Məhkəmə qərarları › İş №3(011)-2041/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2041/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2041/2025 23.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarına baxmayaraq X7 qərarı qüvvədə saxlamışdır. Bu qərar ədalətsiz bir qərardır. O, ətraflı izahatında yazmış və 2 ədəd fotoşəkli məktuba əlavə etmişdir. Yolayrıcında nə giriş qadağandır, nə də ki ikitərəfli yol nişanı olmayıb. Bu yol məhəllə içi yoldur. Onun işlədiyi şirkət cəriməni ödəyib və X7 ödədiyinə görə guya onun qərarla razılaşdığını bildirir. Texniki baxışdan keçə bilmək üçün məcburi ödəmişdir cəriməni. Cərimə ödənişi olmayanda avtomobil texniki baxışdan keçə bilmir və yenidən cərimə gözləyir. Özü Qarabağ veteranıdır, 3-cü qrup əlildir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini və barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, həmin vaxt idarə etdiyi nəqliyyat vasitəsilə əks istiqamətli yola çıxsa da, yolun kənarında və ya yerdə həmin yola çıxmağı qadağan edən xəttlər çəkilməmiş və hər hansı bir nişan quraşdırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər BPİ DYPİ-nin YHNŞ-nin operatoru, polis serjantı Aslan Dadaşov tərəfindən tərtib edilmiş 10 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, “Təhlükəsiz şəhər” xidmətinin müşahidə-nəzarət kameraları vasitəsilə qeydiyyata alınmış videogörüntülərə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması aşkar edilmişdir. Yol qaydalarını pozmuş nəqliyyat vasitələrinin istifadəçilərinin müəyyən olunub inzibati məsuliyyətə cəlb olunması üçün müvafqi araşdırma aparılmasına dair göstəriş verilməsi xahiş olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraata başlama və inzibati araşdırma aparılması haqqında 20 sentyabr 2024-cü il tarixli qərardaddan görünür ki, aşkar edilmiş inzibati xətalarla bağlı kifayət qədər vaxt tələb edən prosessual hərəkətlərin aparılması zərurəti yarandığından inzibati araşdırma aparılması qərara alınmışdır. Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsinin Yol hərəkətinə nəzarət şöbəsinin baş inspektoru, polis mayoru Aslan Rəhimov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 08:11-də “Toyota Prius minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş 01 ədəd diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, “Toyota Prius minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 08:11-də “Toyota Prius minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 şikayət ərizəsində və məhkəmə iclasında verdiyi izahatında həmin vaxt idarə etdiyi nəqliyyat vasitəsilə əks istiqamətli yola çıxsa da, yolun kənarında və ya yerdə həmin yola çıxmağı qadağan edən xəttlərin çəkilmədiyini və hər hansı bir nişan quraşdırılmadığını, barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərara qəbul edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, X3 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə iclasında Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış hadisənin görüntülərini özündə əks edən 01 ədəd diskdə olan görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, X4 “Toyota Prius minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar