Məhkəmə qərarları › İş №3(011)-2088/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2088/2022

13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2088/2022 13.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının X1 etibarnamə üzrə nümayəndəsi X2, şikayətçi X3 və onun vəkili X5 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş 31 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin rəisi X8 tərəfindən qəbul edilmiş 31 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, təqribən 3 ildir ki, qanuni əsaslarla fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Fəaliyyətini heyvanlar (quşlar) üçün yem və yem əlavələrinin ölkəyə idxalı və Azərbaycanda realizəsi ilə bağlıdır. Fəaliyyəti dövründə heç bir dövlət orqanları ilə problemləri olmamış, yem və yem əlavələri Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin nəzarəti altında (idxala əvvəlcədən icazə almaqla) idxal etmiş, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün ödənişlərini vaxtında və tam şəkildə yerinə yetirmişdir. Bir sözlə, fəaliyyətində qanunun aliliyini əsas tutaraq, şəffaflıq şəraitində fəaliyyət göstərdiyindən, bu illər ərzində hər hansı dövlət orqanı fəaliyyəti ilə bağlı ona iradlar tutmamışdır. Bütün bunlara baxmayaraq 03 mart 2022-ci il tarixində Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsindən onun ünvanına “inzibati xətalar haqqında işlər üzrə" bildiriş gəlmişdir. Bildirişə oxunması mümkün olmayan inzibati xəta haqqında MN ******* nömrəli protokol əlavə edilmişdir. Protokolu oxumaq mümkün olmasa da, bildirişin mahiyyətindən bəlli olmuşdur ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və 18 mart 2022-ci il tarixində saat 14:00-də həmin işə baxılacaqdır. 18 mart 2022-ci il tarixində saat 14:00-da Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin inzibati binasına getmişdir. Maraqlanan zaman bölmənin əməkdaşları bildirmişlər ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxan bölmə rəisi yerində yoxdur. Nə etməli olacağını soruşduqda bildirmişlər ki,"gedin,Sizinlə əlaqə saxlanılacaqdır". Bundan sonra o, geri qayıtmışdır. Bununla belə, 28 mart 2022-ci il tarixində ünvanına yenə də rəis Zaur Kərimovun imzası ilə məktub və məktuba əlavə edilmiş "inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" ******* saylı qərar daxil olmuşdur. Qərar da, protokol kimi çətin oxunsa da ,hər bir halda özü üçün müəyyən edə bilmişdir ki, Azərbaycan Rspublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə barəsində 4000 (dörd min) manat məbləğində şərti olaraq inzibati cərimə tətbiq edilmişdir. Protokolun tərtib edilməsinə və inzibati tənbehin tətbiqinə dair Qərarın qəbul edilməsinə əsas kimi "Malların geri çağırılması barədə" X1 Bakı Regional Bölməsinin rəisi Zaur Kərimovun qəbul etdiyi xx.xx.2022-ci il tarixli Qərarı olmuşdur. "Malların geri çağırılması barədə" Qərara görə, o, xx.xx.2022-ci il tarixinədək ölkəyə idxal etdiyi və çox hissəsini satdığı yem məhsullarını dövriyyədən çıxararaq anbara geri çağırmalı idi. "Malların geri çağırılması barədə" Qərarın tələblərini yerinə yetirmək mümkün olmadığından barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə xx.xx.2022-ci il tarixli Qərar qəbul edilmişdir. İnzibati cəriməyə dair Qərardan narazı qaldığından, şikayət ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 3(011)-1558/2022 saylı Qərarı ilə şikayəti qismən təmin edilmiş və X1 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün X1 Bakı Regional Bölməsinə göndərilmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, inzibati xəta haqqında protokol tərtib edilərkən X1 Bakı Regional Bölməsi İnzibati Xətalar Məcəlləsinin 48, 75, 76 və 100-cü maddələrinin tələblərini pozmuşdur. Bundan əlavə, məhkəmənin qənaətinə görə, malların geri çağırılması barədə qərar qəbul edərkən, həmin malların çağrılmasının mümkünlüyü yoxlanılmamışdır. Odur ki, məhkəmə inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edərək, pozuntuların aradan qaldırılması və yeni araşdırmanın aparılması məqsədi ilə işi yenidən baxılması üçün X1 Bakı Regional Bölməsinə qaytarmışdır. Məhkəmənin Qərarında göstərilmiş pozuntuları aradan qaldırmadan və heç bir araşdırma aparmadan xx.xx.2022-ci il tarixində Regional Bölmənin rəisi Zaur Kərimovun imzası ilə eyni məzmunlu 31 may 2022-ci il tarixli "inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" Qərar yenidən onun ünvanıma göndərilmişdir. Həmin qərar da qanunsuz və əsassızdır, ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, yuxarıda da göstərdiyi kimi, o, fərdi sahibkar kimi heyvanlar üçün nəzərdə tutulmuş yem və yem əlavələrinin ölkəyə idxalı ilə məşğuldur. Bu zaman baytarlıq haqqında qanunvericiliyin tələblərini tam yerinə yetirir. Fəaliyyəti ilə bağlı əməlində hər hansı inzibati xəta olsaydı belə, baytarlıq haqqında qanunvericiliyin tələblərinin pozuntusu ilə bağlı ola bilərdi. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qəbul edilmiş Qərar baytarlıq haqqında qanunvericiliyin yox, istehlakçıların hüquqlarının pozuntusu ilə əlaqələndirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinin ona münasibətdə tətbiqinin heç bir hüquqi əsası yoxdur. "İstehlakçıların hüquqları haqqında" qanunun normaları fiziki şəxs olan insanların özləri və hüquqları ilə bağlıdır ki, həmin hüquqların pozuntusu məsuliyyətə səbəb olur. Bir tərəfdən istehlakçıların hüquqlarını pozduğuna dair hər hansı sübut növü mövcud deyil və barəsində şikayət yoxdur. Digər tərəfdən, baytarlıq sahəsində fəaliyyət göstərdiyindən, istəsə belə, fəaliyyəti ilə bağlı istehlakçıların hüquqlarını pozmaq imkanına malik deyil və tərəfindən həmin hququqların pozulması qeydə alınmamışdır. Tərtib edilmiş protokolda və qəbul edilmiş qərarda kimin hüquqlarını pozduğuna dair heç nə qeyd edilməmişdir. Yəni, istər protokol, istərsə də inzibati tənbeh haqqında qərar formal mülahizələr əsasında tərtib edilərək, onun ünvanına göndərilmişdir. Bir sözlə, açıq-aşkar görünür ki, inzibati xəta hadisəsi mövcud deyil. İnzibati xətanın olmaması ilə yanaşı qərar qəbul etmiş vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 48, 61, 75, 76, 100, 102, 106-cı maddələrinin tələblərini də pozmuşdur. Bu pozuntular sonda Regional Bölmənin rəisi Zaur Kərimovun 18 mart 2022-ci il tarixli "inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" Qərarının məhkəmə qaydasında ləğv edilməsinə və yeni araşdırmaya göndərilməsinə səbəb olmuşdur. Lakin, Regional Bölmənin rəisi Zaur Kərimov məhkəmənin Qərarında göstərdiyi pozuntuları nəzərə almadan, heç bir araşdırma aparmadan, əməlində inzibati xəta olsa idi belə cəlbetmə müddətinin keçməsini nəzərə almadan 31 may 2022-ci il tarixi ilə təkrarən qanunsuz Qərar qəbul edərək ünvanına göndərmişdir. Malların geri çağırılmasına dair Regional Bölmənin rəisi Zaur Kərimovun imzaladığı qərar 15 fevral 2022-ci ilə təsadüf edir. Yəni, Bölmənin məntiqinə görə, ən geci 15 fevral 2022-ci ildə inzibati xəta hadisəsi aşkar edilmiş və o səbəbdən malların geri çağırılması yolu ilə inzibati xətanın aradan qaldırılmasına dair Qərar qəbul edilmişdir. Zaur Kərimovun imzası ilə ikinci dəfə Qərar qəbul edilərkən, 15 fevral 2022-ci il tarixindən 3 ay 16 gün keçmişdir ki, bu da inzibati xəta hadisəsi olduğu halda belə İXM-nin 53.0, 53.0.6 və 38.1. maddələrinin tələblərinə görə icraata xitam verilməsinə səbəb olmalı idi. Yuxarıda göstərdiyi hüquqi əsaslar və tələblər Xətai Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 3(011)-1558/2022 saylı Qərarında əksini tapsa da, Regional Bölmənin rəisi Zaur Kərimov məsələyə qərəzli yanaşaraq, həmin tələbləri yerinə yetirməmiş və yenidən heç bir araşdırma aparmadan qanunsuz və əsassız Qərar qəbul etmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, o, barəsində Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin rəisi X8 tərəfindən qəbul edilmiş 31 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X6 və onun vəkili X9 hər biri ayrı-ayrılıqda şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikasının X1 etibarnamə üzrə nümayəndəsi X7 31 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilən xüsusatları təsdiq edərək X6 tərəfindən Azərbaycan Respublikası İXMnin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini qeyd etmiş və sonuncu tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin aparıcı məsləhətçisi tərəfindən qəbul edilmiş 03 mart 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 AQTA-nin Bakı Regional Bölməsinin malların geri çağırılması barədə xx.xx.2022-ci il tarixli İD1081/22 nömrəli qərarını icrası ilə bağlı nəzərdə tutulan vaxt keçməsinə baxmayaraq icra etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin rəisi X8 tərəfindən qəbul edilmiş 31 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 AQTA-nin Bakı Regional Bölməsinin malların geri çağırılması barədə xx.xx.2022-ci il tarixli İD1081/22 nömrəli qərarı icrası ilə bağlı nəzərdə tutulan vaxt keçməsinə baxmayaraq icra etməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində şərti olaraq 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1558/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X3 barəsində X1 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün X1 Bakı Regional Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin rəisi X8 tərəfindən qəbul edilmiş 31 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarla X4 Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək şərti olaraq 4000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 31 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarda inzibati xətanın olmasına dair hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1558/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında qeyd olunan xüsusatlar tam olaraq araşdırılmadan, Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsi tərəfindən əsassız olaraq 31 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə qərar qəbul edilmiş və barəsində şərti olaraq inzibati cərimə cəzası tətbiq edilmişdir. Belə ki, həmin məhkəmə qərarından məlum olur ki, X1 Bakı Regional Bölməsinin rəisi Zaur Kərimov tərəfindən tərtib edilmiş 18 mart 2022-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən X6 15 fevral 2022-ci il tarixli İD1081/22 saylı malların geri çağırılması haqqında qərarın icrası ilə bağlı nəzərdə tutulan vaxt keçməsinə baxmayaraq qərarı icra etməmişdir. 15 fevral 2022-ci il tarixli İD1081/22 saylı malların geri çağırılması haqqında qərarda göstərilmişdir ki, agentliyin əməkdaşı tərəfindən ambara baxış keçirilən zaman idxal olunmuş “Broiler max Grower”, “X14/Grower”, “Chickyvin”, “Layer-Max”, “Serebrist Max-Star” adlı yem məhsulları ambarda aşkar edilməmişdir. Bu fakt isə artıq həmin məsulların istehlak edilməsindən xəbər verir. Lakin mövcud olmayan malların geri qaytarılmasının mümkün olub olmaması araşdırılmamışdır. Həmçinin, şikayətçi idxal olunmuş “Broiler max Grower”, “X14/Grower”, “Chickyvin”, “Layer-Max”, “Serebrist Max-Star” adlı yem məhsullarının xx.xx.2022-ci il tarixinədək artıq satıldığını bildirmişdir. Bu səbəbdən faktiki istehlak olunan malların geri qaytarılması mümkün olmamışdır. Həmin fakt X1 Bakı Regional Bölməsi tərəfindən nəzərə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində MN ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1558/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında qeyd olunan dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin rəisi X8 tərəfindən qəbul edilmiş 31 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin rəisi X8 tərəfindən qəbul edilmiş 31 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar