Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1825/2024 30.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AYNA-nin əməkdaşı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, AYN ******* saylı protokol əsasında çıxarılmış qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə, saat 08:57 radələrində Afiyəddin Cəlilov küçəsində **-UD-*** qeydiyyat nişanll idarə etdiyi avto nəqliyyat vasitəsini “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nin, qanunvericilik normalarının tətbiqi üçün quraşdırılmış nişanların təsir sahəsinin əhatə dairəsindən kənarda park eləmişdir. AYNA əməkdaşı Fəxrəddin Qasımov heç bir əsas olmadan idarə etdiyi avtomobilin şəkillərini çəkərək barəsində İXM-nin 346-cı maddəsinə uyğun AYN ******* nömrəli protokol tərtib etmişdir. Tərtib olunmuş bu protokol əsassız və qanunvericiliyin tələblərinə tam ziddir. Belə ki, Yol hərəkəti haqqında qanunun 53-cü maddəsinin müvafiq bəndlərində parklanmanın təşkili aydın şəkildə izah olunmuşdur. O, idarə etdiyi **-UD-*** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsini 5.15 nişanın P10223 təsiri sahəsindən öncə park etmişdir. AYNA əməkdaşı ona protokol tərtib edərkən ona irad bildirdikdə, “mən protokol tərtib edirəm, sən şikayət et sildir” deyə heç bir məntiqə sığmayan cavab vermişdir. Bundan sonra “AYNA” ya şikayət etsə də, burda da hüquqları kobud şəkildə pozularaq tərtib olunmuş protokol qüvvədə saxlanılmış, şikayəti təmin olunmamışdır. Bucür hərəkətlər istər rəsmi qurum tərəfindən, istərsə də onun vəzifəli şəxsi tərəfindən sıravi vətəndaşların şəxsinə və onların vaxtına hörmətsizlik, onların hüquqlarının kobud şəkildə pozulmasıdır. Barəsində heç bir qanunverici əsas olmadan tərtib olunan bu protokola və qərara qəti şəkildə etiraz edir. Məhkəmə iclasında X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsini və barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə o bildirmişdir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nin protokol tərtib etmə səlahiyyəti yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə şikayətçi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli qərarından görünür ki, X2 xx.xx.2024-cü il tarixində, saat 08:57 radələrində “Volkswagen İD6 Crozz minik” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklaması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 10 (on) manat məbləğində cərimə tətbiq edilmişdir; məhkəməyə təqdim olunmuş fotoşəkildən görünür ki, “Volkswagen İD6 Crozz minik” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Afiyəddin Cəlilov küçəsində yolun kənarında quraşdırılmış 5.15 nişandan sonra dayanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 40.0.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar; 42.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə bu Məcəllənin 40.0.3-cü maddəsində nəzərdə tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 346-1.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə - on manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.33-1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.2-ci və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi baxır. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2023-cü il tarixli 2109 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Həmin Fərmanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra - Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilmişdir. Həmin Fərmanın 4-cü bəndi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmanın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılmışdır. “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 7.4-cü maddəsinə əsasən dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqan adının dəyişdirilməsinə səbəb olan birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda addəyişmə hissəsində dəyişikliklər edilməlidir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli qərara əsasən X2 xx.xx.2024-cü il tarixində, saat 08:57 radələrində “Volkswagen İD6 Crozz minik” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklaması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta pozuntusuna yol verməsi göstərilmiş və barəsində 10 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 barəsində xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar buna səlahiyyəti olmayan qurum tərəfindən qanunvericiliyin normaları düzgün tətbiq edilməməklə qəbul edilmişdir. Belə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilsə də, bu sahədə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı verilmiş tapşırıq çərçivəsində inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında müvafiq dəyişikliklər edilməmiş, İnzibati Xətalar Məcəlləsinin 346-1.2-ci maddəsi üzrə qərar qəbul etmək səlahiyyətinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin vəzifəli şəxslərinə aid edilib-edilməməsi məsələsi öz həllini tapmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar buna səlahiyyəti olmayan qurum tərəfindən və qanunvericiliyin tələblərinə zidd formada qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını, şikayətçinin izahatlarını araşdıraraq hesab edir ki, X2 şikayəti təmin edilməli, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata təqsirliliyi sübuta yetmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 346-1.2-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli, AYN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1825/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1825/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver