Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-209/2023 22.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 13 yanvar 2023-cü il tarixində Xətai rayonu, Lütfizadə küçəsində yerləşən “Xəngəl Love” restoranında ev şəraitində istehsal edilmiş alkoqollu içkilər satmışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin sahə inspektoru Elvin Hüseynli tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 17 yanvar 2023-cü il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs ifadəsində göstərmişdir ki, 13 yanvar 2023-cü il tarixində “8-ci km” bazarından özü üçün çəkmə araq almışdır. Axşam saatlarında Xətai rayonu, Lütfizadə küçəsində yerləşən “Xəngəl Love” restoranında olarkən ofisiant müştərinin içmək üçün çəkmə araq istədiyini bildirmişdir. Şəxsi istifadəsi üçün aldığı araqdan müştərilərə verə biləcəyini demişdir. Satış məqsədi ilə deyil, pay kimi olduğunu bildirmişdir. Ofisiant araqı apardıqdan sonra həmin şəxlər özlərini təqdim etdikdən sonra onu şöbəyə dəvət etdilər. İş materiallarında olan Xətai RPİ 34-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Xətai rayonu, Lütfizadə küçəsində yerləşən “Xəngəl Love” restoranında kustar yolla istehsal olunan 6 litr spirtli içki aşkar edilərək götürülmüşdür. İş materiallarında olan fotoşəkildən görünür ki, 6 ədəd 1 litrlik plastik qablarda çəkmə araq aşkar edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. Məhkəmə hesab edir ki, Şəxs ifadəsi özünü müdafiə xarakteri daşıyır və inzibati məsuliyyətdən yayınmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsinə əsasən ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş mallar - ev şəraitində istehsal edilmiş alkoqollu içkilər müsadirə edilməklə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ev şəraitində istehsal edilmiş alkoqollu içkilər müsadirə edilməklə barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-209/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-209/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver