Məhkəmə qərarları › İş №3(011)-1848/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1848/2021

16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1848/2021 16.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhəri X7 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 05 aprel 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X7 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 05 aprel 2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 05.04.2021-ci il tarixdə Yusif Səfərov küçəsində idarə etdiyi avtomobillə “Yol hərəkəti haqqında” AR qanununun 69-cu maddəsinin, yəni 1.1 üfuqi nişanlanma xəttinin tələbini pozduğu üçün Asan Pay ünvanına elektron qərar bildirişi gəlmişdir. Belə ki, orada olan üfuqi nişanlama xətti pozulmuş və öz keyfiyyətini itirərək altında olan qırıq-qırıq xətt üzə çıxmışdır. Qırıq-qırıq xətt daha qalın və keyfiyyətli olduğu üçün pozulmamışdır. O, elə başa düşmüşdür ki, orada düz xətt deyil qırıq-qırıq xəttdir. Göstərilənləri nəzərə alaraq, barəsində qəbul edilmiş EQ seriyalı ******* saylı, 05.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq o qeyd etmişdir ki, hadisə baş verən günü ümümiyətlə yerdə xəttlər qırıqqırıq olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemindən əldə olunmuş 05.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 yol nişanlarının tələblərinə riayət etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Azərbaycan Respublikasının qoşulduğu və ratifikasiya etdiyi 1968-ci il tarixli «Vyana Konvensiyası»nın ; 6-cı maddəsinin 1-ci hissəsinə əsasən sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. 8-ci maddəsinin 1-ci hissəsinə əsasən nişanların beynəlxalq səviyyədə asanlıqla başa düşülməsi məqsədilə, bu Konvensiya ilə müəyyən olunmuş yol nişan və siqnalları sistemi hər bir növ nişanlar üçün xarakterik forma və rənglərə, habelə bütün mümkün hallarda yazıların deyil, qrafik işarələrin tətbiqinə əsaslanır. Razılığa gələn tərəflər nəzərdə tutulmuş işarələrə dəyişiklərin edilməsini zəruri hesab etdikdə, bu dəyişikliklər nişanların əsas xarakteristikasını dəyişməməməlidir. 13-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağanedici, məhdudlaşdırıcı və əmredici nişanlar, onların qüvvəyə mindiyi yerin bilavasitə yaxınlığında quraşdırılır və səlahiyyətli orqanın zəruri hesab etdiyi hallarda təkrarlana bilər. Lakin, pis görünüş səbəbindən və ya yol istifadəçilərinin əvvəlcədən xəbərdar edilməsi məqsədilə, səlahiyyətli orqanlar məqsədəmüvafiq saydıqları halda, nişanlar əmr, qadağa və ya məhdudiyyətin qüvvəyə mindiyi yerdən müəyyən məsafə qabaq quraşdırıla bilər. Əmr, qadağa və məhdudiyyətin qüvvəyə mindiyi yerdən qabaq quraşdırılan nişanların altında əlavə 1-in H bölməsinin H,1 əlavə lövhəciyi yerləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 05.04.2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 05.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda X2 yol nişanlarının tələblərinə riayət etmədiyi göstərilmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 05.04.2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 05.04.2021-ci il tarixli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin qeyd edilməlidir ki, məhkəmə iclasında X3 tərəfindən təqdim olunmuş fotoşəkildə qırıq-qırıq xəttlərin düz xəttə nisbətən daha aydın olduğu görünür və bununlada sürücülər üçün anlaşmazlıqların yaranmasına səbəb olur. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində 05.04.2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 05.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhəri X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemindən əldə olunmuş 05.04.2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 05.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Bakı şəhəri X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemindən əldə olunmuş 05.04.2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 05.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar