Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2024/2025 01.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, xx xxxxx 1992-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Birinci Şahsevən Ə/D, Birinci Şahsevən kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət təqibinin başlanmasının xitam edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X5 16 yanvar 2025-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs etibarnamə ilə idarə etdiyi “Khazar SD” markalı və modelli 99KM986 dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində “X13 Boulevard” istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu qanun normasına əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, ünvan 1 ünvanın qarşısında idarə etdiyi avtomobili ehtiyatsızlıqdan maneəyə vuraraq avtomobilin sərnişinləri X1 körpücük sümüyünün yerdəyişmiş sınığı kimi az ağır dərəcəli və X2 nahiyəsinin əzilmiş yarası və sağ yanaq nahiyəsinin sıyrığı kimi yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olaraq yol hərəkəti qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və zərərçəkmiş şəxsə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və zərərçəkmiş şəxs iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 30 sentyabr 2024-cü il tarixli, 985 saylı ekspert rəyinin surətindən görünür ki, X3 nahiyəsinin əzilmiş yarası və sağ yanaq nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-ci il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən qəbul edilmiş 18 yanvar 2025-ci il tarixli «cinayət təqibinin başlanmasının xitam edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilmiş, o, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2024/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2024/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver