Məhkəmə qərarları › İş №3(011)-2091/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2091/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2091/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 24 may 2023-cü il tarixdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru Elvin Hüseynli tərəfindən 24 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, ünvan 2 ailəsi ilə birlikdə yaşayır. 24 may 2023-cü il tarixdə 2 bakal pivə içmiş və daha sonra evə getmişdir. Evdə ailə üzvüləri ilə mübahisə baş verdiyindən 102 qaynaq xəttə şikayət etmişlər. Daha sonra polis əməkdaşları mənzilə gələrək onu polis şöbəsinə getməsini tələb etmişlər. Polis şöbəsində polis əməkdaşı olan Abbas adlı şəxslə mübahisələri baş vermişdir. Belə ki, mübahisə etməsinə səbəb Abbas adlı şəxsin onu təhqit və vurması olmuşdur. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru Elvin Hüseynli izahatında göstərdi ki, 24 may 2023-cü il tarixdə əməliyyat qrupunda xidmətdə olan zaman Neapol küçəsi, ev 43 ünvanında yaşayan X2 DİN-nin 102 xidmətinə münaqişə olması ilə bağlı etdiyi müraciətlə bağlı olaraq Neapol küçəsində Y.Ə.Həsənovun oğlu Şəxs sərxoş vəziyyətdə münaqişə yaratdığına görə intizama dəvət olunmuş, lakin Şəxs nəlayiq söyüşlərlə polis əməkdaşlarını təhqir edərək tabesizlik etmişdir. Həmin şəxs polis bölməsinə dəvət edilmiş və barəsində qanunamüvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru Elvin Hüseynli və Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Abbas Nəzərov tərəfindən tərtib edilmiş 24 may 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə əməliyyat qurupunda xidmətdə olduqları zaman Neapol küçəsi, ev 43 ünvanında yaşayan X2 DİN-nin 102 xidmətinə qeyd olunan ünvanda münaqişə olması ilə bağlı etdiyi müraciətlə əlaqədar Neapol küçəsi 43 ünvanında Y.Ə.Həsənovun oğlu Şəxs sərxoş vəziyyətdə münaqişə yaratdığına görə intizama dəvət olunsada Şəxs polis əməkdaşlarını nəlayiq söyüşlərlə təhqir edərək qanuni tələblərə məhəl qoymayaraq tabesizlik göstərdiyindən Şəxs 34-cü PŞ-yə aparılmışdır. İş materiallarında olan 24 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 may 2023-cü il tarixdə xidmətdə olan polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış və nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmçinin, iş materiallarında olan 24 may 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 24 may 2023-cü il tarixdə, saat 08:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 24 may 2023-cü il tarixli, 2/45988 nömrəli sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti xüsusi texniki vasitə ilə müəyyən edilərkən, sonuncuda alkoqolun konsentrasiyası 1.410 % promil həddində müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin məsul növbətçisi Cavad Fərəcov tərəfindən tərtib edilmiş və Abbasov Nəzərov, Səbuhi Ağacayev, Bərxudar İbadov və Elvin Hüseynli tərəfindən imza edilmiş 24 may 2023-cü il tarixli Aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 05:00 radələrində 2 NK-2053 nömrə ilə qeydiyyata alınmış məlumata əsasən xx.xx.1989-cu il təvəllüdlü Nepol küçəsi ev 43 ünvanında yaşayan Şəxs PŞ-yə gətirilmiş, PŞ-də olduğu zaman iş rejiminin pozulması və tabesizlik etməsi səbəbi ilə PŞ-də saxlanılmışdır. Şəxs PŞ-yə gətirilən zaman üz nahiyyəsində xəsarətləri aşkar edilmişdir. Şəxs xəsarətlərinin səbəblərini soruşduqda o, evində mübahisə zamanı xəsarət aldığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. İnsan Huquqlarının və X1 Haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 24 may 2023-cü il tarixdən, saat 08:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar