Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1906/2022 25.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X1 iştirakları ilə, xx.xx.2003-cü ildə Ağdam rayonu anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağdam rayonu, Xıdırlı Ərazi Dairəsi, Xıdırlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs 22.05.2022-ci il tarixdə Cavanşir küçəsi 29 ünvanının yaxınlığında yerləşən “Eco” marketdən 1 ədəd dəyəri 63 manat olan spirtli içki olan viski və 5 ədəd ümumi dəyəri təxminən 10 manat olan “Alpen Gold” şokoladlarını oğurlamışdır. Bu barədə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən 25 may 2022ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 22.05.2022-ci il tarixdə Cavanşir küçəsi 29 ünvanının yaxınlığında yerləşən “Eco” marketdən 1 ədəd spirtli içki olan viski və 5 ədəd “Alpen Gold” şokoladlarını oğurlamışdır. Bundan sonra, barəsində şikayət olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinə aparılmışdır. Beləliklə o, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, 22.05.2022-ci il tarixdə Cavanşir küçəsi 29 ünvanının yaxınlığında yerləşən ona məxsus “Eco” marketdən 1 ədəd dəyəri 63 manat olan spirtli içki olan viski və 5 ədəd ümumi dəyəri təxminən 10 manat olan “Alpen Gold” şokoladları Şəxs tərəfindən oğurlandığından ərizə ilə 36-cı Polis Bölməsinə müraciət etmişdir. Beləliklə o, Şəxslə barışmadığını və ona dəymiş ziyanın ödənilmədiyini bildirərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamuvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24.05.2022ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuşdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X2 tərəfindən tərtib olunmuş 25 may 2022-ci il tarixli MN saylı ******* nömrəli protokoldan görünür ki, Şəxs 22.05.2022-ci il tarixdə Cavanşir küçəsi 29 ünvanının yaxınlığında yerləşən “Eco” marketdən 1 ədəd spirtli içki olan viski oğurlayaraq taladığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardaddan görünür ki, faktla bağlı Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və inzibati araşdırma aparılmışdır. 24 may 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə həmin tarixdə saat 19:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni «24» may 2022-ci il tarixdən, saat 19:45-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 23 (iyirmi üç) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «24» may 2022-ci il tarixdən, saat 19:45-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1906/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1906/2022
25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver