Məhkəmə qərarları › İş №3(011)-196/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-196/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-196/2022 22.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli 15 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə auditi aparılmamış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərmişdir ki, MMC kommersiya fəaliyyəti ilə məşğul olmur, məktəb kimi fəaliyyət göstərir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 02 dekabr 2021-ci il tarixli bildirişindən görünür ki, Şəxs MMC 2019-cu il üzrə maliyyə hesabatlarının auditinin 2020-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 15 dekabr 2021-ci il tarixdə saat 12:00-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. İş materiallarında olan MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 15 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 30.06.2020-ci il tarixdən gec olmayaraq 2019-cu il üzrə maliyyə hesabatlarının auditi aparmalı idi. Maliyyə Nazirliyi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol 15 dekabr 2021-ci il tarixində tərtib edilərək aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bununla da, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının auditinin aparılması üçün nəzərdə tutulan müddətdən, yəni 30.06.2020-ci il tarixindən bir ildən çox vaxt keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar