Məhkəmə qərarları › İş №3(011)-2062/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2062/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2062/2025 14.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsihüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 17 yanvar 2025-ci il tarixli, 00100-03503/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs ünvanına 61YL650/61AHF484 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş mallar **********6632 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin idxalatçı tərəfindən 12 noyabr 2024-cü il tarixdə, saat 11:51 radələrində “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının ərazisinə gətirilməzdən əvvəl həmin yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 barələrində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, iş materialları və qüvvədə olan hüquq normaları nəzərə alınmaqla Şəxs MMC-nin inzibati məsuliyyət daşımadığı müəyyən olunur. Belə ki, xx.xx.2024-cü il tarixində malgöndərən şirkət tərəfindən göndərilən malların çatdırılmasını təşkil edən daşıyıcı şirkətin **-YL-***/61-AHF-485 qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsi olan qısa bəyannamənin tərtib edilməsini gözləmədən və onlarla əlaqə saxlamadan sərhədi keçmişdir və bununla bağlı məlumatlarının olmaması səbəbindən qısa idxal bəyannaməsi elektron formada verilməmişdir. Hesab edirlər ki, bu hal fors-major haldır, çünki bu halın yaranması onların iradələrindən asılı olmadan baş vermişdir. Eyni zamanda, baş vermiş hadisə ilə bağlı inzibati hüquq pozuntusu yaransa belə, əməllərində inzibati xəta tərkibi yoxdur. İnzibati xətalar haqqında qanunvericiliyi araşdırdıqda baş vermiş hal üzrə məsuliyyət daşımamaqlarının hüquqi əsasını müəyyən edə bilərlər. Belə ki, həmin protokolu tərtib edən və imzalayan şəxsin hansı əsasla bunu etdiyi aydın deyil və bu səbəbdən qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə bağlı protokol tərtib etmək səlahiyyətli olan şəxslər sırasında “təhqiqatçı” yoxdur. Ancaq həmin protokol Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X5 tərəfindən tərtib edilərək imzalanmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 7-ci hissəsinə görə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından Məcəllənin 480 — 505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə — Komitənin sədri, onun müavinləri, X2-İstintaq Baş İdarəsinin rəisi, onun müavinləri, ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin və gömrük postlarının rəisləri və onların müavinləri baxırlar. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə bağlı Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 00***-*******4 nömrəli inzibati xəta haqqında protokolu Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X5 tərəfindən baxılaraq imzalanmışdır. Şərh olunanlara istinadən, yaranmış hala görə Şəxs MMC-nin əməlində inzibati xəta yaranmamışdır. Odur ki, göstərilənlərə əsasən o, barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; “Gömrük xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən” əldə olunmuş “malların çatdırılması və boşaldılması” barədə çıxarışdan və **********6632 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs ünvanına 61YL650/61AHF484 nömrəli nəqliyyat vasitəsi ilə gələn mallar ölkə ərazisinə 12 noyabr 2024-cü il tarixdə, saat 11:51-da “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X5 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 17 yanvar 2025-ci il tarixli, 00100-03503/24 nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs ünvanına Rusiyadan 61YL650/61AHF484 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş mallar **********6632 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin idxalatçı tərəfindən 12 noyabr 2024-cü il tarixdə, saat 11:51 radələrində “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının ərazisinə gətirilməzdən əvvəl həmin yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 özlərini təqsirliyi bilməyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə nümayəndənin qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həmin izahatı inzibati məsuliyyətdən yayınmaq üçün verilmiş izahat kimi qiymətləndirir. X4 izahatında 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmana istinad edərək, həmin fərmanda İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin syahısında Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçılarının olmadığını qeyd etmişdir, lakin məhkəmə qeyd edir ki, həmin siyahı protokolu tərtib etmək səlahiyyəti olan şəxslərin deyil, qərar qəbul etmək səlahiyyəti olan vəzifəli şəxslərin dairəsini müəyyən edir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs ünvanına 61YL650/61AHF484 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********6632 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin idxalatçı tərəfindən 12 noyabr 2024-cü il tarixdə, saat 11:51 radələrində “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının ərazisinə gətirilməzdən əvvəl həmin yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar