Məhkəmə qərarları › İş №3(011)-2075/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2075/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2075/2022 09.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 və Şəxs MMC-nin direktoru X3 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xəta haqqında 27 may 2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına əsas kimi, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin tələblərinə əməl edilmədən, yazılı əmək müqaviləsi X4 ilə bağlanmamış, mövcud olmayan əmək müqaviləsi elektron informasiya sisteminə qeydiyyata alınmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X6 izahat verərək, X4 xx.xx.2021-ci il tarixdə şirkətin dorektor köməkçisi vəzifəsinə qəbul edilmişdir. Aynur Əliyeva ilə razılaşdırılmış əmək haqının məbləği elektron informasiya sisteminə daxil edilmiş və ona əmək haqqı 550 manat təşkil etmişdir. Aynur Əliyeva işdən çıxandan sonra sənədlərin harda olması barədə məlumatımız olmamış, Aynur Əliyeva sənədlərin harda olması barədə məlumat istənilməsinə baxmayaraq məlumat verməmişdir. Belə ki, Aynur Əliyeva ilə aralarında əmək müqaviləsi olmuş, lakin sənədlərin əsli harda olması barədə məlumatınız olmamışdır. Daha sonra Aynur Əliyeva əmək müqaviləsinin imzalanması üçün dəvət olunmuş, lakin gəlməkdən imtina etmişdir. Aynur Əliyeva şirkətdə işlədiyi müddət ərzində vəzifə səlahiyyətlərinə daxil olmayan, o cümlədən iş vaxtından artıq işlərə cəlb edilməmiş, sözügedən şəxs şirkətdə təxminən 4 aydan çox olmayan müddət ərzində işlədiyi üçün ona məzuniyyət hüququ yaranmamışdır. Bundan başqa, Aynur Əliyeva üzürlü səbəb gətirmədən və heç bir məlumat verilmədən xx.xx.2022-ci il tarixdən işə gəlməmişdir. Bu səbəbdən də ona əmək haqqı hesablanmamışdır. X1 rəsmi poçt vasitəsi ilə məsələ ilə bağlı xəbərdarlıq məktubu da göndərilmişdir. Əlavə olaraq bildirmək istərdi ki, xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək vergi orqanı tərəfindən şirkətin bank hesabına dondurulduğundan işçilərə əmək haqqı kart vasitəsi ilə ödənilməsi qeyri mümkün olmuşdur. Bu səbəbdən də işçilərə əmək haqqı kart vasitəsi ilə deyil, əlbəəl verilmişdir. Qeyd edilənlərə əsasən Şəxs MMC barəsində inzibati icraata xitam verilməsini xahiş etmişdir. 27 may 2022-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin tələblərinə əməl edilmədən, yazılı əmək müqaviləsi X4 ilə bağlanmamış, mövcud olmayan əmək müqaviləsi elektron informasiya sisteminə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmək müqaviləsi bildirişindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə Şəxs MMC ilə əmək müqavilə bağlayaraq “Direktor köməkçisi” vəzifəsində işə cəlb edilmişdir. İş materiallarında olan 26 noyabr 2021ci il tarixli, 06/Ş-2021 Əmrin surətindən görünür ki, X4 26 noyabr 2021-ci il tarixdən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə Şəxs MMC-də direktor köməkçisi vəzifəsi işinə qəbul edilmişdir. İş materiallarında olan X2 müraciətindən görünür ki, o, xx.xx.2021-ci il tarixdən Şəxs MMC-də direktor köməkçisi vəzifəsinə cəlb edilmiş, işə cəlb edilərkən onunla hərhansı bir müqavilə imzalanmamış, işə qəbul ərizəsi yazmamış və əmək müqaviləsinin nüsxəsi ona təqdim edilməmişdir. İşə götürən tərəfindən 1000 manat əmək haqqı ödəniləcəyi bildirilsə də, şəxsi kabinetində 550 manat qeyd edilmişdir. Vəzifə funksiyalarında qeyd olunan öhdəliklərdən əlavə öhdəliklər tapşırılmış, həmçinin şənbə və bazar günləri də işələrə cəlb edilmişdir. Lakin əlavə işlərə cəlb edilməsinə baxmayaraq ona heç bir ödənişlər edilməmişdir. Mar ayı üzrə əmək haqqı, noyabr, dekabr, yanvar və fevral ayları üzrə ödənilməli olan əlavə ödənişlər, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi də daxil olmaqla son haqq-hesab ödənişi verilməmişdir. İş materiallarında olan Şəxs MMC ilə X4 arasında bağlanmış olan xx.xx.2021-ci il tarixli, 05/2021 nömrəli əmək müqaviləsindən görünür ki, X4 tərəfindən əmək müqaviləsi imzalanmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən Əmək müqaviləsi yazılı formada bağlanır. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında iş materialları ilə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin tələblərinə əməl edilmədən, X4 ilə yazılı əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar