Məhkəmə qərarları › İş №3(011)-1849/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1849/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1849/2025 14.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdə sistemə vurulmuş TP ******* nömrəli qərarın ləğv edilməsini, cərimənin tam şəkildə sistemdən silinməsini, ona məxsus **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması barədə qərarın aradan qaldırılmasını xahiş etmişdir. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə və 3 bal tətbiq edilmişdir. Lakin bu cərimə Qanunda nəzərdə tutulmuş müddət pozulmaqla tətbiq edilmiş və qayda pozuntusundan tam 27 gün sonra sistemə daxil olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavə materialları (foto vo ya video) qayda pozuntusunun baş verdiyi gündən etibarən bir gün ərzində elektron kabinetdə yerləşdirilməli və məlumatlandırma təmin olunmalıdır. Lakin ona tətbiq edilmiş birinci və ikinci qərara dair heç bir foto və video material təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə qərarının icrası gecikdirilmiş, yalnız iki aydan sonra yerinə yetirilmiş və bu müddət ərzində cərimənin üzərinə dəbbə pulu hesablanmışdır. Sonradan dəbbə pulu silinsə də, xx.xx.2025-ci il tarixində sistemə yenidən TP7062134 nömrəli yeni qərar vurulmuşdur. Bu müddət ərzində o, Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ünvanlamış, həmçinin “902” və “102” Qaynar xəttlərinə dəfələrlə müraciət etmişdir. Buna baxmayaraq, bu günə qədər müraciətləri ilə bağlı ona rəsmi və ya qeyri-rəsmi şəkildə hər hansı bir cavab verilməmişdir. Bundan əlavə, cəriməni iki ay ərzində ödəmədiyi və məhkəmə qərarının icrası gecikdirildiyi üçün ona məxsus **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilmişdir. Bunun nəticəsində Yol Patrul Xidməti əməkdaşları tərəfindən dəfələrlə saxlanılıb narahat edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X12 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 08:38-də “X11 minik” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, S.B.Vəzirov küçəsində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-6604/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X4 şikayəti qismən təmin edilmiş, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokola əsasən Bakı Şəhər X12 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X4 xx.xx.2024-cü il tarixdə, saat 08:38-də “X11 minik” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, S.B.Vəzirov küçəsində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və ona 100 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X7 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinin 16 oktyabr 2024-cü il tarixdə baş verməsinə baxmayaraq, şəxsin barəsində inzibati tənbeh vermə haqqında ilkin qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və hadisədən xeyli keçdikdən sonra onun şəxsi kabinetinə yerləşdirilmişdir. Qərarın hadisənin törədilməsi vaxtından xeyli müdət keçdikdən sonra qəbul edilməsi məhkəmədə haqlı suallar yaratmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Habelə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X5 inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər və digər sübut əhəmiyyəti kəsb edən sənədlər təqdim edilməmişdir. Bundan əlavə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-6604/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən X2 barəsində qəbul edilmiş Bakı Şəhər BPİ-nin X13 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasına baxmayaraq, həmin qərarda qeyd olunan hallar araşdırılmadan şəxsin barəsində yenidən eyni məzmunlu inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan tərəfindən tam, obyektiv və hərtərəfli araşdırma aparılmadığından, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, İXM-nin tələbləri pozulduğundan xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, X4 şikayəti təmin edilməli, Bakı şəhər X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və təqsirliliyi sübuta yetmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar