Məhkəmə qərarları › İş №3(011)-1945/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1945/2022

03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1945/2022 03.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X4, X1 iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 01 iyun 2022-ci il tarixdə saat 10:45 radələrində ünvan 2 ünvanında su sayğacını gizli olaraq talayaraq X2 30 (otuz) manat ziyan vurmuşdur. Bundan başqa Şəxs 01 iyun 2022-ci il tarixdə ünvan 3 ünvanında su sayğacını gizli olaraq talayaraq X5 30 (otuz) manat ziyan vurmuşdur. Bundan başqa Şəxs 01 iyun 2022-ci il tarixdə ünvan 4 ünvanında su sayğacını gizli olaraq talayaraq X7 30 (otuz) manat ziyan vurmuşdur. Buna görə də onun barəsində Xətai RPİ 35-ci Polis Şöbəsinin sahə inspektoru İslam Cəfərov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN seriyalı ******* nömrəli 03 iyun 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli 03 iyun 2022-ci il tarixli və MN seriyalı ******* nömrəli 03 iyun 2022-ci il tarixli protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməlləri səmimi olaraq etiraf edərək bildirmişdir ki, 01 iyun 2022-ci il tarixdə gizli olaraq oğurladığı su sayğaclarını Sabunçu bazarında hərəsini 6 manat olmaqla ümumilikdə 18 manata satmışdır. Maddi sıxıntıları olduğu üçün oğurluq etmişdir. Özünü təqsirli bilərək əməlindən peşman olduğunu qeyd edərək barəsində aşağı həddə həbs növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 izahatında göstərmişdir ki, Şəxs tərəfindən dəymiş ziyan ödənilməmişdir, onunla barışmamışdır. Barəsində ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 izahatında göstərmişdir ki, Şəxs tərəfindən dəymiş ziyan ödənilməmişdir, onunla barışmamışdır. Barəsində ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan 03 iyun 2022-ci il tarixli Xətai RPİ-nin 35-ci Polis Şöbəsinin təhqiqatçısı Sənan Süleymanlı tərəfindən qəbul edilmiş qərarlardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün material Xətai RPİ-nin 35-ci Polis Şöbəsinin sahə inspektoruna göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 25.10.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 227-ci maddələri ilə təqsirli bilinərək barəsində 02 ay müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi onun özünün səmimi etirafı, zərərçəkmiş şəxslərin izahatları və iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1ci bəndinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi il ərzində təkrar inzibati xəta törətməsi müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən Şəxs ziyanı ödəmədiyini, zərərçəkmiş şəxslərin şikayətçi olduğunu nəzərə alır və hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri - həbs tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İnzibati həbsetmənin əvvəli 03 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətində - həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 03 iyun 2022-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar