Məhkəmə qərarları › İş №3(011)-1885/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1885/2022

24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1885/2022 24.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1976-cı ildə Füzuli rayonu, Qacar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş 24 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 23 may 2022-ci il tarixdə ünvan 1 ünvanında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq onları təhqir etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, X4 ilə 1999-cu ildə ailə həyatı qurmuşdur və birgə nikahdan 3 övladları vardır. Lakin sonradan münasibətləri pozulmuşdur və rəsmi olaraq boşanmışlar. Müəyyən vaxtlarda spirtli içki qəbul edib evə gəldiyi üçün Vüsalə və uşaqları onunla mübahisə etmişlər. 23.05.2022-ci il tarixdə kiçik oğlu Fətəli onu ölümlə hədələmişdir və o, cibində olan bıçağı çıxardaraq oğluna onu öldürməsini tələb etmişdir. Lakin Fətəli bu hadisə barədə anasına xəbər vermiş və sonra polis əməkdaşları onu gəlib yaşadığı ünvandan aparmaq istədikdə polis əməkdaşları ilə arasında mübahisə yaranmışdır, polis bölməsinə getməkdən imtina etmişdir. Daha sonra onu Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə aparmışlar. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş, həmin protokolla razılaşmış və etdiyi xətanı etiraf etmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2 24 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, ünvan 1 ünvanında yaşayan Şəxs izahatıın alınması üçün şöbəyə dəvət olunmuş, lakin hədsiz dərəcədə sərxoş olduğundan polis əməkdaşları ilə mübahisə etmiş və onları nalayiq formada təhqir edərək əl-qol atmışdır. Bu səbəbdən həmin şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 24 may 2022-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 23 may 2022-ci il tarixdə ünvan 1 ünvanında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq onları təhqir etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. 23 may 2022-ci il tarixli 2/11738 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə Şəxs 0.900 promill sərxoşluq olduğu müəyyən olunmuşdur. İnzibati qaydada tutma haqqında 23 may 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:30-da tutulmuşdur. Zərərçəkmiş şəxs X3 ərizəsindən görünür ki, keçmiş əri Zaur spirtli içki qəbul edərək onları təhqir edir, ölümlə hədələyir, kiçik oğlu Fətəliyə bıçaq çəkərək onu öldürmək istədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 24 may 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir və həbsetmənin əvvəli «23» may 2022-ci il tarixdən saat 22:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 23» may 2022-ci il tarixdən saat 22:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar