Məhkəmə qərarları › İş №3(011)-1857/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1857/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1857/2025 17.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə X5 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə müraciət edərək, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, "Xətai rayonu, S.Ə. ünvan 1 ünvanında yerləşən 235 nömrəli xüsusi körpələr evi-uşaq bağçasının ərazisində 9 (doqquz) ədəd müxtəlif cinsli ağacların kəsilməsinə görə təsərrüfat müdiri X7 barəsində vəzifəli şəxs qismində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin". Qərar 17 fevral 2025-ci il tarixində yaşadığı ünvanda poçt xidməti tərəfindən təqdim edilmişdir. Barəsində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli (vəzifəli) şəxsi tərəfindən qəbul edilmiş cərimə qərarı tamamilə qanunsuz, əsassız və olduğu qədər də ədalətsizdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Lakin şikayətçinin heç bir təqsiri olmadığı halda, hər hansı bir qanunsuz əmələ yol vermədiyi halda və ən əsası heç bir ağac kəsmədiyi halda ağacların kəsilməsinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qanunsuz qərar qəbul edilmiş, hər hansı bir ağac kəsməyən və ya məhv etməyən, ağacın kəsilməsi üçün hər hansı bir şəxsə göstəriş verməyən, aylıq gəliri minimum əməkhaqqı səviyyəsində olan vətəndaşa ümumilikdə 8440 manat cərimə (4000 manat cərimə və 4440 manat ziyan) tətbiq etməklə ədalətsizliyə yol verilmişdir. Həmin qərarın qəbul olunmasına əsas olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar da tamamilə qanunsuz və əsassızdır. Sözügedən qərarda qeyd olunmuşdur ki, şikayətçi 235 nömrəli xüsusi təyinatlı körpələr evi-uşaq bağçasının təsərrüfat müdiri işləyərkən başçanın həyətində 9 ədəd ağacın kəsilməsinə yol vermişdir. Göründüyü kimi, qərarda ağacların kəsilməsi qeyd olunsa da, lakin şikayətçinin ağacların kəsilərkən bioloji vəziyyəti, yəni yaş vəziyyətdə olması qeyd olunmur, halbuki yaşıllıqların mühafizəsi haqqında qanunvericilik yalnız köküstə yaş vəziyyətdə olan ağacların kəsilməsini qadağan edir və İXM-nin 253-cü maddəsində köküstə yaş ağacların kəsilməsi halında inzibat məsuliyyət həmin ağacı kəsən şəxsə nəzərdə tutulur, lakin göründüyü kimi nə icraata başlamaq haqqında Qərarda, nə də ki 11 saylı RETSİ-nin inzibati tənbehvermə haqqinda qərarında ağacların yaş vəziyyətdə olması göstərilmir, eyni zamanda ağacların şikayətçi tərəfindən kəsilməsi göstərilmir, yalnız şikayətçinin bağçanın təsərrüfat müdiri olduğunu nəzərə alıb cərimə məbləğini şikayətçiyə tətbiq etmişlər ki, bu da yolverilməzdir və tamamilə qanunsuzdur. Göründüyü kimi 11 saylı RETSİ məni bağçanın təsərrüfat müdiri olduğu üçün inzibat məsuliyyətə cəlb ediblər, halbuki İXM-nin 253-cü maddəsi qəsdən törədilən inzibati xətalara aiddir və həmin maddə də inzibati xətanın törədilməsində birbaşa, aktiv formada iştirak eden şəxsə, yəni bilavasitə ağacı kəsən şəxsə tətbiq olunur. Lakin 11 saylı RETSİ özləri də qeyd edirlər ki, ağaclar ərazidə təmizlik işləri aparan fəhlələr tərəfindən kəsilib, bütün bunların əksinə olaraq cəriməni isə ağacı kəsənlərə yox, şikayətçiyə tətbiq edirlər. Cinayat qanunvericiliyindən fərqli olaraq İnzibati xətalar haqqında qanunvericilkdə belə bir hal nəzərdə tutulmamışdır, yəni "göstəriş verən anlayışı yoxdur, əgər doğrudan da qanunsuz ağac kəsilirsə ağacı kəsən şəxs inzibati məsuliyyətə cəlb edilməlidir, "göstəriş verən" yox. Halbuki şikayətçi ağac kəsməmiş və ağac kəsilməsi barədə göstəriş verməmişdir, hətta göstərş vermiş olsa belə yenə də inzibati məsuliyyətə cəlb oluna bilməz. Çünki ağaclar quru olublar və əgər kəsilbsə aşma təhlükəsi və quru olduğu üçün fəhlələr tərəfindən kəsilib. Bağçanın həyətində yaş halda olan hər hansı bir ağacların nəinki şikayətçi tərəfindən, ümumiyyətlə digər şəxs tərəfindən kəsilməsi üçün heç bir səbəb (əsas) yoxdur, ərazidə hər hansı bir tikinti və s. işləri aparılmır ki, həmin ağaclar kiməsə mane olduğu üçün götürülsün. Sual olunur ki, bağçanın həyətindəki yaşıllıq ərazisində yaş ağaclar niyə kəsilməlidir ki və ya yaşıllıq ərazidə yaş ağacların kəsilməsi kimə lazımdır ki? Hətta bağçanın həyətində hər hansı bir yaş ağacın başqa şəxslər tərəfindən kəsildiyin görsə, buna şikayətçi imkan verməz. Kəsildiyi iddia olunan ağacların diametrinin 38 sm, 18 sm, 16 sm və s olduğu qeyd olunur və 38 sm diametrində kifayət qədər böyük bir ağacın yaşı bir qadın tərəfindən elektrik mişarı ilə kəsilməsi tamamilə mümkünsüdür, məntiqsizdir və heç bi halda ağlabatan deyil. Şikayətçi ağac kəsməmiş və ümumiyyətlə, yaşlı bir qadının kəsici alətlə (balta və ya mişar) 38 sm və digər ölçüdə ağac kəsməsi mümkün deyil, şikayətçinin fiziki durumu (xəstəliyi) buna imkan vermir, ümümiyyətlə şikayətçi elektrik mişarını nəinki idarə etmək, heç yerdən götürmək iqtidarında deyil. Şikayətçi yazılı formada izahat təqdim etmiş və bildirmişdir ki: "bağçanın böyük ərazisi və ərazinin daxilində müxtəlif növ ağaclar vardır, 2024-cü ilin noyabr ayında bağçanın kənarında mövcud olmuş bir ədəd ağac təbii şəkildə bağçanın həyətinə doğrı aşmış və ərazidə olan müəyyən ağacları zədələmişdir. xx.xx.2024-cü il tarixdə həmin ərazidə olmuş 4 ədəd ağacın təhlükəli olması və aşaraq xüsusi qaygıya ehtiyacı olan (internat uşaqlara təhlükə yaratması təhlükəsini nəzərə alaraq fəhlələrə tapşırdım ki, ərazini səliqəyə salsınlar. Ərazidə olan 4 ədəd quru, qəzalı və hər dəqiqə aşaraq insanların həyatına təhlükə yaradan həmin quru ağaclar fəhlələr tərəfindən təhlükəni aradan qaldırmaq məqsədilə ərazidən kəsilmişdir. Bundan sonra 11 saylı RETSİ-nin əməkdaşları gələrək akt tərtib etmişlər və 9 ədəd ağacın kəsildiyini qeyd etmişlər. Lakin hal-hazırda qeyd etdiyim kimi ərazdidə 4 ədəd quru ağacın kəsilmiş kök hissələri hələ də qalmaqdadır". Belə olan halda sual olunur ki, quru və təhlükəli vəziyyətdə olan ağacların təhlükəni aradan qaldırmaq məqsədilə kəsilməsi hansı qanuna əsasən pozuntu hesab olunur? Həmçinin şikayətçi ərazini səliqəyə salmağı fəhlələrdən xahiş etmiş, ağacları kəsməyi tapşırmamışdır. Lakin 11 saylı RETSİ-nin əməkdaşları nə şikayətçinin yazılı izahatına, nə onun şifahi məlumatına, nə qanunların tələblərinə məhəl qoymadan şikayətçiyə 8444 manat qanunsuz cərimə tətbiq etməklə şikayətçini normal yaşamaq imkanındaan məhrum ediblər. Tək bu fakt kifayət edir ki, qəbul olunmuş qərar ləğv olunsun. Həmin qərarda qeyd olunan hal üzrə inzibati xəta tərkibi yoxdur ona görə ki, kəsildiyi iddia olunan ağaclar quru və aşma təhlükəsi vəziyyətində olmuşlar, bundan əlavə əgər hesab etsək ki, inzibati xəta tərkibi var, o zaman inzibati tənbeh xəta törətmiş şəxsə tətbiq edilməlidir, tamamilə təqsirsiz (aidiyyəti olmayan) bir şəxsə yox. Əgər bağçanın həyətində doğrudan da ağac kəsilmişdirsə şikayətçiyə deyil, ağacları kəsən şəxsə inzibati cərimə tətbiq olunmalı idi. 11 saylı RETSİ isə ətraflı araşdırma aparmadan, bağça ərazisində həqiqətən də yaş ağacların kəsilməsi faktını dəqiq müəyyən etmədən, yerdə olan ağac kötüklərindən ağacların kəsilərkən həqiqətən də yaş vəziyyətdə olmasını müəyyən etmədən və bu barədə hər hansı bir ekspertiza keçirilmədən, ümumiyyətlə həmin ağacların nə vaxt və kim tərəfindən kəsildiyini belə araşdırmadan yalnız bu işdə təqsirkar şəxs təsərrüfat müdiri olduğunu zənn edərək qərəzli şəkildə barəsində cərimə tətbiq etmişlər ki, bu hal da yol verilməzdir. Yaşıllığın mühafizəsi sahəsində mövcud olan qanunvericiliyin tələblərinə əsasən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulmasında təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər yaşıllıqlara dəymiş ziyanla bağlı yaşıllıqların məhv edilməsinə, yəni bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkətə (hərəkətsizliyə) görə maddi məsuliyyətə cəlb edilirlər. Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.8.-ci maddəsinə əsasən, yaşıllıqların məhv edilməsi bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkət (hərəkətsizlik) kimi nəzərdə tutulmuşdur. Halbuki ərazidə olan ağaclar quru vəziyyətdə olmuşlar və quru ağacların kəsilməsi halında boy artımının və inkişafının dayanmasını iddia etmək tamamilə məntiqsizdir. Məhkəmə iclasında X7 şikayəti müdafiə edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli 10 fevral 2025-ci il tarixdə qəbul etdiyi qərarını ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X10 izahatında göstərmişdir ki, sözügedən qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini, tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 noyabr 2024-cü il tarixli 88475 saylı aktının surətindən görünür ki, Xətai rayonu, S.Ə.ünvan 1 ünvanında yerləşən 235 nömrəli xüsusi körpələr evi-uşaq bağçasının ərazisində 9 (doqquz) ədəd müxtəlif cinsli ağacların kəsilməsi halı aşkar edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli 10 fevral 2025-ci il inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Xətai rayonu, S.Ə.ünvan 1 ünvanında yerləşən 235 nömrəli xüsusi körpələr evi-uşaq bağçasının ərazisində 9 (doqquz) ədəd müxtəlif cinsli ağacların kəsilməsi halı müəyyən edilmiş, buna görə təsərrüfat müdiri X3 Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə təyin edilmişdir. X5 Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində verdiyi yazılı izahatdan görünür ki, X7 uşaq bağçasında təsərrüfat müdiri işlədiyini, bağça ərazisindəki ağacların uşaqlara təhlükə yaratması təhlükəsini nəzərə alaraq fəhlələrə ərazini səliqəyə salmağı tapşırdığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 253.2-ci maddəsinə əsasən Meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X1 şikayətində göstərdiyi xüsusat, yəni ağacları kəsməməsi, lakin kəsməsi barədə göstəriş verməsi onun özünü müdafiəsi və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Belə ki, X4 ağacların yerləşdiyi uşaq bağçasının vəzifəli şəxsi olmaqla həmin bağçada təsərrüfat müdiri vəzifəsində işləmişdir. İş materiallarından görünür ki, o, ərazidəki ağacların onun göstərişi ilə kəsildiyini qeyd etmiş, məhkəmə iclasında bunun əksini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qanunamüvafiq qaydada araşdırma aparılmış və qanuni və əsaslı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİ: X5 şikayəti təmin edilməsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar