Məhkəmə qərarları › İş №3(011)-2007/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2007/2021

26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2007/2021 26.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 17.04.2021-ci il tarixli EQ ******* saylı elektron qərarın ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 17.04.2021-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında qərarın ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətində göstərilənlərə uyğun izahat verərək göstərmişdir ki, barəsində 17.04.2021-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. Həmin qərar qanunsuz olduğundan ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, birincisi, qərarda əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasına əməl edilməməsi göstərilərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə cərimə tətbiq edilsə də, elektron kabinetə əlavə edilmiş fotoşəkildən belə bir pozuntunu müəyyən etmək mümkün deyildir. Çünki, həqiqətən də hər hansı pozuntu olmamışdır və qərar əsassızdır. İkincisi, elektron kabinetə əlavə edilmiş fotoşəkildən bəlli olur ki, avtomobilin hərəkəti hansısa şəxs tərəfindən mobil telefon (Mi Note 10) vasitəsi ilə çəkilmiş və sonradan həmin fotoşəkil elektron kabinetə yerləşdirilmişdir. Bunun əsasında isə barəsində elektron qərar qəbul edilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Qanunvericilik məhz mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş xüsusi texniki vasitələrin tətbiq edilməli olduğunu nəzərdə tutur. Bu isə o deməkdir ki, həmin sistemə inteqrasiya olunmamış xüsusi texniki vasitələrdən istifadə oluna bilməz, istifadə olunarsa, bu, qanun pozuntusudur. Qanunun pozulması ilə əldə olunan sübutlar isə heç bir hüquqi əhəmiyyətə malik deyil və belə sübut hüquqi məsuliyyətin əsası kimi çıxış edə bilməz. Başqa sözlə, DYP-nin mərkəzi informasiya sisteminə inteqrasiya olunmamış xüsusi texniki vasitələrin qeydə aldığı qayda pozuntusuna görə sürücü inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin, qanunvericiliyin tələbindən görünür ki, xüsusi texniki vasitənin qeydə aldığı məlumat insan müdaxiləsi olmadan, avtomatik qaydada birbaşa və real vaxt rejimində həmin sistemə yerləşir. Bunun üçün isə bu texniki vasitə ilə mərkəzi informasiya sistemi arasında həm real vaxt rejimli (online) rabitə, həm də xüsusi proqram təminatı olmalıdır. Əgər bunlar yoxdursa, deməli, xüsusi texniki vasitə inteqrasiya olunmayıb. Hazırkı işdən açıq-aydın görünür ki, hadisə real vaxt rejimində (online) deyil, telefon vasitəsilə qeydə alınaraq sonradan mərkəzi informasiya sisteminə daxil edilmişdir. Odur ki, yuxarıda qeyd olunanları, habelə qanunvericiliyin tələblərini rəhbər tutaraq, 17.04.2021-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında iş üzrə elektron qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında X7 şikayətdə göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu eçen təmin edilməlidir. Belə ki, iş materiallarında olan çıxarışdan görünür ki, 17.04.2021-ci il tarixli EQ ******* nömrəli elektron qərara əsasən X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 36 manat məbləğində cərimə olunmuşdur. X2 tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinin X7 barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qərar qəbul edərkən onun əməlində inzibati xəta hadisəsinin olub-olmaması araşdırılmamış, formal olaraq inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Həmçinin iş materiallarından görünür ki, foto xüsusi texniki vasitələrin köməyi ilə deyil, “Mİ NOTE 10” markalı telefon vasitəsilə çəkilmişdir. Göründüyü kimi, elektron qərar heç bir sübuta istinad edilmədən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilərək qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, onun barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 17.04.2021-ci il tarixli EQ ******* saylı elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X4 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 17.04.2021-ci il tarixli EQ ******* saylı elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar