Məhkəmə qərarları › İş №3(011)-1886/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1886/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1886/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 13 mart 2023-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 13 fevral 2023-cü il tarixdə saat 20 radələrində Şəxs «Okean» avtosalona məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi «Hyundai Accent» markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək avtomobili yolun hərəkət hissəsinin sağ kənarında olan maneəyə vurması nəticəsində avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs alt dodağın selikli qişasına qansızma, döş qəfəsinin sağ-yan səthinin, hər iki sarğı nahiyələrinin, sağ bazu oynağı, sağ dirsək oynağı nahiyələrinin hematomaları, hər iki diz oynağı nahiyələrinin sıyrıqları kimi sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilib izahatında bildirmişdir ki, 13 fevral 2023-cü il tarixdə təxminən saat 20 radələrində idarə etdiyi «Hyundai Accent» markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının qarşısından «Uber» proqramı vasitəsilə daxil olmuş sifariş əsasında həmin ünvana getmişdir. Həmin vaxt əvvəllər tanımadığı və görmədiyi, təxminən 30-35 yaşlarında olan bir nəfər cavan xanım avtomobilə əyləşmişdir. O, avtomobilin arxa sağ oturacağına keçmişdir. Bundan sonra idarə etdiyi avtomobillə Xətai rayonu, M.Hadi küçəsi ilə «Əhmədli» metrostansiyası istiqamətində hərəkət etməyə başlamışdır. Bir qədər hərəkət etdikdən sonra xanım avtomobili yolun hərəkət hissəsinin kənarında saxlamağını xahiş etmişdir. Bundan sonra avtomobili sağa tərəf istiqamətləndirib sağ istiqamətdə dönmə əməliyyatı aparmağa başlamışdır. Həmin vaxt yol örtüyü yaş olduğundan avtomobilin qabaq tərəfi bir qədər irəliyə doğru sürüşmüşdür. Bu zaman avtomobilin hərəkətini dayandıra bilməmiş və avtomobilin qabaq tərəfi yolun hərəkət hissəsinin kənarında olan bordürə dəymişdir. Həmin an sərnişin xanım aşağı ətraflarında ağrı olmasını bildirmişdir. Buna görə də xanım yaxınlıqda yaşayan rəfiqəsinə zəng vurub hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra xanımın rəfiqəsi hadisə yerinə gəlmişdir. Rəfiqəsi xanımın vəziyyətini görüb ona ilkin tibbi yardım göstərilməsi üçün hadisə yerinə TTY avtomobili çağırmışdır. TTY avtomobilinin həkim personalı ona ilkin tibbi yardım göstərib müayinə olunmağı üçün Sabunçu xəstəxanasına aparmışdır. Özü isə avtomobilin qabaq buferinin zədəsini təmir etdirmək üçün avtomobil təmir məntəqəsinə getmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hadisədən sonra zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs çıxış edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və buna görə də Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X2 bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 15 fevral 2023-cü il tarixli 145 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağın selikli qişasına qansızma, döş qəfəsinin sağ-yan səthinin, hər iki sarğı nahiyələrinin, sağ bazu oynağı, sağ dirsək oynağı nahiyələrinin hematomaları, hər iki diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə YNH zamanı törənə bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), zərərçəkmiş şəxslə barışmasını (İXM 32.2), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində cərimə cəzası tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar