Məhkəmə qərarları › İş №3(011)-1909/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1909/2021

19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1909/2021 19.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər DYPİ-nin polis kapitanı X3 tərəfindən qəbul edilmiş 03.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X14 İdarəsinin 03.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsində onun adına 07.09.2020-ci il tarixində İXP ******* saylı protokola əsasən tərtib olunan TP ******* nömrəli qərardan şikayətinə baxılmış və məhkəmə tərəfindən şikayəti qismən təmin edilərək qərar ləğv edilərək iş yenidən BŞDYP idarəsinə göndərilmişdir. 07.12.2020-ci il tarixində yuxarıda qeyd olunan protokola əsasən yeni TP ******* nömrəli qərar tərtib edilmişdir. 08.12.2020-ci il tarixində məsələni araşdırmaq üçün yenidən BŞDYP-nə baş çəkmişdir. Qərarı tərtib edən polis kapitanı X3 göstərdiyi məhkəmə qərarına heç bir əhəmiyyət vermədən məsləhət görmüşdür ki, məhkəməyə yenidən müraciət edərək işə tam xitam verilməsini xahiş etsin. 04.02.2021-ci il tarixində Xətai Rayon Məhkəməsində İXP ******* saylı protokola əsasən tərtib olunan yeni TP ******* nömrəli qərardan şikayətinə yenidən baxılmış və məhkəmə tərəfindən şikayəti qismən təmin edilərək və qərar ləğv edilərək iş yenidən BŞDYP idarəsinə göndərilmişdir. Lakin yenədə araşdırmalar zamanı ancaq inspektorun dediklərinə əsaslanaraq və heç bir sübut gətirmədən yeni 03.05.2021ci il tarixli TP ******* saylı qərar tərtib olunmuşdur. Həmin qərar əsassızdır və ləğv olunmalıdır. Beləliklə o, göstərilənləri nəzərə alaraq barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat vermiş, əlava olaraq qeyd etmişdir ki, ümumiyyətlə heç bir qayda pozuntusuna yol verməmiş, X13 əməkdaşları qanunsuz və əsassız olaraq ona protokol tərtib etmiklər. X8 Bakı şəhər X14 İdarəsi tərəfindən tərtib olunmuş 03.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ-nin polis kapitanı X3 tərəfindən tərtib edilmiş 02.07.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X8 02.07.2020-ci il tarixində saat 11:18-də Babək prospektində mülkiyyətində olan “Peugeot RCZ” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta pozuntusuna yol verməsi əsas gətirilməklə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhər DYPİ-nin polis kapitanı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 03.05.2021-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X8 “Peugeot RCZ” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, bu səbəbdən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda R.Səfərovun yol nişanlarının tələblərinə riayət etməməsi, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyi göstərilmiş və o, İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Beləliklə qərara əsasən A.Abbasov nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşməsi qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər DYPİ-nin polis kapitanı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 03.05.2021-ci il tarixli, TP ******* nömrəli qərara əsasən X5 “Peugeot RCZ” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməməsi, manver etmə qaydalarını pozmasını əsas gətirilərək İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta pozuntusuna yol verməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında X8 yol nişanlarının tələblərinə riayət etdiyini, manevr etmə qaydalarını pozmadığını bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 03.05.2021-ci il tarixli, TP ******* nömrəli qərarda inzibati xətanın olmasına dair hər hansı bir sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, baş vermiş inzibati xətanın X9 tərəfindən törədilməsinə dair qərarda kifayət qədər sübuta istinad edilməmişdir. İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X8 barəsində İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhəri X14 İdarəsinin TP seriyalı ******* saylı, 03.05.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar