarətdir ki, digər avtomobilin yüksək surətlə idarə edərək ani hərəkət etməsi birbaşa qəzanın qaçılmaz olaraq baş verməsinə səbəb kimi dəyərləndirilməmişdir. Xətai rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşları heç bir araşdırma aparmadan, yalnız hadisə yerinin sxemini çəkməklə, heç bir avto nəqliyyat hadisəsinin baş verməsinin səbəbinin araşdırılması üçün nəzərdə tutulmuş xüsusi ekspertiza təyin edilmədən, əlavə kamera görüntülərinə baxmadan 08 may 2024-cü il tarixdə protokol tərtib edərək qərar qəbul etmişdir. Onu da qeyd etməlidir ki, heç o, özü də hadisənin baş verməsi zamanı olan videogörüntülərə baxmamışdır. Halbuki, ətrafdə iaşə obyektləri var idi, orada quraşdırılmış video kameralar mövcuddur. Ona yalnız müvafiq polis idarəsində şifahi olaraq təqsirli olduğunu və cərimə edildiyini bildirmişlər. Digər tərəfdən bildirir ki, Xətai rayon DYPİ tərəfindən bu vaxta qədər “İnzibati tənbeh vermə haqqında" qərar ona rəsmi formada təqdim edilməmişdir. Onun barəsində protokol tərtib edilərək İnzibati Xəlar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməyi qanunsuz və əsassızdır. Protokol əsasında 40 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərar barədə xx.xx.2024-cü il tarixdə məlumatı olmuşdur. İdarə etdiyi avtomobil işlədiyi dövlət müəssisəsinə aid olduğu üçün bu cəriməni məcbur qalaraq ödəmişdir ki, bu səbəbə görə yol polisi əməkdaşları tərəfindən saxlanılmasın. Odur ki, göstəilənlərə əsasən o, barəsində həmin Məcəllənin 327.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon DYPŞ tərəfindən qəbul edilmiş 08 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və cərimə qismində ödədiyi pulun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Xətai rayon X9 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, həmin tarixdə baş vermiş yol nəqliyyat hadisəsi onun təqsiri ucbatından törədilməmiş, lakin polis əməkdaşı tərəfindən hadisə zamanı qeydə alınmış videogörüntülərə baxış keçirilmədən, sadəcə sxem tərtib olunmaqla onun yol hərəkəti qaydalarını pozması əsas gətirilərək barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai rayon X9 Şöbəsinin YNH baş inspektoru, polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixində, saat 14:20-də Sabit Orucov küçəsində “Toyota RAV-4” markalı, ** AO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Xətai rayon X9 Şöbəsinin YNH baş inspektoru, polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixində, saat 14:20-də Sabit Orucov küçəsində “Toyota RAV-4” markalı, ** AO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixində, saat 14:20-də Sabit Orucov küçəsində “Toyota RAV-4” markalı, ** AO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 məhkəmə iclasında verdiyi izahatında həmin tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin onun təqsiri ucbatından törədilmədiyini, lakin polis əməkdaşı tərəfindən hadisə zamanı qeydə alınmış videogörüntülərə baxış keçirilmədən, sadəcə sxem tərtib olunmaqla onun yol hərəkəti qaydalarını pozması əsası ilə barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X3 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Bundan əlavə məhkəmə X3 məhkəmə iclasında verdiyi izahatını inzibati məsuliyyətdən yayınmaq üçün verilmiş izahat kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Xətai rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar