Məhkəmə qərarları › İş №3(011)-200/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-200/2022

16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-200/2022 16.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin səlahiyyətli nümayəndəsi X2 və Şəxs MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklan İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 10 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Şəxs MMC tərəfindən Xətai rayonu, Mərkəzi Bulvar küçəsi 6 ünvanında müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməklə “Reklam haqqında” qanunun tələblərini pozması göstərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin səlahiyyətli nümayəndəsi X2 izahatında göstərmişdir ki, ünvan 1 ünvanında Şəxs adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 10 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı protokol tərtib olunmuşdur. Tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci və 103.1-ci maddələrinə əsasən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na uyğun olaraq birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) istisna olmaqla, digər hallarda, açıq məkanda reklam yerləşdirilməsinə görə reklam yayıcıları müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəyərək Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən icazə almalı, icazə müqaviləsini bağlamalı və reklam yayımına görə haqq ödəməlidir. Dövlət rüsumunun və reklam yayımına görə haqqın məbləği göstərilən fərmanla müəyyən edilmişdir. Hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol tam qanuni və əsaslıdır. Ona görə də məhkəmədən Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi və vəkili X3 izahatında göstərmişdir ki, istifadə edilən reklam vasitələrinə dair əvvəlki icazə xx.xx.2020-ci il tarixində alınmış və MMC-yə P**********001 qeydiyyat nömrəli texniki pasport təqdim edilmişdir. "Açıq məkanıla reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.22-ci maddəsi çərçivəsində, müvafiq icazənin bitməsinə və reklamın ləğv edilməsinə dair bildiriş və ya inzibati akt göndərilmədiyi halda, qeyd olunan protokol tərtib edildiyi gündən 1 gün əvvəl, yəni xx.xx.2021-ci il tarixində MMC tərəfindən nəzərdə tutulmuş icazə ilə bağlı rüsumlar üçün ödəniş tapşırığı verilmiş və yeni icazələr elektron qaydada qeydiyyatdan keçərək xx.xx.2021-ci il tarixində qüvvəyə minmişdir. Ölkəmizdə uzun illər davam edən siyasətin və strateji yol xəritəsinin davamı olaraq son dövrlərdə sahibkarlıq fəaliyyətinin inkişafı, sahibkarlığa dövlət dəstəyi, bu sahədə aparılan yoxlamaların dayandırılması, sahibkarların qarşılaşdıqları bürokratik əngəllərin və korrupsiya, süründürməçilik, eləcə də məmur özbaşınalığının qarşısının alınması üzrə hərtərəfli tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə bu məsələlərə toxunmuş, sahibkarlıq fəaliyyətinə və sahibkarlara yaradılan hər cür maneanin qəbuledilməz olduğunu bildirmişdir. Protokol Cəmiyyətin nümayəndəsinin iştirakı olmadan, icazəyə dair sənədlər rəsmi olaraq tələb edilmədən, qanunvericiliklə nəzərdə tutulmuş xəbərdarlıq edilmədən tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na əsasən, müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir (3.2). Reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır (3.3). Həmin Qaydanın 3.5-ci bəndinə görə, müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə; reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır) (3.5.1.); bu Qaydanın 3.5.1-ci yarı m bənd i nə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda. reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür (3.5.2.). İnzibati tənbehin məqsədləri şəxsləri qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdır. Cəmiyyət tərəfindən müvafiq rüsumlara dair ödənişlər həyata keçirilmiş və müvafiq icazələr alınmışdı, həmin Protokol əsasında inzibati tənbehin tətbiq edilməsi inzibati tənbeh anlayışının məqsədləri ilə, o cümlədən insan və vətəndaş hüquq və azadlıqları, şəxslərin iqtisadi maraqları, ictimai qayda və ictimai təhlükəsizlik, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarət olan inzibati qanunvericiliyin vəzifələri ilə də ziddiyyət təşkil edəcəkdir. Cəmiyyət Agentliyin tərtib eldiyi Protokolda nəzərdə tutulmuş inzibati xətanı törətməmiş, xətanın törədilməsini sübut edən heç bir sənəd, sübut və ya dəlil mövcud olmamış, Agentlik protokol tərtib edərkən reklam lövhələrini əks etdirən bir neçə fotoşəkillə kifayətlənmiş, müvafiq icazələrin alınıbalınmaması barədə heç bir çıxarış (maliyyə və ya mühasibatlıq) təqdim etməmişdir. Qeyd edilənlərə əsasən Şəxs MMC barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 10 dekabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında Şəxs adlı obyektin üzərində reklam yerləşdirilməklə "Reklam haqqında” Qanunun tələblərinin pozulması faktı müəyyən edilmiş, bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında müvafiq protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir; Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; Belə ki, “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: Həmin qanunun 3.5.1-ci maddəsinə əsasən reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməsi (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); Həmin qanunun 3.5.2-ci maddəsinə əsasən bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görməsi; Həmin qanunun 3.6-ci maddəsinə əsasən Açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilməsi; Həmin qanunun 3.7-ci maddəsinə əsasən Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verməsi göstərilmişdir. Sadalanan hüququ normalarından müəyyən olunur ki, səlahiyyətli orqan tərəfindən “açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması” halları ilə bağlı pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməsi ilə bağlı ilkin hərəkətlər yerinə yetirilməyərək vəzifəli şəxs barəsindən dərhal protokol tərtib olunmuş və müvafiq protokol baxılması üçün məhkəməyı göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta tərkibi olmaması əsası ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar