Məhkəmə qərarları › İş №3(011)-1830/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1830/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1830/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə X2 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 18784592 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 18784592 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ona xəbərdarlıq olunmadan sürücülük hüququ məhdudlaşdırılmışdır. Həmin zaman özü xəstə olduğu üçün avtomobili oğlu idarə etmiş, özü də avtomobildə olmuşdur. İnzibati tənbeh vermə haqqında qərarın qanunsuz olduğu üçün ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətdə qeyd olunanlara uyğun izahat verərək Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 18784592 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 18784592 nömrəli tənbeh vermə haqqında qərardan görünür ki, X2 “VAZ 2101” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İXM-nin 332.3-cü və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin polis kapitanı X4 tərəfindən xx.xx.2024-cü il tarixli EQ seriyalı 18784592 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə edilməsinə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə İXM-nin 332.3 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 300 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir. Həmin məcəllənin 332.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. X3 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 18784592 nömrəli inzibati tənbeh vermə haqqında qərar kifayət qədər araşdırılma aparılmadan qəbul edilmişdir. Belə ki, X3 ərizəsində nəqliyyat vasitəsini özünün idarə etmədiyini, oğlu tərəfindən idarə edildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş yenidən araşdırılaraq nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsi faktı müəyyənləşdirilməlidir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 18784592 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 339.1-1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 18784592 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar