Məhkəmə qərarları › İş №3(011)-2010/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2010/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2010/2025 17.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə 20 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, Bakı səhəri, Xətai rayonu, N.Rəfiyev küçəsində Şəxs İB-yə məxsus qaz təzyiqinin tənzimlənməsi qurğusunun ətrafında xx.xx.2025-ci il tarixdə aparılan ölçmə işləri nəticəsində ətraf mühitə yayılan səsküy səviyyəsinin yolverilən normadan artıq olması faktı aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol üzrə icraata xitam verilməlidir. Belə ki, 1) İXM-nin 101.1 və 101.2-ci maddələrində nəzərdə tutulmuş prosessual müddətlər pozulmaqla inzibati xəta haqqında protokol tərtib edilmişdir. ETSN-nin Xəzər X3 İdarəsi inzibati xəta hadisəsinin xx.xx.2025-ci il tarixdə baş verdiyini göstərmiş, lakin müvafiq protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. 2) İXM-nin 101.3-cü maddəsinə uyğun olaraq inzibati araşdırma aparılmışdırsa belə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad qəbul olunmamış, həmin qərardad qazpaylayıcı “Azəriqaz” İB-yə və hazırki iş üzrə məhkəməyə təqdim edilməmiş, inzibati araşdırma üzrə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə icraat iştirakçılarına bildiriş göndərilməmişdir (İXM-nin 102.2 və 60-cı maddəsinin tələbləri pozulmuşdur). xx.xx.2025ci il tarixli başqa bir aktda Azəriqaz İB-nin nümayəndələri ilə telefon əlaqəsi saxlanıldığı qeyd olunmuş, araşdırma ilə əlaqədar işə baxılmasına çağırılmamışdırlar. 3) Xətai rayonu, N.Rəfiyev küçəsində quraşdırılmış qaz tənzimləyici qurğunun səs-küy səviyyəsindən vətəndaşlarların şikayət etdiyi qeyd olunsa da, tərtib edilmiş akt və protokollarda şahid və hal-şahidlərinin, eləcə də müstəqil ekspert və ya mütəxəssisin iştirakı təmin edilməmişdir. 4) Xətai rayonu, N.Rəfiyev küçəsində xx.xx.2025-ci il tarixdə qaz tənzimləyici qurğudan ətraf mühitə yayılmış səs-küy səviyyəsinin ETSN-nin qeyd etdiyi kimi 85.9 dBA olduğu heç bir sübutla öz təsdiqini tapmır. xx.xx.2025-ci il tarixdə Bakı şəhərində güclü Şimal-Qərb küləyi əsmişdir. Fotoşəkildə əks olunmuş səs ölçən cihazda 85.9 dBA səviyyəsi küləyin də səsi ola bilər, yol yeri ilə hərəkət edən avtomobillərdən ətrafa çıxan səs də ola bilər, səyyar səs ölçən cihazında yanında ETSN nümayəndələri tərəfindən mobil telefonda quraşdırılmış yüksək səs tonu ilə ifa edilmiş musiqi səsi və ya qışqırıq səsi, sair səslər də olması mümkündür. 5) Xətai rayonu, N.Rəfiyev küçəsində xx.xx.2025-ci il tarixdə ətrafdan gələn səs-küy səviyyəsinin məhz qaz tənzimləyici qurğudan gəldiyini sübut edəcək video çəkiliş yoxdur və iş materiallarına əlavə edilmiş fotoşəkillərdə əks olunmuş ölçmə cizahında göstərilmiş 85.9 dBA səs-küy səviyyəsinin məhz qaz tənzimləyici qurğudan gəldiyi, o cümlədən də fotoşəkillərin də hansı tarixə aid olduğu müəyyən edilmir. 6) Qaz boru kəmərlərindən (xətlərindən və ya qurğularından) ətraf mühitə yayılan səs-küy səviyyəsinin norması heç bir normativ hüquqi aktda dəqiq və ətraflı göstərilməmişdir. AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul olunmuş, “Әtraf mühitin akustik küy çirklənməsi: problemlər və həllər” adlı məqaləsinin 1 nömrəli cədvəlində, «istehsal yerlərində və müəssisələrin ərazisində daimi iş yerlərində işlərin yerinə yetirilməsi zamanı» qeyri-sabit küy üçün səs səviyyəsinin 80 dBA və maximum səs səviyyəsinin qeyri-müəyyən (-) dBA olduğu göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 06 nömrəli qərarı ilə təsdiq edilmiş AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”nın 4.1-ci yarımbəndinin “c” hissəsində isitmə avadanlıqlarının quraşdırıldığı sahələrdə səsküy səviyyəsinin 110 dBA-dan çox olmamaqla yol verilir. Odur ki, göstərilənlərə əsasən o, barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişlər ki, vətəndaşların şikayətləri əsasında tərəflərindən Bakı səhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində plandankənar yoxlama aparılmış, nəticədə həmin ərazidə qaz təzyiqinin təzimlənməsi üçün quraşdırılmış avadanlığın fəaliyyəti zamanı ətraf mühitə yayılan səs küy səviyyəsinin yolverilən normadan artıq olması faktı aşkar edilmişdir. Bununlada, Şəxs tərəfindən “Әtraf mühitin mühafizəsi haqqında” Qanunun 30, 31, 32-ci maddələrinin, “Әtraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 796 nömrəli fərmanı ilə təsdiq edilmiş normalara riayət edilmədiyi, beləliklə də İXM-nin 275.2-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Beləliklə o, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini bildirərək barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi müfəttiş X5 tərəfindən tərtib olunmuş 20 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı səhəri, Xətai rayonu, N.Rəfiyev küçəsində Şəxs İB-yə məxsus qaz təzyiqinin tənzimlənməsi qurğusunun ətrafında xx.xx.2025-ci il tarixdə aparılan ölçmə işləri nəticəsində ətraf mühitə yayılan səs-küy səviyyəsinin yolverilən normadan artıq olması faktı aşkar edilmiş, nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 002884 nömrəli aktda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yaşayan vətəndaşların ətraf əraizdə səs-küy səviyyəsinin çoxalması və anarhatlıq yaratması ilə bağlı məlumat 11 RETSİ-nin müfəttişləri ilə birgə araşdırılmışdır. Monitorinq zamanı sözügedən ərazidə Xətai rayonu, Qaz idarəsinə məxsus qaz təzyiqinin təzimlənməsi üçün quraşdırılmış avadanlığın fəaliyyəti zamanı səs-küyün yayılması müəyyən olunmuşdur. Tərəflərindən qeyd olunan avadanlıq fəaliyyətdə olduğu zaman ətraf mühitə yayılan səs-küy səviyyəsini təyin etmək məqsədilə səyyar cihaz PCE-322A vasitəsilə ölçmə işləri aparılmışdır. Ölçmə nəticəsində səs-küy səviyyəsi 80-85 dBa (norma 60 dBa) daxilindən artıq olduğu müəyyən olunmuşdur. Səs-küy səviyyəsinin ölçmə işləri zamanı Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli 796 saylı fərmanı əsas götürülmüşdür. Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 89121 nömrəli aktda qeyd edilmişdir ki, Xətai rayonu, N.Rəfiyev küçəsində yaşayan vətəndaşların “ətraf ərazidə səs-küy səviyyəsinin çox olması və narahatlıq yaratması” ilə bağlı daxil olan məlumat yerində araşdırılmışdır. Monitorinq zamanı sözügedən ərazidə səs-küyün Şəxs İB-nin “Xətai Rayon Qaz İstismar Sahəsi”nə məxsus qaz təzyiqinin təzimlənməsi üçün quraşdırılmış avadanlığın fəaliyyəti zamanı yaranması müəyyən olunmuşdur. Araşdırma zamanı özünü “Xətai Rayon Qaz İstismar Sahəsi”nin rəisi kimi təqdim edən İlham adlı şəxs və Şəxs İB-nin texniki məsələlər üzrə əməkdaşı Azər Aşurlu tərəfindən verilən şifahi məlumata əsasən qazın bərabər paylanması üçün ilin soyuq aylarında həmin qurğudan səs çıxmasının normal olduğu, yaxın günlərdə səs-küyün səviyyəsinin norma həddinə çatdırılacağı bildirilmiş, bununla belə aparılan ölçmə işlərinə və araşdırmaya dəvət olunsa da iştirak etməkdən və ya hər hansı rəsmi sənəd təqdim etməkdən imtina etmişlər. Buna baxmayaraq ətraf mühitə yayılan səs-küy səviyyəsini təyin etmək məqsədilə qeyd olunan qurğunun ətrafında PCE-322A cihazı vasitəsilə ölçmə işləri aparılmış, nəticələrə əsasən səs-küy səviyyəsi 80-85 dBa (norma 60 dBa) təşkil edərək ətraf mühit üçün yolverilən normadan artıq olduğu müəyyən edilmişdir. Araşdırma nəticəsində Şəxs İB tərəfindən “Әtraf mühitin mühafizəsi haqqında” Qanunun 30, 31, 32-ci maddələrinin, “Әtraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 796 nömrəli fərmanı ilə təsdiq edilmiş normalara riayət edilmədiyi, beləliklə də İXM-nin 275.2-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, monitorinq zamanı şikayətçilərin yaşadığı ünvanın ərazisində PCE-322A səyyar cihazı vasitəsilə səsküy çirklənməsi ölçülmüşdür. Ölçmənin nəticəsinin 85.9 dBA (norma: 60 dBa) təşkil edərək, ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Әtraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri” Normalarının 1.1-ci bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır. Həmin Normaların 1.3-cü bəndinə əsasən bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. “Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən bu Qanun hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. Həmin Qanunun 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, tərəflərin çıxışları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Bakı səhəri, Xətai rayonu, N.Rəfiyev küçəsində Şəxs İB-yə məxsus qaz təzyiqinin tənzimlənməsi qurğusunun ətrafında xx.xx.2025-ci il tarixdə aparılan ölçmə işləri nəticəsində ətraf mühitə yayılan səs-küy səviyyəsinin yolverilən normadan artıq olması faktı aşkar edilmişdir. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 özlərini təqsirliyi bilməyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə nümayəndənin qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həmin izahatı inzibati məsuliyyətdən yayınmaq üçün verilmiş izahat kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsində yaşayan vətəndaşların “ətraf ərazidə səs-küy səviyyəsinin çox olması və narahatlıq yaratması” ilə bağlı ünvanladıqları məlumata əsasən araşdırma aparılmış və monitorinq zamanı sözügedən ərazidə səsküyün Şəxs İB-nin “Xətai Rayon Qaz İstismar Sahəsi”nə məxsus qaz təzyiqinin tənzimlənməsi üçün quraşdırılmış avadanlığın fəaliyyəti zamanı yaranması müəyyən olunmuşdur. Araşdırma zamanı özünü “Xətai Rayon Qaz İstismar Sahəsi”nin rəisi kimi təqdim edən İlham adlı şəxs və Şəxs İB-nin texniki məsələlər üzrə əməkdaşı Azər Aşurluya məlumat verilmiş, bununla belə aparılan ölçmə işlərinə və araşdırmaya dəvət olunsa da iştirak etməkdən və ya hər hansı rəsmi sənəd təqdim etməkdən imtina etmişlər. Buna baxmayaraq ətraf mühitə yayılan səs-küy səviyyəsini təyin etmək məqsədilə qeyd olunan qurğunun ətrafında PCE-322A cihazı vasitəsilə ölçmə işləri aparılmış, nəticələrə əsasən səs-küy səviyyəsi 80-85 dBa (norma 60 dBa) təşkil edərək ətraf mühit üçün yolverilən normadan artıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 göstərdiyi xüsusatlar məhkəməyə təqdim olunmuş fotoşəkillərə və videogörüntüyə baxış zamanı da öz təsdiqini tapmışdır. Belə ki, həmin ərazidə PCE-322A səyyar cihazı vasitəsilə səs-küy çirklənməsi ölçülmüşdür. Ölçmənin nəticəsi 85.9 dBA (norma: 60 dBa) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıq olmuşdur. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8000 (səkkiz min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar