Məhkəmə qərarları › İş №3(011)-2078/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2078/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2078/2023 22.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru İslam Cəfərov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru İslam Cəfərov tərəfindən Şəxs barəsində 22 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 2022-ci ilin may ayında X3 ilə ailə qurmuş və bir müddət mehraban yaşadığdan sonra bütün ailələrdə olduğu kimi onlarında ailəsində maddi çətinliklər üzündən söz söhbət narazılıq olmuşdur. Zəhranın valideyinlərinin onların ailə işlərinə qarışması nəticəsində narazılıq olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 18:30 radələrində yaşadıqları mənzildə Zəhra valideyinlərinin sözü ilə evdə söz söhbət yaratdığından aralarında mübahisə baş vermiş və onu vurmuşdur. Hazırda törətdiyi əməldən peşmandır və bir daha belə hala yol verməyəcəyinə söz verir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X3 izahatında bildirdi ki, 2022-ci ilin may ayında Şəxs ilə ailə qurmuşdur. Bir müddət mehraban yaşadığdan sonra Eşqir ona qarşı qeyri səmimi olaraq demək olarki, mütamadi olaraq onu nəlaiq sözlərlə təhqir edib döymüşdür. Lakin o, ailəsi dağılmasın deyə heç bir yerə şikayət etməmişdir. Z.M.Şıxəliyeva bunuda qeyd etmişdir ki, əri Eşqin heç bir yerdə işləməyərək ondan tələb edir ki, valideyinlərindən pul al evə gətirsin, əks təqdirdə onu evdən qovacağı ilə hədələmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 18:30 radələrində yaşadıqları mənzildə Eşqin, sən niyə vadideyinlərindən pul alıb evə gətirmirsən və onu olduğu kimi qəbul etməlisən yoxsa səni öldürəçəm dedikdə Z.M.Şıxəliyeva ona öz iradını bildirdikdə Eşqin əllə başına və bədəninin müxtəlif yerlərinə vuraraq xəsarət yetirərək bıçaqla öldürəçəyi ilə hədəqorxular gəlmişdir. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru İslam Cəfərov yuxarıda göstərilən xüsusatları təsdiq edərək, inzibati xəta haqqında protokolun onun tərəfindən tərtib olunduğunu bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə X2 ərizə ilə Xətai RPİ-nin 35-ci PB-yə müraciət edərək yeznəsi Şəxs qızı Zəhra Şıxəliyevanı döyməsini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X5 X7 Xətai rayon şöbəsinin verdiyi 1481 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X1 bədənində müəyyən edilmiş xəsarətlər – sol said qahiyəsində sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti ekspertizanın keçirdiyi vaxtdan (xx.xx.2023-cü il) 2-3 gün əvvələ uyğun gəlməklə müayinə olunanın göstərdiyi xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı Uğur Məmmədov tərəfindən qəbul edilmiş 18 mart 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati hüquq pozuntusunun tərkibi olduğundan, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün Xətai RPİ-nin 35-ci PB-nin aidiyyatı əməkdaşlarına həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 22 may 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar