Məhkəmə qərarları › İş №3(011)-2108/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2108/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2108/2024 11.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, Şəxs MMC-nin barəsində Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş 27 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-45/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi borclu hüquqi şəxs Şəxs MMC tərəfindən icra edilmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs MMC-yə yazılı və şifahi xəbərdarlıq edilərək qətnamələrin icraları tələb olunmuşdur. Borclu, Şəxs MMC Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu hüquqi şəxs Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtiib edilmişdir. Beləliklə o, hüquqi şəxs Şəxs MMC-nin barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-45/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabden Şəxs MMC-dən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən binanın C blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan qeyri yaşayış sahəsi üçün ödənilmiş 67400 manat məbləğində pul vəsaitinin tutularaq X3 xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin icra sənədi üzrə yaranmış borc hüquqi şəxs tərəfindən bugünədək tam olaraq ödənilməmişdir. Artıq uzun müddətdir hüquqi şəxs tərəfindən icra sənədi üzrə olan borc məbləği ödənilmədiyindən onlar məcbur qalıb qərarın icrası ilə əlaqədar icra məmuruna müraciət etmişlər. Beləliklə o, Şəxs MMC-nin məhkəmə qərarının icrasından yayındığını bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-45/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Zərərçəkmiş şəxs ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə ləğv olunmuş, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən binanın C blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan qeyri yaşayış sahəsi üçün ödənilmiş 67400 manat məbləğində pul vəsaitinin Şəxs MMC-dən tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-45/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs MMC-nin ünvanına göndərilmişdir; icra ödənişinin alınması haqqında 16 fevral 2022-ci il tarixli qərardan görünür ki, Şəxs MMC-dən 4718 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır; tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi haqqında 19 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs MMC-nin banklarda və digər kredit təşkilatlarında olan manatla və xarici valyuta ilə olan pul vəsaitləri və başqa sərvətləri üzərinə 67400 manat həcmində həbs qoyulması qərara alınmışdır; borc tələbi üzrə pul vəsaitinin alınması haqqında ödəniş qəbzlərindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat və xx.xx.2024-cü il tarixdə 5000 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs MMC məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-45/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs MMC məhkəmə qərarında göstərildiyi qaydada icranı tam olaraq təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Şəxs MMC Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən binanın C blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan qeyri yaşayış sahəsi üçün ödənilmiş 67400 manat məbləğində pul vəsaitinin qalıq qalmış hissəsini X3 xeyrinə ödəməkdən boyun qaçırır, bu hal isə onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs MMC-nin dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə cəzası tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar