Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2103/2022 21.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, məhkəmə iclasının katibi Güləliyev Rahil Oqtay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə, Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 14 iyun 2022ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 14 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13 iyun 2022-ci il tarixdə Səməd Vurğun küçəsindən Füzuli küçəsi istiqamətində hərəkətdə olarkən, küçənin sonundan sağa Füzuli küçəsinə tərəf dönmüş və yol partul əməkdaşı ona saxla əmri vermişdir. Polis əməkdaşı ona nişan tələblərinin pozmasını bildirmişdir. O, qeyd edilənlərlə razı olmayaraq öz etirazını bildirmiş, belə ki, yerdə qeyd edilmiş xəttlə 5.8.1 nişanı lövhəciyi uyğunsuzluq təşkil edir. Belə ki, 1.18 yol ayrıcısına çatmazdan əvvəl 20-30 metr ara ilə 2 və ya 3 dəfə təkrarlanmalıdır. Yerdə çəkilmiş xəttlər 5.8.1 və 58.2-ci nişanı ilə birgə quraşdırılmalı və aralarında ziddiyətlər olmamalıdır. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında TP ******* saylı 14 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 izahat verərək, Bakı şəhəri DYPİ tərəfindən videogörüntü vasitə ilə sübut edilməsini istəmiş, təqdim edilə bilmədiyi təqdirdə şikayətinin təmin edilməsini xahiş etdi. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 14 iyun 2022-ci il tarixli qərarından görünür ki, X2 13 iyun 2022-ci il tarixdə “Mercedes Benz E220” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə S.Vurğun küçəsi ilə Füzuli küçələrinin kəsişməsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər DYPİyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 14 iyun 2022ci il tarixli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-2103/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2103/2022
21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver