Məhkəmə qərarları › İş №3(011)-2094/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2094/2021

01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2094/2021 01.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X2, X1 iştirakları ilə, X3 Bakı Nəqliyyat Agentliyi tərəfindən 27 mart 2021-ci il tarixdə qəbul edilmiş BNA1387756 nömrəli qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyi tərəfindən 27 mart 2021-ci il tarixdə qəbul edilmiş BNA1387756 nömrəli elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İXM-nin 124.5 və 124.6-cı maddələrinin tələbləri kobud surətdə pozulmaqla həmin Məcəllənin 346.1-ci maddəsində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozmağa görə barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. İXM-nin 124.5-ci maddəsinin tələbinə görə 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda (124.5-ci maddəsinin qeyd hissəsində maneə yaradan hallar göstərilmişdir), 124.6-cı maddəsinin tələbinə görə isə inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda xətanı törətmiş şəxsin iştirakı olmadan ancaq səlahiyyətli şəxs tərəfindən bilavasitə foto və ya video çəkiliş aparmaqla qərar tərtib edilə bilər. Həmin vaxtlarda o, avtomobilini heç vaxt tərk etməmişdir. Bu inzibati xətanın M.Hadi küçəsində quraşdırılmış xüsusi texniki vasitənin köməyi ilə aşkar edilməsi və qərar tərtib edilməsi tamamilə qanunsuz və əsassızdır. Ona görə ki, 346.1-ci maddə İXM-nin 122.1-ci maddəsində sadalanan maddələr sırasına daxil edilməmişdir. 17 may 2021-ci il tarixdə qeydiyyatda olduğu ünvana sifarişli poçt göndərişi daxil olsa da, İXM-nin 57-ci və 125-ci maddələrinin tələbləri kobud surətdə pozularaq tərtib edilən qərar və protokollar barədə ona SMS vasitəsilə heç bir məlumat verilməmişdir. Beləliklə o, qeyd olunanları rəhbər tutaraq, 30 mart 2021-ci il tarixdə qəbul edilmiş BNA ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 27 mart 2021-ci il tarixdə qəbul edilmiş BNA1387756 saylı inzibati tənbeh vermə haqqında qərarın əsassız olması nəzərə alınaraq ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X5 göstərdi ki, X4 inzibati qərardan şikayətini inzibati xətanın foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinin İXMnin 122-ci maddəsinin tələblərinə zidd olması, eləcə də qəbul edilmiş qərarın ona SMS vasitəsi ilə məlumatlandırılmaması ilə əsaslandırmışdır. X4 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X4 idarə etdiyi “VAZ 21074 minik” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 26 mart 2021-ci il tarixdə ünvan 1 ünvanında saat 22:53:38-dən 22:55:57-dək yolun hərəkət hissəsinin ikinci zolağında saxlamışdır. Halbuki “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İ-ci hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin sağ kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. İnzibati xəta hadisəsini təsdiq edən fotoşəkildən göründüyü kimi həmin avtomobil ikinci cərgə yaratmaqla, yolun hərəkət hissəsinin ikinci zolağında saxlamışdır və bununla da dayanma qaydasını pozmuşdur. Qeyd edilməlidir ki, Agentlik tərəfindən İXM-nin 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat İXM-nin 122-ci maddəsi əsasında deyil, məhz 124.5 və 124.6-cı maddələri üzrə aparılır. Çünki kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkilləri bilavasitə həmin kameralarla çəkiliş aparan, idarəetmə mərkəzində olan səlahiyyətli şəxslər tərəfindən qeydə alınır və bu İXM-nin 124-cü maddəsi ilə birbaşa uzlaşır. Eyni zamanda qanunvericilikdə inzibati xətanın səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi üsulu ilə (hədə-qorxu, zor tətbiq etmək və ya gizli şəkildə əldə etmək istisna olmaqla) bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Eyni zamanda İXM-nin 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xəta hadisəsini təsdiq edən foto və video materiallar sübut növü kimi xüsusi texniki vasitələrin göstəricilərinə deyil, məhz sənədlərə aiddir. Çünki İXMnin 80.2-ci maddəsinə görə, fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Beləliklə, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X3 şikayəti əsassız və qanunsuz olduğundan təmin edilməməli və həmin inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında 27 mart 2021-ci il tarixdə qəbul edilmiş BNA1387756 nömrəli qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir; fotoşəkillərdən görünür ki, “VAZ 21074 minik” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin ikinci zolağında dayanmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir; Məhkəmə şikayətçinin xətanın mövcudluğunu mübahisəndirməməsini, dayanma və ya durma qaydalarını pozmasının iş materialları ilə təsdiq edilməsini nəzərə alır və bununla bağlı hallara qiymət vermir. Şikayətçinin dəlilləri: a) Azərbaycan Respublikası İXM-nin 124.5-ci maddəsinin tələbinə görə İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda (124.5-ci maddəsinin qeyd hissəsində maneə yaradan hallar göstərilmişdir), 124.6-cı maddəsinin tələbinə görə isə inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda xətanı törətmiş şəxsin iştirakı olmadan ancaq səlahiyyətli şəxs tərəfindən bilavasitə foto və ya video çəkiliş aparmaqla qərar tərtib edilə bilər. Həmin vaxtlarda o, avtomobilini heç vaxt tərk etməmişdir. b) xətanın M.Hadi küçəsində quraşdırılmış xüsusi texniki vasitənin köməyi ilə aşkar edilməsi və qərar tərtib edilməsi tamamilə qanunsuz və əsassızdır. Ona görə ki, 346.1-ci maddə İXM-nin 122.1-ci maddəsində sadalanan maddələr sırasına daxil edilməmişdir. Məhkəmə şikayətçinin dəlilləri ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdəndir. 124.5-ci maddəsinə əsasən Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 124.5-ci maddəsinə qeydinə əsasən Bu Məcəllənin 124.5-ci maddəsində “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür. 124.6-cı maddəsinə əsasən Bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346- 1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli fərmanının 1.1-ci maddəsinə əsasən parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə tapşırılmışdır. Məhkəmə qeyd edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən mübahisələndirilən qərar üzrə icraat İXM-nin 122-ci maddəsi əsasında deyil, həmin Məcəllənin 124.5 və 124.6-cı maddələri üzrə aparılmışdır. Belə ki, həmin xəta bilavasitə kameralarla çəkiliş aparan, idarəetmə mərkəzində olan səlahiyyətli şəxs tərəfindən qeydə alınmışdır. Xətanın qeyd edilən formada qeydə alınmasını inzibati xətalar qanunvericiliyi qadağan etməmiş, İXM-nin 124-cü maddəsi qeyd olunan halı istisna etməmişdir. Bundan əlavə, şikayətçinin nəqliyyat vasitəsinin yanında olmadığı fotoşəkillər də mövcuddur. Həmçinin, “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli fərmanı ilə də parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə tapşırılmışdır. Bundan başqa, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdəndir. Məhkəmə hesab edir ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 Bakı Nəqliyyat Agentliyi tərəfindən 27 mart 2021-ci il tarixdə qəbul edilmiş BNA1387756 nömrəli qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 Bakı Nəqliyyat Agentliyi tərəfindən barəsində tərtib edilmiş 27 mart 2021-ci il tarixli BNA1387756 nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar