Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2026/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin X7 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayətçi X1 iştirakları ilə, X1 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İXP ******* saylı protokola Bakı şəhəri BPİ tərəfindən çıxarılmış 29 aprel 2023-cü il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 26 aprel 2023-cü il tarixində Yusif Səfərov küçəsində ona məxsus “Toyota Prado” avtomobili ilə hərəkət edərkən saat 13:30 radələrində **-YP-*** dövlət nömrə nişanlı YPX avtomobili onu saxlamış, avtomobilində led işıqlar olduğuna görə heç bir protokol və akt tərtib etmədən, maşını cərimə duracağına aparmışdır. O, buna etiraz edib, maşınında olan led işıqların tamamilə qanuni olduğunu və əgər qanuni pozmuşsa belə, protokolun yazılıb ona verilməsini və inzibati xətanı yerində aradan qaldıra biləcəyini, buna görə də maşının cərimə duracağına aparılmasının qanunsuz olduğunu tələb etsə də, inspektor razılaşmamış və protokolu Bakı şəhər BPİ-də 23-cü otağa yaxınlaşaraq əldə etməyi bildirmiş və avtomobili cərimə duracağına aparmışdır. O, 27 aprel 2023-cü ildə Bakı şəhər BPİ-də 23-cü otağa yaxınlaşmış, orada ona inspektor demişdir ki, “Səni bura kim göndərib? Sən niyə gəlmisən bura get maşının led işıqlarını çıxart bizə zəng edib deyəcəklər sonra maşını cərimə meydançasından götür get”. O, protokol tələb etdikdə isə demişdir ki, “protokol sənə yazılacaq narahat olma”. O, 23-cü otaqdan çıxandan sonra, yəni 27 aprel 2023-cü ildə ona sms vasitəsilə elektron formada İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə İXP5381609 saylı protokol tərtib olunmuş və bu protokol ona verilməmiş, 26 aprel tarixinə Daxili İşlər Nazirliyinin elektron kabinetində “qərarsız” olaraq yerləşdirilmişdir. Onun etirazı haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, “Yol Hərəkəti haqqında” AR Qanununun 30-cu maddəsi nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi maddəsidir. Bu maddəyə görə qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 1 saylı Əlavədə isə Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların SİYAHİSİ sadalanır. BPİ-nin nümayəndələri əlavənin İİİ bölməsini (Xarici işıq cihazları) əsas tuturlar və iddia edirlər ki, led işıq qadağandır. Hərçənd əlavənin İİİ bölməsinin 1-ci və 2-ci bəndində deyilir. 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. Qeyd: istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. 2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. Göründüyü kimi bu maddənin tələbləri pozulmuş deyildir. Çünki, burada LED adi hallogen lampa kimi H1, H7, H4 və s kimi quraşdırılır. Farada H, lampada U işarəsi hallogen lampaya işarə edir və LED lampa hallogeni əvəz edə bilir. LED lampaların ayrıca işarələnməsi olmadığına görə hallogen yerinə istifadə edilə bilər. Hallogen lampada led lampanı əvəz edə bildiyi üçün, LED lampanın rəngini, tipini, miqdarını, yerləşməsini, iş rejimini pozmamaqla istifadə etmişdir və faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun nizamlanmışdır. Buna görə də LED lampa qanunla qadağan olunmur cünki, onun avtomobilində adi hallogen lampanı çıxardaraq LED lampa, əlavə qustar üsulla heç bir dəyişiklik etmədən zavod şteykerlərinə taxılır. Yəni avtomobilin elektrik sistemində heç bir dəyişiklik olunmur. Bu arada qeyd etməlidir ki, İXM-nin 342.2.2-ci maddəsi normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə təyin edir. Əgər o, avtomobilində ksenon lampalardan istifadə etsə idi, bu cərimə düzgün yazılmış hesab olunardı, çünki leddən, hallogendən fərqli olaraq D1S, D2S, D3S kimi işarə olunur və həmin lampalar avtomobilin zavod şteykerinə birbaşa taxılmır. Həmin lampaları istifadə etmək üçün əlavə gücləndirici blok olmalıdır. Əgər zavod avtomobildə ksenon quraşdırılmasını nəzərdə tutmayıbsa, onda ksenon bloku zavod tərəfindən avtomobilin üzərində gəlmir. Əlavə olaraq avtomobilin tok sistemi həmin ksenon blokunu işlədə biləcək şəkildə nəzərdə tutmur. Yəni sonradan ksenon qoymaq üçün avtomobildə qustar üsullardan zavod şunurları kəsərək və ya calaq edərək ksenon blok quraşdırılır. Bundan əlavə həmin quraşdırılmış ksenon blokun lampası, hallogenə aid olan hallogen yuvası yerləşəcək şəkildə düzəldilir. Amma halbuki, ksenon lampa işarələnməsi D1S, D2S, D3S olaraq işarələnməlidir. Onlar həmin ksenon lampanı adi hallogen faraya heç cürə quraşdıra bilməzlər və yerləşməz. LED lampaların əlavə markirovka kodu olmadığına görə və hallogen lampa kodları ilə işarələndiyinə görə hallogen lampanı əvəz edə bilər. Hallogen lampaya işlək vəziyyətdə toxunmaq mümkün deyil. Adamın əlini yandırar. İstilik çox ayrılır. Lakin LED lampada istilik çox az olur və həmin lampaya əllə toxunmaq mümkündür. Bundan əlavə LED lampalar anod və katod prinsipi ilə P-N keçidinin birləşmə nöqtəsində əmələ gəlir və daha az güc tələb edir. Buna görə də LED lampa xarab olduqda qısa qapanma və yanma baş verə bilməz. Yəni qısaca desək YPX saxlayıb LED lampanı əlavə avadanlıq kimi göstərib cərimə yaza bilməz. 27 aprel tarixində bu qanunsuz tərtib olunmuş inzibati protokol haqqında BDYPİ-nə şikayət ərizəsi ünvanlamış, şikayət məktubu göndərməyinə baxmayaraq, xx.xx.2023-cu il tarixində rəsmi müraciətinə cavab verilmədən barəsində tərtib edilmiş inzibati protokola görə qərar elektron kabinetdə yerləşdirilmişdir. İXM-nin 144-cü maddəsini kobud şəkildə pozaraq, şikayət məktubuna cavab verilmədən barəsində qanunsuz tərtib olunmuş “qərarsız” inzibati protokol, xx.xx.2023-cü il, yəni 4 gün sonra ödəniş sistemində “qərarlı” yerləşdirilmişdir. Halbuki İXM-nin 144-cü maddəsində deyilir: 144.1. Qərardan şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad qəbul edilir və qərardad dərhal onu icra edən orqana (vəzifəli şəxsə) göndərilir. Beləliklə o, İXP ******* saylı protokola Bakı şəhəri BPİ tərəfindən çıxarılmış 29 aprel 2023-cü il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsində qeyd etdikləri ilə eyni məzmunda izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin o, bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən onun inzibati icraatın aparılmasında iştirakı təmin edilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərarla ona 150 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X7 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə “Toyota” markalı **- RV-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin Y.Səfərov küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbini pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə o, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X7 İdarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin, inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X7 İdarəsinin polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 13:40-da Y.Səfərov küçəsində idarə etdiyi “Toyota Land-Cruiser-Prado minik” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin normativ tələblər pozulmaqla avadanlığının dəyişdirilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı şəhər X7 İdarəsi tərəfindən X2 ünvanlanmış 13 may 2023-cü il tarixli məktubdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə “Toyota” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin Y.Səfərov küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbini pozduğundan qeyd olunan ərazidə xidmət aparan YPX əməkdaşı tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* qərarla X1 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və ona 150 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında X4 izahatında bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən onun inzibati icraatın aparılmasında iştirakı təmin edilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərarla ona 150 manat məbləğində cərimə cəzası təyin edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2026/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2026/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver