Məhkəmə qərarları › İş №3(011)-2114/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2114/2022

15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2114/2022 15.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 03 iyun 2022-ci il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 30994.50 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 20 may 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 30994.50 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, təmsil etdiyi hüquqi şəxs ilə "xxxx" MMC arasında bağlanmış 26 mart 2020-ci il tarixli müqaviləyə əsasən Şəxs MMC sifariş olunmuş mallar ölkəyə idxal olunduqdan sonra 30 gün müddətində onların dəyərini xarici valyuda ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 20 may 2020-ci il tarixli köçürmə haqqında ərizədə "xxxx" ASC tərəfindən texniki səhvə yol verilərək köçürülmüş məbləğin qabaqcadan ödəniş edilməklə ölkəyə mal idxal ediləcəyi qeyd edilmişdir. Lakin 30994.50 Avro məbləğində vəsait 17 aprel 2020-ci il tarixdə ölkəyə gətirilmiş malların əvəzi olaraq xaricə köçürülmüşdür. Həmçinin bu hal malların ölkəyə idxal edilməsinə dair gömrük bəyannaməsində göstərilmiş “120” saylı kodla da öz təsdiqini tapmışdır. Odur ki o, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 may 2020-ci il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30994.50 Avro məbləğində xarici valyutada olan pul vəsaiti 20 may 2020-ci il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür; "xxxx" ASC-nin 26 may 2022-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər banka təqdim edilməmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 03 iyun 2022-ci il tarixli EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 30994.50 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 20 may 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 30994.50 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır; Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış 26 mart 2020-ci il tarixli 024 nömrəli müqavilədən görünür ki, hüquqi şəxs Şəxs MMC sifariş olunmuş mallar ölkəyə idxal olunduqdan sonra 30 gün müddətində onların dəyərini xarici valyuda ödəmək öhdəliyini öz üzərinə götürmüşdür; iş materiallarına əlavə olunmuş **********7609 nömrəli gömrük bəyannaməsindən görünür ki, malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin “çatdırılma şərtləri” qrafasında 120 kodu qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X2 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 03 iyun 2022-ci il tarixli EP seriyalı ******* nömrəli protokolda hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin 30994.50 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 20 may 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 30994.50 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmaması qeyd edilmişdir. Bank tərəfindən verilmiş 20 may 2022-ci il tarixli köçürmə ərizəsində hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin 30994.50 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi qeyd edilmişdir. Lakin, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş, iş materiallarına əlavə edilmiş 26 mart 2020-ci il tarixli 024 nömrəli müqavilədən görünür ki, hüquqi şəxs Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən hüquqi şəxs sifariş olunmuş malların dəyərini ölkəyə idxal olunduqdan sonra 30 gün müddətində ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Odur ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 30994.50 Avro məbləğində xarici valyutada olan vəsait hesabına alınmalı olan mallar ölkəyə idxal olunmuş, daha sonra isə onların dəyəri "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Bu hal iş materiallarına əlavə olunmuş **********7609 nömrəli 17 aprel 2020-ci il tarixli gömrük bəyannaməsi ilə öz təsdiqini tapır. Malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin “çatdırılma şərtləri” qrafasında 120 kodu qeyd edilmişdir və həmin kod isə hüquqi şəxs tərəfindən malların ölkəyə idxal olunduğuna, lakin tərəflərindən həmin malların dəyərinin qabaqcadan ödənilmədiyinə dəlalət edir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli, 100/143 saylı sərəncamı ilə təsdiq edilmiş Gömrük bəyannamələrinin doldurulması qaydasının metodikasının “çatdırılma şərtləri” adlı 20-ci qrafasında qeyd edilmişdir ki, “120” saylı kod ölkəyə idxal olunmuş malın dəyərinin ödənilməməsini bildirir. İş materiallarına əlavə edilmiş gömrük bəyənnaməsindən və köçürmə haqqında ərizədən görünür ki, 17 aprel 2020-ci il tarixdə mallar ölkəyə idxal edilmiş, 20 may 2022-ci il tarixdə isə malların əvəzi olaraq 30994.50 Avro ödənilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 30994.50 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 20 may 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara köçürdükdən sonra ödənişin aparıldığı gündən daha əvvəl malların idxal edilməsi barədə gömrük bəyannaməsini banka təqdim etməsinin müəyyən edilməsini, bu halın tərəflər arasında bağlanmış müqavilə ilə də öz təsdiqini tapmasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar