Məhkəmə qərarları › İş №3(011)-2123/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2123/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2123/2024 24.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 5000 manat məbləğində cərimə olunmuşdur. Cəriməyə səbəb ünvan 1 ünvanında yerləşən “Onsa” gözəllik salonunda lisenziya olmadan lazer epilyasiyası aparatından istifadə edilməsidir. Həmin “Onsa” gözəllik salonu onun adına olsa da faktiki olaraq qızı X3 işlədir. O, lazer epilyasiyası aparatının gözəllik salonuna qoyulmasından, istifadə olunmasından xəbərsiz olmuşdur. Qızının dediyinə görə həmin aparat yenicə alınmış və quraşdırılmışdır. Məhkəmə iclasında X4 şikayətdə qeyd olunanlara uyğun izahat vermiş və əlavə olaraq yoxlama zamanı iştirakının təmin edilməməsini, izahatının alınmamasını, bununla da kobud şəkildə hüquqlarının pozulmasını bildirmişdir. Ümumiyyətlə heç bir inzibati xəta törətmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və yenidən baxılması üçün AR Səhiyyə Nazirliyinə qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən “Onsa” gözəllik salonu atası X2 adına olsa da, həmin salonu o işlədir. 15 aprel 2024-cü il tarixdə AR Səhiyyə Nazirliyi tərəfindən salona baxış keçirilmiş və lisenziya olmadan lazer epilyasiyası aparatından istifadə olunduğu bildirilmiş, daha sonra atası X4 barəsində 07 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin lazer epilyasiyası aparatının qeydiyyatının olmamasından, salona gətirilməsindən və istifadəsindən atası X2 ümumiyyətlə xəbəri olmamışdır. Həmçinin həmin lazer epilyasiyası aparatının lisenziyasız olmasından onun da məlumatı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına təkrar gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Onsa” gözəllik salonunda lisenziya olmadan özəl tibb fəaliyyəti göstərilməsi faktı aşkar edilmiş və vəzifəli şəxs X4 barəsində 5.000 manat məbləğində cərimə tənbeh tədbiri təyin edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9. yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı məlum oldu ki, inzibatı xətanın mövcudluğu yəni “Onsa” gözəllik salonunda lisenziya olmadan özəl tibb fəaliyyəti göstərilməsi faktı inkar edilmir və müzakirə olunmur. Lakin xətanın X4 tərəfindən törədilmədiyinə istinad edilir. X4 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar inzibati xətanı törətmiş şəxs barəsində qəbul olunmamışdır. Belə ki gözəllik salonu barəsində inzibati icraat aparılan şəxsin və şahidin izahatından da göründüyü kimi X2 adına rəsmiləşdirilsə də faktiki olaraq X3 tərəfindən idarə olunur. İnzibati tənbeh vermə haqqında qərar kifayət qədər araşdırılma aparılmadan, inzibati tənbeh tədbiri tətbiq olunan şəxsin izahatı alınmadan qəbul olunmuşdur. Xətanın məhz kim tərəfindən törədilməsi araşdırılmamışdır. İnzibatı xətanın X4 tərəfindən törədilməsini təsdiq edən heç bir sübuta istinad edilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, izahat alınmadan, araşdırma aparılmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar