Məhkəmə qərarları › İş №3(011)-1876/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1876/2021

24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1876/2021 24.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oğlunun iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 166 evakuasiya xidmətində sürücü işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, A/Y, ev 3, mənzil 1.2də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X8 06.04.2021-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş 29.04.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 11.06.2019-cu il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu şossesində sürücü Zərərçəkmiş şəxs3 idarə etdiyi Az **-RZ-*** dövlət qeydiyyat nişanlı “İsuzu Saz NP 37” markalı avtobusun sürücüsü Şəxs idarə etdiyi **-JP-*** dövlət qeydiyyat nişanlı “İsuzu NPR 75 KD” Xüsusi Təyinatlı Yük avtomobili toqquşmuş, nəticədə avtobusun sərnişinləri X4, X5, X6, X4 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılaraq ilkin tibbi yardım göstərilib evə buraxılmışlar. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 11 iyun 2019-cu il tarixdə saat 16 radələrində **-JP-*** dövlət qeydiyyat nişanlı “İsuzu NPR 75 KD” Xüsusi Təyinatlı Yük avtomobili ilə Hava Limanı tərəfdən Cəmşid Naxçıvanski adına hərbi məktəb yerləşən istiqamətində düz yolla, hərəkət istiqaməti üzrə yolun sağ tərəfi ilə hərəkət edirdi. Avtomobildə tək idi və Xüsusi təyinatlı yük maşınında yük yox idi. Maşını təxminən saatda 55-60 km sürətlə idarə edirdi. Yolda görünüş üçün heç bir maneə yox idi. O, öz hərəkət istiqaməti üzrə götürdükdə yolun sağ tərəfi ilə birinci hərəkət zolağı ilə düzünə hərəkətdə idi. Hərəkət etdiyi yol əsas yoldur. Yolda ondan solda maşınlar hərəkətdə idi. Lakin öz yoluna yolun birinci hərəkət zolağı ilə düzünə hərəkət etdiyi yerdən təxminən 80-100 metr məsafədə görmüşdür ki, Köhnə Günəşli qəsəbəsi tərəfdən enən Zeytunluq olan ərazidən bir avtobus baş yola tərəf gəlir. Avtobus bu yola girərək sağa dönmüşdür. O, təxminən həmin avtobusu 10-15 metr məsafədə saatda 50-60 km sürət həddi ilə gələrkən gördükdə həmin vaxtı solundan da maşınlar hərəkətdə olduğundan, idarə etdiyi maşını sola da qaçıra bilməmişdir, hadisə anında baş verdiyindən əyləcə basmaqa da vaxtı olmamışdır. Avtobus onun hərəkət zolağına daxil olanda onunla avtobusun arasında təxminən 10-15 metr məsafə var idi. Solundan yolda olan maşınlar hərəkətdə olduğundan, sağından isə yolun kənarı ilə daş hasar uzandığından o, idarə etdiyim maşını nə sola, nə də sağa qaçıra bilməmişdir. Avtobus onun hərəkət zolağına daxil olaraq sağa dönmüş, həmin vaxt o avtobus ilə toqquşmuşdur. Toqquşma onun idarə etdiyi avtomobilin qabaq tərəfi ilə həmin avtobusun arxa küncü arasında olmuşdur. Beləliklə, o, baş vermiş hadisədə “İsuzu NP 37" markalı avtobusun sürücüsü Zərərçəkmiş şəxs3 oğlunu təqsirli bilərək, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 izahat verərək bildirmişdir ki, 2015-ci ildən 11.06.2019-cu il tarixədək olan müddət ərzində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən 104 saylı sərnişin avtobusunun qarajında ehtiyat sürücüsü kimi işləyirdi. 1971-ci ildən hadisə olan günədək yol nəqliyyat hadisəsi törətməmişdir. 11 iyun 2019-cu il saat 14:15-də o, Az ** RZ *** dövlət qeydiyyat nişanlı “İSUZU SAZ NP 37” markalı avtobusla Həzi Aslanov qəsəbəsindən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinə marşrut xətti üzrə hərəkət etmişdir. Həmin günü saat 15:15-də Yeni Suraxanı qəsəbəsindən sonuncu dayanacaqdan çıxıb geri qayıdırdı. Avtobusda təxminən 10-15 nəfər sərnişin var idi. Həmin günü saat 16:00-da o, Zığ qəsəbəsi tərəfdən gəlirdi. Zığ tərəfdən Zeytunluq adlanan ərazidən gəlib, Hava Limanı tərəfdən Cəmşid Naxçıvanski adına məktəbə tərəf gələn yola çıxmalı idi ki, üzü C.Naxçıvanski adına hərbi məktəb yerləşən istiqamətdə getsin. Həmin yolların birləşən hissəsində onun hərəkət etdiyi zolaqda yəni yolun sonunda «Stop» və «Sağa» yolu göstərən yol nişanları var idi. Hərəkət sürəti təxminən 20-30 km sürət həddində idi. Zeytunluq sahədən gələrək baş yola daxil olmadan «Stop» və «Sağa» yolu göstərən yol nişanının yanında saxlayaraq diqqətlə yola baxmışdır. Avtobus təxminən 10-15 saniyə ərzində tam dayanmışdır. O, sola baxarkən 150-200 metr məsafədə Hava Limanı tərəfdən 4-cü zolaqla evakuator tipli maşının gəldiyini görmüşdür. Həmin evakuator tipli maşının uzaqda olmasını nəzərə alaraq dayanmış vəziyyətdə olan avtobusu hərəkətə gətirmişdir. Onun avtomobilin qabaq təkərləri artıq yola çıxdıqda evakuator tipli avtomobil onun avtomobilindən 70-80 metr ara məsafəsində idi. Aralarında kifayət qədər məsafə olduğu üçün o, hərəkətini davam etdirmişdir. Zığ şossesinə daxil olub yolu təxminən 4-5 metr məsafədə davam etmişdi ki, bu zaman arxadan avtobusa güclü zərbə dəymişdir. Hadisə anında avtobusun hərəkət sürəti təxminən 5-10 km olardı. Beləliklə o, avtomobili yol qaydalarına riayət edərək sürdüyünü, həmin yerdə radar kamerası olduğu üçün avtomobili yavaş idarə etdiyini, hadisənin evakuator tipli maşının sürücüsü Şəxs səhlənkarlığı səbəbindəb baş verdiyini, Şəxs hadisə zamanı hadisənin qarşısını almağa imkanı olduğunu, həmçinin yolda tormozlama izləri olmadığından onun yüksək surətlə hərəkət etdiyindən avtobusla toqquşduğunu bildirərək barəsində ədalətli qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, 11 iyun 2019-cu il tarixdə saat 14 radələrində yaşadığı evə gəlmək məqsədi ilə 104 nömrəli marşrut avtobusa minib Naximov küçəsinə tərəf gəlirdi. O, avtobusun sağ tərəfində qabaq hissədə olan oturacağında əyləşmişdi. Ara sıra pəncərədən çölə baxırdı. Avtobus sürücüsü avtobusu səliqəli və yavaş idarə edirdi. Avtobusda təxminən 10-15 nəfər sərnişin var idi. Avtobus sürücüsü Zığ tərəfdən Zeytunluq adlanan ərazidən gələrək üzü C.Naxçıvanski adına hərbi məktəb yerləşən istiqamətdə getməli idi. Həmin vaxt görünüş üçün maneə yox idi. Hava Limanı tərəfdən gələn yol rahat görünürdü. Avtobusun hərəkət sürəti təxminən 20 km sürət həddində olardı. Zeytunluq sahədən avtobus gələrək baş yola daxil olmadan «Stop» və «Sağa» yolu göstərən yol nişanının yanında saxlayaraq yola baxmışdır. O da həmin vaxtı çölə baxırdı. Avtobus əsas yola çıxarkən təxminən 70- 80 metr məsafədə Hava Limanı tərəfdən 4-cü zolaqla evakuator tipli maşın gəlirdi. Avtobus sağa təzəcə dönüb yolu təxminən 15-20 metr məsafədə qət etmişdir ki, bu zaman arxadan avtobusa güclü zərbə olmuşdur. Avtobusda olan tanımadığı sərnişinlərdən bir neçəsi yüngül əzildiklərini demişlər. Lakin bəzi sərnişinlər var idi ki, onlar xəsarət almamışdırlar. Onlardan biridə o idi. O, xəsarət almadığıma görə hadisə yerindən evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 digər şahid Zərərçəkmiş şəxs2 göstərdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək, onun dediklərini təsdiqləmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2021-ci il tarixli 8/508 saylı ekspert rəyinin surətindən görünür ki, istintaq tərəfindən göstərilən məlumatlara görə İsuzu Saz NP 37 markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən göstərilən məlumatlara görə İsuzu NPR 75 KD markalı, **-JP- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, İsuzu NPR 75 KD markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs izahatında göstərdiyi 10-15 metr məsafə real hadisə mexanizminə uyğun deyildir. 11.06.2019-cu il tarixli 1/1938 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Zərərçəkmiş şəxs3 hadisə zamanı ayıq olmuşdur. 11.06.2019-cu il tarixli 1/1939 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Şəxs hadisə zamanı ayıq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 492 nömrəli 14.06.2019-cu il tarixli ekspert rəyinin surətindən görünür ki, vətəndaş Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol əlin İ barmağının və sağ diz oynağı nahiyəsinin qançırları bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 11.06.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sürücüsü olduğu yük avtomaşını ilə avtobusun toqquşması nəticəsində törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 502 nömrəli 29.06.2019-cu il tarixli ekspert rəyinin surətindən görünür ki, vətəndaş X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin sol aşağı bayır səthinin və sol kürəkaltı nahiyənin yumşaq toxumasının hematoması və sol baldırın qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 11.06.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu yük avtomaşını ilə avtobusun toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 538 nömrəli 24.06.2019-cu il tarixli ekspert rəyinin surətindən görünür ki, vətəndaş X1 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ baldır nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 11.06.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu yük avtomaşını ilə avtobusun toqquşması nəticəsində törənə bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1729/2019 saylı 06.09.2019-cu il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Cahid Musayevin 06 aprel 2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, X4, X3 sağlamlıqlarının qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərərvurulması, X6 və Az **-JP-*** dövlət qeydiyyat nişanlı İsuzu NPR 75 KD Xüsusi Təyinatlı Yük avtomobilinin sürücüsü Şəxs sağlamlığına zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməyən zərər vurulması, vətəndaş X7 adına olan sonuncuya məxsus Az **-RZ-*** dövlət qeydiyyat nişanlı İsuzu Saz NP 37 avtobusa, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Az **-JP- *** dövlət qeydiyyat nişanlı İsuzu NPR 75 KD Xüsusi Təyinatlı Yük avtomobilinə maddi ziyanvurulması ilə nəticələnən 11.06.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi faktı üzrə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş sürücülər Zərərçəkmiş şəxs3 və Şəxs hərəkətlərində cinayət tərkibinin əlamətləri olmadığından materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş və Az **-JP-*** dövlət qeydiyyat nişanlı İsuzu NPR 75 KD Xüsusi Təyinatlı Yük avtomobilinin sürücüsü Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-si vasitəsilə rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon DYPŞ-nin 29.04.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2021-ci il tarixli 8/508 saylı ekspert rəyini, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 izahatlarını, Azərbaycan Respublikası Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Cahid Musayevin 06 aprel 2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sübutlarla və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar