Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1995/2021 24.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3, X1 iştirakları ilə, X4 Bakı Nəqliyyat Agentliyi tərəfindən 30 mart 2021-ci il tarixdə qəbul edilmiş BNA ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyi tərəfindən 30 mart 2021-ci il tarixdə qəbul edilmiş BNA ******* nömrəli elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İXM-nin 124.5 və 124.6-cı maddələrinin tələbləri kobud surətdə pozulmaqla həmin Məcəllənin 346.1-ci maddəsində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozmağa görə barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. İXM-nin 124.5-ci maddəsinin tələbinə görə 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda (124.5-ci maddəsinin qeyd hissəsində maneə yaradan hallar göstərilmişdir), 124.6-cı maddəsinin tələbinə görə isə inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda xətanı törətmiş şəxsin iştirakı olmadan ancaq səlahiyyətli şəxs tərəfindən bilavasitə foto və ya video çəkiliş aparmaqla qərar tərtib edilə bilər. Həmin vaxtlarda o, avtomobilini heç vaxt tərk etməmişdir. Bu inzibati xətanın M.Hadi küçəsində quraşdırılmış xüsusi texniki vasitənin köməyi ilə aşkar edilməsi və qərar tərtib edilməsi tamamilə qanunsuz və əsassızdır. Ona görə ki, 346.1-ci maddə İXM-nin 122.1-ci maddəsində sadalanan maddələr sırasına daxil edilməmişdir. 04.05.2021-ci il tarixdə qeydiyyatda olduğu ünvana sifarişli poçt göndərişi daxil olsa da, İXM-nin 57-ci və 125-ci maddələrinin tələbləri kobud surətdə pozularaq tərtib edilən qərar və protokollar barədə ona SMS vasitəsilə heç bir məlumat verilməmişdir. Beləliklə o, qeyd olunanları rəhbər tutaraq, 30 mart 2021-ci il tarixdə qəbul edilmiş BNA ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 30 mart 2021-ci il tarixdə qəbul edilmiş BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın əsassız olması nəzərə alınaraq ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin o qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində ikinci cərgədə avtomobili saxlamış, sadəcə olaraq BNA tərəfindən ona həmin yerdə dayanmanın qadağan olduğu barədə məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X6 izahatında göstərmişdir ki, X5 inzibati qərardan şikayətini inzibati xətanın foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinin İXM-nin 122-ci maddəsinin tələblərinə zidd olması, eləcə də qəbul edilmiş qərarın ona SMS vasitəsi ilə məlumatlandırılmaması ilə əsaslandırmışdır. X5 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X5 idarə etdiyi “VAZ 21074 minik” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 29 mart 2021-ci il tarixdə Bakı şəhəri, Zivərbəy Əhmədbəyov ünvanında saat 22:54:54-dən 22:57:38-dək yolun hərəkət hissəsinin ikinci zolağında saxlamışdır. Halbuki “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İ-ci hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin sağ kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. İnzibati xəta hadisəsini təsdiq edən fotoşəkildən göründüyü kimi həmin avtomobil ikinci cərgə yaratmaqla, yolun hərəkət hissəsinin ikinci zolağında saxlamışdır və bununla da dayanma qaydasını pozmuşdur. Qeyd edilməlidir ki, Agentlik tərəfindən İXM-nin 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat İXM-nin 122-ci maddəsi əsasında deyil, məhz 124.5 və 124.6-cı maddələri üzrə aparılır. Çünki kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkilləri bilavasitə həmin kameralarla çəkiliş aparan, idarəetmə mərkəzində olan səlahiyyətli şəxslər tərəfindən qeydə alınır və bu İXM-nin 124-cü maddəsi ilə birbaşa uzlaşır. Eyni zamanda qanunvericilikdə inzibati xətanın səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi üsulu ilə (hədə-qorxu, zor tətbiq etmək və ya gizli şəkildə əldə etmək istisna olmaqla) bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Eyni zamanda İXM-nin 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xəta hadisəsini təsdiq edən foto və video materiallar sübut növü kimi xüsusi texniki vasitələrin göstəricilərinə deyil, məhz sənədlərə aiddir. Çünki İXM-nin 80.2-ci maddəsinə görə, fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Bakı Nəqliyyat Agentliyinin 30 mart 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı 30.03.2021-ci il tarixdə ASAN SMS vasitəsi ilə göndərilmişdir, lakin müəyyən səbəblərdən gedib çatmadığından həmin qərar 01.04.2021-ci il tarixdə məktub vasitəsi ilə göndərilmiş və 12.05.2021-ci ildə nəqliyyat vasitəsinin istifadəçisinə çatdırılmışdır. Eyni zamanda inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisini inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsas deyil. Beləliklə, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X4 şikayəti əsassız və qanunsuz olduğundan təmin edilməməli və həmin inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında 30 mart 2021-ci il tarixdə qəbul edilmiş BNA ******* nömrəli qərarından görünür ki, X4 Xətai rayonu, Məhəmməd Hadi küçəsində 29.03.2021-ci il tarixində saat 22:57:38-də dayanma və ya durma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir; fotoşəkillərdən görünür ki, “VAZ 21074 minik” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin ikinci zolağında dayanmış və bununla da dayanma qaydasını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 124.5-ci maddəsinə əsasən bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli fərmanının 1.1-ci maddəsinə əsasən parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə tapşırılmışdır. Məhkəmə baxışı zamanı təqdim edilmiş fotoşəkillərlə və inzibati tənbeh vermə haqqında elektron qərarla təsdiq olunmuşdur ki, X5 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində “VAZ 21074 minik” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozmuşdur və inzibati xətanın törədilməsi “Hikvision” markalı, DS-2DF8236İX-AELW” model olan planşet (bort kompyuter) vasitəsilə qeydə alınmışdır. Qeyd edilməlidir ki, “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İ-ci hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin sağ kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Lakin inzibati xəta hadisəsini təsdiq edən fotoşəkildən göründüyü kimi həmin avtomobil ikinci cərgə yaratmaqla, yolun hərəkət hissəsinin ikinci zolağında saxlayaraq, dayanma qaydasını pozmuş və digər sürücülərin hərəkəti üçün maneə yaratmışdır. X2 özü də məhkəmə iclasında Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində ikinci cərgədə avtomobili saxladığını etiraf etmiş, lakin bunun qayda pozuntusu olduğunu bilmədiyini bildirmişdir, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunu bilməmək inzibati xətanı törədən şəxsi məsuliyyətdən azad etmir və inzibati iş üzrə icraata xitam verilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı X4 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X4 Bakı Nəqliyyat Agentliyi tərəfindən 30 mart 2021-ci il tarixdə qəbul edilmiş BNA ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş 30 mart 2021-ci il tarixdə qəbul edilmiş BNA ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1995/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1995/2021
24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver