Məhkəmə qərarları › İş №3(011)-2105/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2105/2022

29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2105/2022 29.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, zərərçəkmiş şəxslər X6, X12 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Rusiya Federasiyası anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun xx.xx.2022-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixində saat 23:45 radələrində X7 idarə etdiyi X2 məxsus “BMW minik” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncunun iştirakı ilə sürücü qismində M.Hadi küçəsi ilə Ukrayna dairəsi istiqamətində yolun sağdan 2-ci hərəkət zolağı ilə saatda 80 km surətlə hərəkətdə olarkən, onunla əks istiqamətdə M.Hadi küçəsində hərəkətdə olub geriyə dönərək Ukrayna dairəsi istiqamətində hərəkətini davam edib piyada keçidinin qarşısında saxlayan Şəxs idarə etdiyi “Mercedes C180 minik” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşma baş vermiş, nəticədə sərnişinlər və sürücü xəsarət almışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib əməlindən peşmançılıq çəkdiyini, hadisədən sonra zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək, barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 məhkəməyə təqdim etdiyi ərizəsində, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin tam ödənildiyini qeyd etmiş və buna görə də ona yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 məhkəməyə təqdim etdiyi ərizəsində, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin tam ödənildiyini qeyd etmiş və buna görə də ona yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi ərizəsində, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin tam ödənildiyini qeyd etmiş və buna görə də ona yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana və digər zərəçəkmiş şəxsə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və digər zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 17 fevral 2022-ci il tarixli 181 saylı ekspert rəyinin surətindən görünür ki, X9 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – çənə nahiyəsinin yumşaq toxumasının əzilmiş yarası, sağ dirsək oynağı nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşının digər avtomaşının toqquşması nəticəsində törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 22 fevral 2022-ci il tarixli 202 saylı ekspert rəyinin surətindən görünür ki, Ş.X.Cavadovanın bədənində müəyyən edilmiş xəsarətlər – baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol göz orbitası və gözaltı nahiyədə hematoma ilə qeyd olunan sol göz toxumasının ağlı qişasında qansızma və sol paraorbital (gözətrafı) nahiyədə dərialtı əzilmə bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni sərnişin qismində olduğu minik avtomobilin, hərəkətdə olan digər avtomobilə vurulması nəticəsində törənə bilərdi, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətlərin xarakterinə, lokalizasiyasına və sayına görə həmin xəsarətlərin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. Azərbaycan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2022-ci il tarixli 8/498 saylı ekspert rəyinin surətindən görünür ki, “Mercedes Benz C180 minik” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “BMW minik” markalı **-RN- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2022-ci il tarixli 2/5972 saylı aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Şəxs sərxoş olduğu müəyyən edilməmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara dəymiş ziyanı ödəməsini (İ.X.M 32.1.7) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar