Məhkəmə qərarları › İş №3(011)-2044/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2044/2021

26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2044/2021 26.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri BPİ-nin X4 İdarəsinin 01.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri BPİ-nin X4 İdarəsinin 01.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Bakı şəhəri X4 İdarəsinin TP seriyalı, ******* saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmişdir. Qərarda qeyd edilən inzibati xəta onun tərəfindən törədilməmişdir. Həmçinin ona protokol tərtib edən inspektora müraciət etsə də ona xəta ilə bağlı heç bir videogörüntü və sübut təqdim etməmişdir. Qeyd etmək isdəyir ki, qərarı Xətai rayon ərazisində yerləşən polis idarəsindən 13.05.2021-ci il tarixdə götürmüşdür. Bununla da şikayət vermək üçün tələb olunan müddəti ötürmədiyini nəzərə almağı xahiş etmiş və qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri BPİ-nin X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhəri BPİ-nin X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsini müdafiə edərək Bakı şəhəri BPİ-nin X4 İdarəsinin 01.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 barəsində Bakı şəhəri BPİnin X4 İdarəsinin 01.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla yol nişanlarının tələblərinin pozulmasının nədən ibarət olması aydınlaşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhəri BPİnin X4 İdarəsinin 01.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri BPİnin X4 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhəri BPİ-nin X4 İdarəsinin 01.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri BPİ-nin X4 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar