Məhkəmə qərarları › İş №3(011)-1972/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1972/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1972/2023 12.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, X3 Respublikaşı “İran Milli Qaz" tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin şirkətinin ünvanına göndərilən təbii qaz malının rəsmiləşdirilməsi ilə baqlı **********1311 saylı idxal gömrük bəyannaməsi xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Həmin bəyannamə üzrə «təbii qaz» idxalının rəsmiləşdirilməsi 2023-ci ilin mart avında həyata keçirilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 295.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 Nömrəli qərarının 6.4-cü bəndinə əsasən bəyannaməçi malların natamam gömrük bəyannaməsi əsasında gömrük sərhədindən keçirilməsinə icazə almaq üçün gömrük orqanına müraciət edir. Lakin idxalatçı olan Azərbaycan Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsi tərəfindən natamam bəyannamə təqdim edilməmişdir. Bununla da Azərbaycan Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin tərəfindən təbii qazın gömrük rəsmiləşdirilməsi qaydasına riayət olunmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin barəsində Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsi ilə Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 16 mart 2023-cü il tarixli 13000-00287/23 saylı protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri üzrlü səbəblər olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Enerji Resursları və X2 Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin xx.xx.2023-cü il tarixli 34/012/001509 saylı raportundan görünür ki, bəyannaməçi malların natamam bəyannamə əsasında gömrük sərhədindən keçirilməsinə icazə almaq üçün gömrük orqanına müraciət etmiş, lakin, mallara görə idxalatçı tərəfindən natamam bəyannamə təqdim edilməmişdir. İdxal olunmuş mallara dair **********1311 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Bununla da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən təbii qazın gömrük rəsmiləşdirilməsi qaydasına riayət olunmamışdır. İş materiallarında olan **********1311 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, bəyannamə gömrük orqanına xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X1 izahatından görünür ki, natamam gömrük bəyannaməsinin verilməməsi şirkətdə mövcud olan texniki problemlər səbəbindən bas vermiş, gömrük bəyannaməsinin gec təqdim olunması isə ixracatçının səhvi ucbatından baş vermiş, qarşı tərəf təhvil-təslim aktını zamanında təsdiq etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Gömrük Məcəlləsinin 293.2-ci maddəsinə əsasən bəyannaməçi gömrük bəyannaməsini aşağıdakı səbəblərə görə verə bilmədiyi hallarda natamam bəyannamə təqdim edir: 293.2.1. gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda; 293.2.2. gömrük bəyannaməsi verildiyi vaxt malların miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 №li qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın 6.4-cü bəndinə əsasən bəyannaməçi malların natamam bəyannamə əsasında gömrük sərhədindən keçirilməsinə icazə almaq üçün gömrük orqanına müraciət edir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən icazə onun alınması üçün bu Qaydaların 6.2-ci bəndində göstərilmiş tələblərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir və natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 250 (iki yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar