Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2093/2023 02.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs Xudayar oğlunun iştirakı ilə, xx.xx.1976-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9431/2021 nömrəli, 22 noyabr 2021ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən MN ******* nömrəli, 24 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9431/2021 nömrəli, 22 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən, Şəxs 10897,62 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Borcluya icra sənədinin icra edilməsi üçün bildirişlər göndərilmiş, icra vəqəsi üzrə olan borcundan 2000 manat ödəniş etmişdir. Bununla da borclu icra vərəqəsi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Hal-hazırda həmin şəxsin 8897 manat borcu qalmaqdadır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9431/2021 nömrəli, 22 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən, Şəxs 10897,62 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Borcun hissə-hissə ödəyəcəyini bildirmişdir. Odur ki, qərar qəbul edilərkən, barəsində yüngül inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9431/2021 nömrəli, 22 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən, Şəxs 10897,62 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin hazır ki, müddətə kimi 8897 manat borcu yaranmışdır. O, borcun hissə-hissə ödənilməsinə razı deyil və Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materialında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9431/2021 nömrəli, 22 noyabr 2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 10897,62 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “İcraata başlamaq haqqında” qərarlarından göründüyü kimi borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişlərdən göründüyü kimi, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Huquqlarının və X1 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Şəxs nəinki məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğdə, hətta daha az - maddi imkanı çata biləcəyi məbləğdə belə ödəniş etməmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 02 iyun 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2093/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2093/2023
02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver