Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1970/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, X2, müdafiəçisi “LCG” Vəkil Bürosunun vəkili X6 iştirakları ilə "xxxx" ASC-nin İdarə Heyətinin sədri X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 11 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" ASC-nin İdarə Heyətinin sədri X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 11 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Cəmiyyətin 2021-ci ilin yekun maliyyə hesabatlarına əsasən 2 264 865.00 manat. 2022-ci ili yekun maliyyə hesabatlarına əsasən 575 354.43 manat zərərlə başa vurmuş, bu səbəbdən Cəmiyyətin satış strategiyasında əsaslı dəyişikliklər edilmiş, filial və nümayəndəlik işçilərinin əmək haqqı məbləğlərinə yenidən baxılması qərara alınmışdır. Bundan sonra tərəflərindən X5 AS-23/053 saylı xx.xx.2023-cü il tarixli məktub ilə rəsmi qaydada müraciət edilmişdir. Müraciətdə məktubun ona verildiyi andan 1 ay sonra əmək haqqının azaldılaraq vergilər və digər məcburi ödənişlər daxil olmaqla 500.00 (beş yüz) manat məbləğində müəyyən ediləcəyi və razılaşmadığı təqdirdə AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndi nəzərə alınmaqla orta aylıq əmək haqqının 2 qatı ödənilməklə həmin məcəllənin 68-ci maddəsinin c həndi ilə əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Qeyd olunan məktub xx.xx.2023-cü il tarixdə X5 rəsmi qaydada çaldırılmışdır. Sonra tərəflərindən AR Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq X7 ilə Cəmiyyət arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı etirazını bildirmədiyi üçün xx.xx.2023-ci il tarixli AS-K-23/45 saylı əmrlə sonuncunun əmək haqqı azaldılaraq 500.00 (beş yüz) manat təyin edilmişdir. AR Mülki Məcəlləsinə əsasən, əqdlər və onların bir hissəsinin əhəmiyyətsiz hesab edilməsi məhkəmələrin səlahiyyətindədir. X7 ilə Cəmiyyət arasında bağlanılmış əmək müqaviləsinin "əmək haqqı" ilə bağlı olan bəndi məhkəmə qaydasında mübahisələndirilmədiyindən və əhəmiyyətsiz hesab edilmədiyindən həmin bənddə göstərilən əmək haqqı məbləğinin tərəflərindən ödənilməsi əmək haqqının düzgün hesablanmaması kimi dəyərləndirilə bilməz. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi X3 əmək müqaviləsinə qanunvericiliyin göstərilən müddəalarına əsasən birtərəfli qaydada dəyişiklik edilməsi AR Əmək Məcəlləsinin tələblərinə tam uyğundur. Məhkəmə iclasında X4 şikayətdə göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X9 şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edirəm ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 11 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X1 Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinin tələbini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat məbləğində cərimə edilmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi qərar qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları nəzərə almamışdır. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Əmək Məcəlləsinin 43.4-cü maddəsinə əsasən Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, vətəndaş X5 Əmək Məcəllənin 56.2-ci maddəsinə müvafiq olaraq işəgötürən tərəfindən əmək şəraitinin şərtlərinin dəyişdirməzdən bir ay əvvəl yazılı məlumat ilə xəbərdar edilmişdir. O, yeni əmək şəraiti ilə işi davam etdirməyə narazılığını bildirmədiyi üçün xx.xx.2023-ci il tarixli AS-K-23/45 saylı əmrlə əmək haqqı azaldılaraq 500.00 (beş yüz) manat təyin edilmişdir. Göründüyü kimi X3 əmək haqqının azaldılması Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirilmiş, əmək müqaviləsinə həmin şəkildə birtərəfli qaydada dəyişiklik edilməsi Əmək Məcəlləsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 11 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117, 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 11 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1970/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1970/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver