Məhkəmə qərarları › İş №3(011)-1846/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1846/2022

08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1846/2022 08.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X6, X1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 25 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X7 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X14 Xidmətinin Bakı şəhər İdarəsi rəhbərlik etdiyi “M.Ə.Əfəndiyev adına X23” X17 çalışan X3 şikayəti əsasında araşdırma aparmış və nəticədə barəsində İXM-in 192.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edərək 1500 manat cərimə etmişdir. Aşağıda göstərilənlərə əsasən qərarın əsassız olduğunu hesab edir və ləğv olunmalı olmasını xahiş edir. Belə ki, X5 xəstəxanada işlədiyi dövr ərzində ümumiyyətlə yaxşı işçi kimi xarakterizə edilməmiş və hər zaman müxtəlif problemlərdə adı hallanmışdır. Son hadisələrdən sonra isə onun xəstəxanada işləməsi ümumiyyətlə mümkünsüz idi. Bu səbəbdən də işdən çıxarılmışdır. Onun şikayəti əsasında aparılmış araşdırma zamanı DƏMX Əmək Məcəlləsinin 80 və 83-cü maddələrinin pozulması hallarını əsas gətirərək İXM-in 192.6-cı maddəsinə əsasən cərimə tətbiq etmişdir. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. X8 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması barədə xəstəxananın Həmkarlar İttifaqı təşkilatı 31.01.2022-ci il tarixdə iclas keçirmiş və sonuncunun məhz həmin əsasla işdən çıxarılmasını məqsədə müvafiq olduğunu təsdiq etmişdir. Buna baxmayaraq bu fakt DƏMX tərəfindən nəzərə alınmamışdır. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. DƏMX son haqq-hesabın son iş günü işçiyə verilmədiyinə görə müvafiq cəriməni tətbiq etmişdir. Lakin DƏMX nəzərə almamışdır ki, xəstəxana dövlət büdcəsindən maliyyələşən qurumdur və maddi hər hansı ödənişin ödənilməsi üçün maddi vəsait ona yuxarı təşkilatdan ödənilməlidir. İnzibati xəta hadisəsi faktiki olaraq mövcud olsa da həmin hadisə ilə əlaqəsi olan şəxs o halda məsuliyyətə cəlb oluna bilər ki, həmin hadisə məhz onun təqsiri üzündən baş versin başqa sözlə, hadisə ilə onun əməli arasında səbəb-nəticə əlaqəsi olsun. Onların son haqq-hesabının vaxtında ödənilməməsi onun təqsiri nəticəsində yox, büdcədən müvafiq ayırmaların edilmədiyi və həmin vaxt bank hesabında kifayət qədər pulun olmaması nəticəsində baş vermişdir. Bu isə o deməkdir ki, onun təqsiri yoxdur və bu əsasla da ona verilən tənbeh qanunsuzdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, şikayət ərizəsinin təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Həmçinin X2 izahatında əlavə olaraq qeyd etmişdir ki, X5 işdən azad olunan zaman tərəfindən əmək qanunvericiliyinin heç bir tələbi pozulmamışdır. Belə ki, Təcili tibbi yardım şöbəsinin müdiri Fuad Ağayev ona təqdimatla müraciət edərək mühafizəçi Kamran Xudaverdiyevin növbədə olarkən dəfələrlə nizam-intizam qaydalarını pozduğunu, iş funksiyalarını yerinə yetirmədiyini, ona irad tutduqda kobud cavab verdiyini qeyd etmişdir. O, isə öz növbəsində həmkarlar ittifaqı təşkilatının müvafiq razılığının alınması üçün “M.Ə.Əfəndiyev adına X23” X18 Həmkarlar Komitəsinə müraciət etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X12 14 aprel 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X7 tərəfindən vətəndaş X5 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozularaq xitam verildiyindən X4 şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında “M.Ə.Əfəndiyev adına X23” X18 Həmkarlar Komitəsinin sədri vəzifəsini icra edən Nəbiyeva Aynel Alpaşa qızı izahat verərək bildirmişdir ki, 31.01.2022ci il tarixdə onun sədrliyi ilə Həmkarlar Komitəsinin iclası keçirilmiş və iclasın nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən X3 əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmiş, həmin gün iclas protokolu tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmış və yekun qərar qəbul edilmişdir. Məhkəmə iclasında “M.Ə.Əfəndiyev adına X23” X18 Təcili tibbi yardım şöbəsinin müdiri X13 izahat verərək bildirmişdir ki, 31.01.2022-ci il tarixdə Həmkarlar Komitəsi tərəfindən keçirilmiş iclasda iştirak etmişdir. Belə ki, X5 ona edilən iradlara əhəmiyyət verməmişdir, hətta söyüş söyməkdən çəkinməmişdir. 30.01.2022-ci il tarixində isə iş qrafikinə əməl etməyərək işdə olmamışdır. Yekun olaraq X3 əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmiş, həmin gün iclas protokolu tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmış və yekun qərar qəbul edilmişdir. Məhkəmə iş materiallarını, şikayətçinin ərizəsini, şikayətçi, onun vəkilinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin baş əmək müfəttişi X9 tərəfindən tərtib olunmuş 14 aprel 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X5 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozularaq xitam verilməsi faktı aşkar edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X15 tərəfindən 25 aprel 2022-ci il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 tərəfindən vətəndaş X5 ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyat alınmasına dair 31.01.2022-ci il tarixli məlumat məktubundan görünür ki, X7 ilə X5 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi 31.01.2022-ci il tarixli 5ZDFZT30001X0 nömrəli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır; 31.01.2022-ci il tarixli təqdimatdan görünür ki, X7 tərəfindən X3 əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq razılıq rəyinin alınması üçün “M.Ə.Əfəndiyev adına X23” X18 Həmkarlar Komitəsinə müraciət olunmuşdur. “M.Ə.Əfəndiyev adına X23” X18 Həmkarlar Komitəsinin 31.01.2022-ci il tarixində keçirilmiş 3 nömrəli iclas protokolundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən X3 əmək müqaviləsinə xitam verilməsi tövsiyyə olunmuşdur; “M.Ə.Əfəndiyev adına X23” X18 Həmkarlar Komitəsinin 31.01.2022-ci il tarixli qərarından görünür ki, X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə Həmkarlar İttifaqı Komitəsi tərəfindən etiraz edilməmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 3-cü hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 25 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərara əsasən X7 tərəfindən vətəndaş X5 ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, “M.Ə.Əfəndiyev adına X23” X18 direktoru X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları və ona əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən xəta tərkibinin yaranması üçün, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsinə xitam verilməsi qaydaları pozulmalıdır. Lakin məhkəməyə “M.Ə.Əfəndiyev adına X23” X18 direktoru X4 nümayəndəsi və vəkili Vəkil tərəfindən təqdim olunmuş təqdimatdan, protokoldan və qərardan məlum olur ki, xəstəxananın direktoru tərəfindən X3 əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq razılıq rəyinin alınması üçün “M.Ə.Əfəndiyev adına X23” X18 Həmkarlar Komitəsinə müraciət olunmuş, 31.01.2022-ci il tarixdə Nəbiyeva Aynel Alpaşa qızının sədrliyi ilə “M.Ə.Əfəndiyev adına X23” X18 Həmkarlar Komitəsinin iclası keçirilmiş, protokol tərtib olunmuş və yekun olaraq qəbul edilmiş qərarla X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə Həmkarlar İttifaqı Komitəsi tərəfindən etiraz edilməmişdir. Həmçinin, məhkəmə iclasında izahatları alınmış “M.Ə.Əfəndiyev adına X23” X18 Həmkarlar Komitəsinin sədri vəzifəsini icra edən Nəbiyeva Aynel Alpaşa qızı və Təcili tibbi yardım şöbəsinin müdiri X13 bildirmişlər ki, 31.01.2022-ci il tarixdə Həmkarlar Komitəsinin iclası keçirilmiş və iclasın nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən X3 əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir. Bu da öz növbəsində Ələkbər Tağıyev tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulmamasına dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, “M.Ə.Əfəndiyev adına X23” X18 direktoru X7 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsinə xitam verilməsi qaydalarının pozulması sübuta yetirilmədiyindən şikayət təmin edilməli, səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən “M.Ə.Əfəndiyev adına X23” X18 direktoru X4 barəsində qəbul edilmiş 25 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar