Məhkəmə qərarları › İş №3(011)-1844/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1844/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1844/2021 02.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Şəxs nümayəndəsi X3, Şəxs direktoru X4 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 275.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 275.1.1-ci maddələri ilə 29 mart 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs Xətai rayonu Kazımağa Kərimov küçəsində aparılan bünövrə qazıntısı işləri zamanı neftlə çirklənmiş suxurun, tullantıların emal yerini müəyyənləşdirməmiş, müvafiq ekspertiza rəyi alınmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 inzibati xəta haqqında həmin protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, 09 mart 2021-ci il tarixdə müfəttiş E.Hüsyenli və baş mütəxəssis R.Bayramovla birlikdə Xətai rayonu Kazımağa Kərimov küçəsində Şəxs tərəfindən qazıntı işlərinin aparılmasını müəyyən etmiş, MMC-dən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq sənədlərin olub-olmaması tələb edilmiş, MMC hər hansı sənədlərinin olmadığını bildirmişdir. Həmçinin, MMC tərəfindən ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına yol verilərək dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi müəyyən edilmiş, bu səbəbdən tərəflərindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X6 və Şəxs direktoru X7 inzibati xəta haqqında həmin protokolun qanunsuz və əsassız olduğunu, MMC-nin hər hansı inzibati xəta törətmədiyini, qazma işləri zamanı MMC tərəfindən hər hansı normaların və qaydaların pozulmadığını, Şəxs razılaşma əsasında sadəcə həmin ünvanda müvafiq işləri gördüyünü, podrat müqaviləsinin olmadığını, dövlət ekoloji ekspertizasının rəyinin onlar tərəfindən deyil, sifarişçi tərəfindən alınmalı olduğunu, tullantıların daşınmasının icra hakimiyyəti ilə şifahi razılaşdırıldığını, icra hakimiyyətinin şifahi razılığı ilə həmin torpaqların bir hissəsinin Zığ şossesində müəyyənləşdirilmiş yerə töküldüyünü, bir hissəsinin isə yol təmiri üçün töküldüyünü, fotoşəkillərdə olan yük maşınlarının onlara məxsus olsa da, digər texnikaların onlara məxsus olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş üzrə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə tənbeh edilməli, İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi üzrə isə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; müfəttiş R.Teymurov, müfəttiş E.Hüsyenli və baş mütəxəssis R.Bayramov tərəfindən tərtib edilmiş 09 mart 2021-ci il tarixli aktdan görünür ki, ararşdırma zamanı müəyyən olunmuşdur ki, Xətai rayonu Kənd Əhmədli qəsəbəsi Kazımağa Kərimov küçəsi AMEA-nın Yüksək Texnologiyalar Parkına bitşik ərazidə özül qazıntı işləri aparılır, qeyd olunan qazıntıdan çıxan neftlə çirkli qrunt torpaq Zığ şossesində avtomobil yolunun alt hissəsində çökəkliyə boşaldılır, araşdırma zamanı qazıntı işlərinə rəhbərlik edən özünü iş icraçısı kimi təqdim edən Vasif adlı şəxs qazıntı işlərinin Şəxs MMC tərəfindən aparıldığını bildirmiş, ərazidə 01 ədəd özüqazan “Doosan” markalı ekskovator, dövlət nömrə nişanı **-JA-*** olan “MAN” markalı, **-JR-*** olan “Mercedes” markalı, **-XU-*** olan “Mercedes” markalı və s. yük avtomobillləri qazılan neft məsulları ilə çirklənmiş qrunt bünövrə qazıntısını müvafiq ekspertiza rəyi olmadan, yerli icra hakimiyyətinin müvafiq ayırdığı sahə və ya icazə olmadan daşınaraq yuxarıda qeyd olunan əraziyə boşaldıldığı müəyyən edilmiş, iş nəticəsində MMC tərəfindən “Ekoloji təhlükəsizlik haqqında” “İstehsalat və məişət tullantıları haqqında” “Ətraf Mühitin mühafizəsi haqqında” qanunların tələblərinin pozulduğu izah olunmuş, fotoşəkillər çəkilərək akta əlavə olunmuşdur; fotoşəkillərdən görünür ki, müvafiq qazma işləri aparılır, qazılmış tullantılar yük maşınlarına boşaldılır; Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Şəxsnə ünvanladığı məktubdan görünür ki, inzibati araşdırma aparılması məqsədi ilə idarəyə nümayəndənin göndərilməsi, əks halda MMC barəsində tədbir görüləcəyi bildirilmişdir; Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X5 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 266.2 və 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 29 mart 2021-ci il tarixli, MN saylı 073992 nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs Xətai rayonu Kazımağa Kərimov küçəsində aparılan bünövrə qazıntısı işləri zamanı neftlə çirklənmiş suxurun, tullantıların emal yerini müəyyənləşdirməmiş, müvafiq ekspertiza rəyi alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 266.2-ci maddəsinə əsasən, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. 275.1.1-ci maddəsinə əsasən ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə görə-fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikası Qanununun; 1-ci maddəsinə əsasən istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr başa düşülür; 2-ci maddəsinə əsasən tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir; 3.1-ci maddəsinə əsasən Bu Qanun Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində tullantılar əmələ gələn və tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərə şamil olunur; 7-ci maddəsinə əsasən istismarı zamanı tullantıların əmələ gəldiyi bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvi zamanı fiziki və hüquqi şəxslər: ətraf mühitin və insan sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ekoloji, sanitar və digər tələblərə əməl etməyə; əmələ gələn tullantıların istifadəsi, zərərsizləşdirilməsi barədə müvafıq icra hakimiyyəti orqanları tərəfindən müsbət rəy verilmiş texniki və texnoloji sənədlərə malik olmağa borcludurlar. Yaşayış binalarının, habelə istismarı zamanı tullantıların əmələ gəldiyi müəssisə, bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi zamanı tullantıların idarə olunması sahəsində müəyyən edilmiş qaydalara, normativlərə və tələblərə uyğun olaraq belə tullantıların yığılması üçün yerlər (meydanlar) nəzərdə tutulmalıdır. Təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir; 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X1 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları] icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X1 Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları] razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Ekoloji təhlükəsizlik haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə əsasən Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin aşağıdakı fəaliyyətə yol verə bilən qərarları qəbul etmələri və həyata keçirmələri qadağandır: 1.1. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət. Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin 1-ci hissəsinə əsasən istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, istifadəsi normaları və qaydaları pozulmuşdur. Belə ki, Xətai rayonu Kənd Əhmədli qəsəbəsi Kazımağa Kərimov küçəsində özül-bünövrə qazıntısı zamanı çıxarılan tullantılar - neftlə çirkli qrunt torpaqlar Zığ şossesində avtomobil yolunun alt hissəsində çökəkliyə boşaldılmış, həmin tullantıların qeyd edilən əraziyə boşaldılması barədə müvafıq icra hakimiyyəti orqanları tərəfindən müsbət rəy verilməmiş, tullantıların boşaldıldığı ərazinin tullantıların yığılması üçün nəzərdə tutulan yerlər (meydanlar) olması müəyyən edilməmiş, hüquqi şəxs tərəfindən bu barədə hər hansı sənəd təqdim edilməmiş, beləliklə tullantıların idarə olunması sahəsində müəyyən edilmiş qaydalara, normativlərə və tələblərə əməl edilməmişdir. Hüquqi şəxsin nümayəndələri qazıntı işlərinin tərəflərindən aparılmasını, tullantıların tərəflərindən daşınmasını və qeyd edilən əraziyə boşaldılmasını etiraf etsələr də, müvafiq rəyin və icazənin onlar tərəfindən deyil, sifarişçi tərəfindən alınmalı olduğunu, tullantıların qeyd edilən əraziyə boşaldılmasının icra hakimiyyəti ilə şifahi razılaşdırıldığını bildirmişlər. Məhkəmə qeyd edir ki, rəyin və icazənin Şəxs MMC tərəfindən deyil, sifarişçi tərəfindən alınmalı olduğunu təsdiq edən sənədləri MMC-nin nümayəndələri məhkəməyə təqdim etməmiş, qeyd olunan sənədlərin sifarişçi tərəfindən alınmalı olması müəyyən edilməmişdir. Ümumiyyətlə MMC qeyd edilən işləri podrat müqaviləsi ilə yerinə yetirməsi barədə də hər hansı sənəd təqdim etməmişdir. Bundan əlavə, tullantıların qeyd edilən əraziyə boşaldılmasının icra hakimiyyəti ilə şifahi razılaşdırılması ilə bağlı məhkəmə qeyd edir ki, bu barədə şifahi razılıq deyil, müsbət rəy alınmalı, tullantıların boşaldıldığı ərazinin tullantıların yığılması üçün nəzərdə tutulan yerlər (meydanlar) olması sənədlə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə MMC-nin nümayəndələrinin dəlillərini əsassız hesab edir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bununla belə, İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə münasibətdə məhkəmə hesab edir ki, iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 275.1.1-ci maddəsinə əsasən ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə görə-fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinin sanksiyasında hüquqi şəxslərin məsuliyyəti nəzərdə tutulmamışdır. Səlahiyyətli orqan İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmək əvəzinə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə hesab edir ki, hüquqi şəxslər qeyd olunan xətanın subyekti olmadığından və Şəxs əməlində həmin maddə ilə inzibati xəta tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi hissədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10000 (on min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Şəxs əməlində (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar