Məhkəmə qərarları › İş №3(011)-2002/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2002/2020

29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2002/2020 29.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, protokol tərtib edən Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Balakən rayonunun Qazma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2016-cı il tarixli, 2(011)-4848/2016 saylı icra sənədi şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişə əlavə edilməklə icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə icraata başlamaq haqqında qərarın surəti tələbkarın ünvanına və məhkəməyə göndərilmişdir. İcra sənədini könüllü icra etmədiyi üçün borclunun ünvanına xəbərdarlıq məktubu göndərilmiş, lakin heç bir nəticə əldə edilməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib edilmiş inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmiş, əmlak vəziyyəti ilə bağlı müvafiq orqanlara sorğular edilmiş borclunun izahatı alınmışdır. Şəxs həmin borcundan hal-hazırda 500 (beş yüz) manat ödəniş etmiş, qalan məbləği isə birdəfəlik ödənilməsi maddi imkanlarının xaricində olduğundan hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(011)-4848/2016 saylı icra vərəqəsinə əsasən Şəxs borca görə 1100 manat və dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1130 manat onun xeyrinə tutulmalıdır. Şəxs həmin borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. xx.xx.2020-ci il tarixdə həmin borcdan 500 manat ödəniş etmişdir. xx.xx.2020-ci il tarixdə Şəxs ilə aralarında razılaşma sazişi bağlanılmış, həmin razılaşmaya əsasən Şəxs xx.xx.2020-ci il tarixdə 100 manat, oktyabr ayının sonu 150 manat, yerdə qalan 380 manatı isə 2020-ci ilin dekabr ayının sonunadək ödəyəcəyini öhdəsinə götürmüşdür. Qeyd olunanların nəzərə alınaraq inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, həqiqətən də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(011)-4848/2016 saylı icra vərəqəsinə əsasən ondan borca görə 1100 manat və dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1130 manat X3 xeyrinə tutulmalıdır. Həmin borcunun vaxtlı-vaxtında ödənilməməsinin səbəbi işsiz olması və heç bir gəlirə sahib olmaması olmuşdur. Lakin buna baxmayaraq o, X4 olan 1130 manat borcundan xx.xx.2020-ci il tarixdə 500 manat ödəniş etmiş, aralarında həmin tarixdə razılaşma sazişi bağlanılmış və həmin razılaşmaya əsasən o, X4 olan borcunu xx.xx.2020-ci il tarixdə 100 manat, oktyabr ayının sonu 150 manat, yerdə qalan 380 manatı isə 2020-ci ilin dekabr ayının sonunadək ödəyəcəyini öhdəsinə götürmüşdür. Sonda mövcud olan borcunu ödəməkdən qərəzli yayınmadığını, ödənişlər etməsini və tələbkarla aralarında razılaşma bağlandığının nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(011)-4848/2016 saylı icra vərəqəsindən görünür ki, Şəxs borca görə 1100 manat və dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1130 manat X3 xeyrinə tutulmalıdır; icraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2016-cı il tarixli, 2(011)-4848/2016 saylı icra sənədi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; sorğulara cavabdan görünür ki, Şəxs əmlak vəziyyəti ilə bağlı müvafiq orqanlara sorğular edilmiş, lakin onun adına hər hansı əmlak və gəlirlərinin olması barədə müvafiq məlumat aşkar edilməmişdir; xx.xx.2020-ci il tarixli razılaşma sazişindən görünür ki, X6 ilə Şəxs arasında razılaşma sazişi bağlanılmış, həmin razılaşmaya görə Şəxs 1130 manat borcundan xx.xx.2020-ci il tarixdə 500 manat ödəniş etmiş, xx.xx.2020-ci il tarixdə 100 manat, oktyabr ayının sonu 150 manat, yerdə qalan 380 manatı isə 2020-ci ilin dekabr ayının sonunadək ödəyəcəyini öz öhdəsinə götürmüş, həmin razılaşmanı tələbkar və borclu öz imzaları ilə təsdiq etmiş və tələbkara iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; “xxxxxxxxxxxx” ASC-nin H.Aslanov filialının xx.xx.2020-ci il tarixli qəbzinin surətindən görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(011)-4848/2016 saylı icra vərəqəsinə əsasən borclu Şəxs tərəfindən tələbkar X4 500 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; İnzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(011)-4848/2016 saylı icra vərəqəsinə əsasən Şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə 500 manat ödəniş edilmiş, tərəflər arasında razılaşma olmuş, həmin razılaşmaya əsasən borclu Şəxs mövcud borcundan xx.xx.2020-ci il tarixdə 100 manat, oktyabr ayının sonu 150 manat, yerdə qalan 380 manatı isə 2020-ci ilin dekabr ayının sonunadək tələbkar X4 ödəyəcəyini öz öhdəsinə götürmüş, həmin razılaşmanı tələbkar və borclu öz imzaları ilə təsdiq etmiş və tələbkar iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar