Məhkəmə qərarları › İş №3(011)-21/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-21/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-21/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru, polis baş serjantı X6 və Bakı şəhər BPİ-nin DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X5, X1 iştirakları ilə, X7 Bakı şəhər X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində, 21:55 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində idarə etdiyi (etibarnamə ilə) “Chevrolet Cruze” markalı, ** UK *** dövlət qeydiyyat nişanlı avtomobillə heç bir spirtli içki qəbul etmədən və yol hərəkəti qaydalarını pozmadan idarə etdiyi vaxt, avtomobildə dostu Asiflə olduğu zaman, adı çəkilən prospektdə yol patrul xidmətinin əməkdaşı X9 maşının qapısını kəsərək avtomobilini saxlamışdır. Heç bir texniki vasitədən istifadə etmədən heç bir hal şahidi olmadan ona içkili olduğunu bildirmişdir. Ona hədə-qorxu gələrək avtomobilini cərimə meydançasına aparmağını bildirmişdir, o, ona içkili olmadığını bildirsə də və eyni zamanda, onun hər hansı vasitə ilə içkiliyini yoxlaması ilə bağlı iradlarını bildirməkdə avtomobilinin heç bir sənədini ondan tələb etmədən sanki sifariş kimi avtomobilini Ağ Şəhər bulvarının qarşısında yerləşən cərimə meydançasına yerləşdirmişdir. Cərimə meydançasında olduğu vaxt əməkdaşın qanunsuz hərəkətləri ilə bağlı etirazını bildirdiyi vaxt onun əsassız yerə onu qanunsuz olaraq bu vəziyyətdə saxlamaqla səhhətində çox ciddi problem yaratmış və özünü halsız pis hiss etmişdir. Yanındakı dostu təcili tibbi yardım çağırmışdır. Həkimlər onun təzyiqinin yuxarı olduğuna görə Əfəndiyev adına xəstəxanaya aparmışlar. Ona ilkin tibbi yardım göstərilmişdir. 2 saat həkimlər onu səhhəti pis olduğu üçün buraxmamışlar. Yüksək təzyiqi olmasını bildirmişlər. Bundan sonra dostu ilə birgə günahsızlığını sübut etmək məqsədi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə gəlmişlər. Orada müayinədən özü keçmişdir. Ona sərxoş olmaması barədə arayış vermişlər. Sərxoş olmaması barədə protokolu №2146804, xx.xx.2023-cü il tarixdə qeydiyyatda olmadığı ünvana YPX idarəsi tərəfindən protokol göndərməklə 360 manat cərimə olunduğunu göndərmişlər. YPX əməkdaşı saxladığı vaxt ona heç bir ptrotokol açmamış və açması barədə heç bir məlumat verməmişdir. Qeyd etmək istərdi ki, ünvanına göndərilən protokolda Bakı şəhər Baş Polis İdarəsinə yaxınlaşmışdır. Orada protokola diqqət yetirdikdə aşkar etmişdir ki, protokolda onun adı qeyd olunmamış hissədə onun əvəzindən imza çəkilmişdir. Lakin bu imzanın ona aid olmadığını YPX əməkdaşına bildirmişdir. YPX əməkdaşının yol verdiyi qanunsuz hərəkətləri barəsində ciddi araşdırma aparılmasına, ona tərtib olunmuş cərimənin silinməsinə aidiyyatı göstəriş verilməsini xahiş edir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ona məxsus “Chevrolet Cruze minik” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməməsinə baxmayaraq polis əməkdaşı tərəfindən heç bir tibbi yoxlamaya aparılmadan, həmçinin hər hansı bir texniki vasitədən istifadə edilmədən onun sərxoş olması qənaətinə gəlinərək barəsində əsassız olaraq protokol tərtib edilməklə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin hadisədən sonra o, sərxoşluq vəziyyətinin yoxlanılması məqsədi ilə tibbi müayinədən keçmiş və onun həmin vaxt ayıq olması müəyyən edilmişdir, həmin tibbi rəy tərəfindən məhkəməyə təqdim olunur. Beləliklə o, göstərilənlərə əsasən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru, polis baş serjantı X9 izahat verərək bildirmişdir ki, X7 19 noyabr 2023-cü il tarixdə, saat 22:10 radələrində “Chevrolet Cruze minik” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi aşkar şəkildə hiss olunduğundan alkotester vasitəsilə onun sərxoşluğu tərəflərindən yoxlanılmışdır. Alkotester ilə yoxlanılarkən onun 0.358 promil içkili olduğu müəyyənləşdirilmiş, X10 isə həkim müayinəsinə getməkdən imtina etmiş və içkili olması barədə protokola qeyd yazaraq imzalamışdır. Beləliklə o, göstərilənlərə əsasən Bakı şəhər X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X10 tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X8 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək X10 tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin, inzibati xəta haqqında protokolu tərtib edən polis əməkdaşının və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X17 İdarəsinin polis polkovniki X13 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə, saat 22:10 radələrində Bakı şəhəri, Xətai rayonu, Baək prospektində “Chevrolet Cruze minik” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili yol nişanlarının tələblərinə riayət etmədən və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2023-cü il tarixli, 2/46804 nömrəli aktdan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə keçirilmiş tibbi müayinə nəticəsində ayıq olması müəyyən edilmişdir. Protokollaşdırma nömrəsi 06061 olan alkotester qəbzindən müəyyən edilir ki, “Muradov” soyadlı şəxsdə alkoqolun miqdarı 0.358 promillidir. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 21:55-də X2 içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı İN-642074 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində X2 içki qəbul etməsi müəyyən olunmuşdur. Həmin protokolun qeyd hissəsində X4 içki qəbul etdiyini səmimi qəbul etdiyini, içki təsiri altında nəqliyyat vasitəsini idarə etdiyini, yerində müayinə olunduğunu və həkimə ehtiyyac olmadığını qeyd edərək öz imzası ilə göstərilənləri təsdiqləmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3(011)-21/2024 saylı sorğuya cavab məktubundan görünür ki, X10 “Respublika Narkoloji Mərkəzi” X11 sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 01:30 radələrində tibbi müayinədən keçmiş, 2/46804 saylı protokol tərtib edilmişdir. Yoxlanılan şəxs ayıq müəyyən edilmişdir. Sərxoşluğun təyini ölçmə vasitəsi alkotester ilə yoxlanılır və yoxlama şəhadətnaməsi “Sınıq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun olaraq akkreditasiya olunmuş yoxlama laboratoriyası tərəfindən verilmişdir. Nəzərə alınmalıdır ki, 1 saat ərzində orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq 0.20 promilə qədər alkoqol orqanizmdən parçalanıb xaric ola bilir. Göstərilən 0.358 promil alkoqolun göstərilən vaxt ərzində 0.00 promilə düşməsi mümkün hal hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 xx.xx.2023-cü il tarixdə, saat 22:10 radələrində Bakı şəhəri, Xətai rayonu, Baək prospektində “Chevrolet Cruze minik” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili yol nişanlarının tələblərinə riayət etmədən və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X3 hazırkı şikayətində və məhkəmə iclasında verdiyi izahatında ona məxsus avtomobili sərxoş vəziyyətdə idarə etməməsinə baxmayaraq polis əməkdaşı tərəfindən heç bir tibbi yoxlamaya aparılmadan, həmçinin hər hansı bir texniki vasitədən istifadə edilmədən onun sərxoş olması qənaətinə gəlinərək barəsində əsassız olaraq protokol tərtib edilməklə inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini, həmin hadisədən sonra sərxoşluq vəziyyətinin yoxlanılması məqsədi ilə tibbi müayinədən keçdiyini və onun həmin vaxt ayıq olmasının müəyyən edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X7 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Belə ki, X1 məhkəmə iclası zamanı təqdim etdiyi “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2023-cü il tarixli, 2/46804 nömrəli aktından görünür ki, o, 20 noyabr 2023-cü il tarixdə, saat 01:30-da ona qarşı törədilməsi istinad edilən inzibati xətadan 3 saat 20 dəqiqə sonra könüllü olaraq müayinədən keçmiş və onun ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, xəta hadisəsindən xeyli müddət keçdiyindən və şəxsin həmin müddət ərzində qəbul etdiyi spirtli içkinin təsirinin aradan qalxa bilməsi ehtimalı real olduğundan qeyd edilən protokolun məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi rədd edilir. Bundan əlavə nəzərə alınır ki, X10 özü könüllü surətdə inzibati xətanın baş verməsindən dərhal sonra tərtib edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda öz əlyazması ilə izahat yazaraq spirtli içki qəbul etdiyini səmimi qəbul etdiyini, içki təsiri altında nəqliyyat vasitəsini idarə etdiyini, yerində müayinə olunduğunu və həkimə ehtiyyac olmadığını qeyd etmişdir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 xətadan xeyli müddət keçdikdən sonra müayinədən keçərək tərtib edilmiş aktı məhkəməyə təqdim etməsini məsuliyyətdən yayınmaq üçün özünümüdafiə xarakterli hərəkət kimi qiymətləndirir. Həmçinin iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3(011)-21/2024 saylı sorğuya cavab məktubundan məlum olur ki, X10 “Respublika Narkoloji Mərkəzi” X11 sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 01:30 radələrində tibbi müayinədən keçmiş, 2/46804 saylı protokol tərtib edilmişdir. Yoxlanılan şəxs ayıq müəyyən edilmişdir. Sərxoşluğun təyini ölçmə vasitəsi alkotester ilə yoxlanılır və yoxlama şəhadətnaməsi “Sınıq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun olaraq akkreditasiya olunmuş yoxlama laboratoriyası tərəfindən verilmişdir. Nəzərə alınmalıdır ki, 1 saat ərzində orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq 0.20 promilə qədər alkoqol orqanizmdən parçalanıb xaric ola bilir. Göstərilən 0.358 promil alkoqolun göstərilən vaxt ərzində 0.00 promilə düşməsi mümkün hal hesab edilir. Bundan əlavə məhkəmə iclasında protokolu tətib etmiş şəxs Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru, polis baş serjantı X9 izahat verərək bildirmişdir ki, X7 19 noyabr 2023-cü il tarixdə, saat 22:10 radələrində “Chevrolet Cruze minik” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi aşkar şəkildə hiss olunduğundan alkotester vasitəsilə onun sərxoşluğu tərəflərindən yoxlanılmış, alkotester ilə yoxlanılarkən onun 0.358 promil içkili olduğu müəyyənləşdirilmiş, X10 isə həkim müayinəsinə getməkdən imtina etmiş və içkili olması barədə protokola qeyd yazaraq imzalamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar