Məhkəmə qərarları › İş №3(011)-1946/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1946/2022

16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1946/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vidadi Mahmudov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 360/2021 nömrəli icra vərəqəsini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vidadi Mahmudov tərəfindən MN ******* nömrəli, 03 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vidadi Mahmudov məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-360/2021 nömrəli icra vərəqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 72-də yerləşən tikili özbaşına (qanunsuz) tikili hesab edilmiş və Şəxs həmin tikilidən çıxarılsın və tikili Şəxs hesabına sökülməlidir. Borcluya icra sənədinin icra edilməsi təklif olunmuş, lakin o, icra sənədini icra etməmişdir.Bununla da borclu icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-360/2021 nömrəli icra vərəqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 72-də yerləşən tikili özbaşına (qanunsuz) tikili hesab edilmiş və Şəxs həmin tikilidən çıxarılsın və tikili Şəxs hesabına sökülməlidir. Lakin hal-hazırda həmin ünvanda digər şəxlərin qalması və həmçinin həmin qətnamədən şikayət verildiyindən onun barəsində başlanılmış olan inzibati icrata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Şəxs vəkili X2 bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-360/2021 nömrəli icra vərəqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 72-də yerləşən tikili özbaşına (qanunsuz) tikili hesab edilmiş və Şəxs həmin tikilidən çıxarılsın və tikili Şəxs hesabına sökülməlidir. Lakin hazırda həmin icra vəqəsənin icrası qeyri mümkündür. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 72-də Şəxs başqa onun ailə üzvləridə yaşayır və həmçinin həmin şəxslərin məhkəmənin həmin qətnaməsindən xəbərləri olmamışdır. Hal-hazırda həmin qətnamədən şikayət verilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021ci il tarixli 2(011)-360/2021 saylı qətnaməsindən şikayət vermiş X6 qətnamə ilə maraqlarına toxunulan şəxs hesab olunmuş və X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(011)-360/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-360/2021 nömrəli icra vərəqəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 72-də yerləşən tikili özbaşına (qanunsuz) tikili hesab edilmiş və Şəxs həmin tikilidən çıxarılsın və tikili Şəxs hesabına sökülməlidir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 70 saylı fərdi yaşayış evində Şəxs başqa, X3, X6 və X5 qeydiyyatsız yaşayırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-360/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(011)-360/2021 saylı qətnaməsindən şikayət vermiş X6 qətnamə ilə maraqlarına toxunulan şəxs hesab olunmuş və X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(011)-360/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, Şəxs icra vərəqəsini icra olunmasından qərəzli olaraq yayınmadığı üçün həmin şəxsin əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar